Azərbaycanın ABŞ-dakı səfiri “Newsmax” saytında Ermənistanın son təxribatlarından yazıb

11:04 06.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “Newsmax” saytında məqalə ilə çıxış edib.

Səfirlikdən hafta.az-a verilən məlumata görə, məqalədə bildirilir:

“İyul ayında Ermənistan və Azərbaycan arasında son döyüşlər koronavirus pandemiyasının pik dövrü və bir çox dövlətlərin öz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinə fokuslandığı bir zamanda baş verdi. 

Ermənistanın özünün koronavirus böhranı yaşayamasına baxmayaraq, bu onu Azərbaycana qarşı beynəlxalq sərhəd boyunca Tovuz rayonu istiqamətində hücuma başlamaqdan çəkindirmədi.

Ermənistanın hücumunun Azərbaycanın işğal olunmuş ərazilərindəki təmas xəttindən yüzlərlə mil şimalda olması son təcavüzün arxasında dayanan niyyətlərini açıq şəkildə göstərir”.

Səfir qeyd edib ki, həlli uzanan Ermənistan-Azərbaycan münaqişəsi böyük Avrasiya regionunda sülhə və təhlükəsizliyə əsas təhdid olaraq qalmaqdadır. Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq tanınmış ərazisinin 20 faizinin qanunsuz işğal olunması və etnik təmizləməyə məruz qalması bir milyon insanı məcburi köçkün etməklə ağır humanitar böhrana səbəb olub.

“Bu gün 30 il sonra  məcburi köçkünlər öz evlərinə qayıda bilməyərək hələ də didərgin yaşayırlar.

Ermənistan qoşunlarının dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və çoxsaylı digər beynəlxalq sənədlərə baxmayaraq, Ermənistan beynəlxalq hüququn prinsiplərinə və Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk Qrupunun danışıq səylərinə məhəl qoymur.

Faktiki olaraq, Ermənistanın son əməlləri və bəyanatları mövcud danışıqlar formatını açıq şəkildə pozur və sülh prosesi üçün real perspektivlərə zərbə vurur.

Formal müstəqilliyinə baxmayaraq, Ermənistan qonşu ölkələrlərlə daimi münaqişələr və xarici asılılıq nəticəsində heç zaman tam suverenlik qazanmayıb.

Onun sərhədlərinə Rusiya sərhəd keşikçiləri nəzarət edir, ərazisində xarici hərbi baza yerləşir və öz iqtisadiyyatı üzərində minimal nəzarətə malikdir.

Bu gün Ermənistan heç bir strateji dəyərə malik olmayıb, inteqrasiya və inkişafa doğru addımlar atmağa qadir olmayaraq keçmiş Sovet İttifaqının sonuncu qalıqlarındandır. Eləcə də, Ermənistan cəmiyyəti anti-semitizm, nasistlərlə əməkdaşlıq və Yaxın Şərq terrorist qruplaşmaları ilə münasibətlər kimi problemlərlə hələ də üzləşməkdədir. 

Ölkədən emiqrasiya səviyyəsi yüksək olan Ermənistan son zamanlarda qlobal səviyyədə ən qəzəbli ölkə olaraq qiymətləndirilib. Bəzi hallarda bu qəzəb ölkə sərhədləri xaricində də özünü göstərir”.

Məqalədə qüyd olunur ki, son günlərdə Los Anceles Polisi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun qarşısında baş verən etiraz aksiyası zamanı kiçik qrup azərbaycanlılara qarşı erməni radikalları tərəfindən şiddətli hücuma görə nifrət zəminində cinayət araşdırmasına başladılıb: “Xəritəyə bir baxış Ermənistanın məsuliyyətsiz militarist yanaşmasının fəsadlarının daha geniş olduğunu göstərir.

Cənubi Qafqaz bölgəsi Ermənistan, Azərbaycan və Gürcüstandan ibarət olmaqla dünyanın vacib strateji ərazilərindəndir. Misal üçün, Azərbaycan dünyada Rusiya və İranla həmsərhəd olan yeganə ölkədir və İsrailin vacib dost və tərəfdaşıdır. 

Bundan əlavə, Azərbaycan Avropa və Asiya arasında əvəzsiz bağlılıq yaradır və paytaxt Bakı şəhəri Bakı-Tbilisi-Ceyhan (BTC)  neft kəmərinin başlanğıc nöqtəsidir. BTC İsrailin illik neft  təchizatının 40 fazini təmin edən və vaxtilə Ceyms Bondun “Dünya yetərli deyil” filmində yer alan neft kəməridir.

Azərbaycandan başlayaraq altı ölkəni, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən Cənub Qaz Dəhlizi də öz başlanğıcını Bakının yaxınlığından götürür. Bu boru kəmərləri, eləcə də Asiyanı Avropa ilə birləşdirən dəmir yolu xəttləri və NATO hava qüvvələri üçün Əfqanıstana uçuş dəhlizi Ermənistan tərəfindən hücum edilmiş ərazinin yaxınlığından keçir.

İnkişaf və əməkdaşlığa heç bir töhfə verməyən Ermənistan bir daha qlobal əhəmiyyət daşıyan enerji infrastrukturu və regional təhlükəsizliyə təhdid yaratmaqla özünü gündəmdə saxlamağa çalışır”.

Səfir məqalədə vurğulayır ki, Ermənistan hərbi qüvvələri fəaliyyətə başlamasına bir neçə ay qalmış Cənub Qaz Dəhlizindən 15 mil məsafədə yerləşən əraziyə hücum edir.

“Ermənistan sərhəd boyunca Azərbaycan ordu hissələrini  sərhəd qoşunları ilə əvəz etdiyi əraziyə hücum etmiş, mülki yaşayış evlərini mərmi atəşinə tutmuş və nəticədə  itki və zərərlərə səbəb olmuşdur. 

Təmas xəttindən uzaqda beynəlxalq sərhəd boyunca hücuma keçən Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində müqavilə müttəfiqlərinin dəstəyinə ümid edirdi. Lakin Ermənistanın münaqişənin əhatə dairəsini genişləndirmək cəhdi baş tutmadı və ədavətin kimin başlaması aydın olduğundan KTMT Ermənistanın dəstək xahişini rədd etdi.

Ermənistan rəhbərliyi dövlət katibi Pompeonun substantiv sülh danışıqları çağırışlarına məhəl qoysa  və Azərbaycanla məzmunlu danışıqlara cəlb olunsa idi Ermənistan xalqının daha parlaq gələcəyini və bütün Cənubi Qafqaz regionunda davamlı sülhü təmin edərdi. Əksinə, Ermənistan firavanlığın və regionun təhlükəsizlik arxitekturasının vacib elementlərinə təhdid yaratmaqla özünü bir daha destruktiv bir qüvvə kimi göstərdi.

Beynəlxalq ictimaiyyətin nümayəndələri rəsmi Yerevana sülhün dividentlərinin zəngin olmasını və təcavüzün nəticələrinin getdikcə artmasını izah etməklə Ermənistan xalqına kömək olmalıdır”, - deyə məqalədə bildirilir.

Oxunma sayı 2037
Siyasət rubrikasından digər xəbərlər