Azərbaycanın meşə fondu zənginləşdirilir  

19:55 27.04.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər Azərbaycanın meşə fondunun zənginləşdirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Qeyd edək ki, təkcə 2019-cu il ərzində meşə və qeyri-meşə fondu torpaqlarında zeytun, badam, tut, xurma, ərik, heyva, iydə, qoz, fındıq, cökə, ərik, şabalıd, qarağat, nar, alma, alça, gavalı, şam, tuya, sərv, akasiya, katalpa, çinar, ağcaqayın və s. cinslərdən ibarət 1 764 min ağac əkilib. Eyni zamanda, meşə və qeyri-meşə fondu torpaqlarından daha səmərəli istifadə edərək əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək məqsədilə açıq meşə sahələrində 642 ha ərazidə aqrobağlar salınıb. Bununla yanaşı, aqrobağların salınması məqsədilə fiziki və hüquqi şəxslərə 7 619,7 ha ərazi icarəyə verilib.

Məlumat üçün onu da bildirək ki, Azərbaycan Respublikasının Meşə Məcəlləsinə görə, ölkə ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir. Meşə fondunun sərhədləri meşə fondunun torpaqlarını digər torpaqlardan ayıran hüdudlarla müəyyən edilir. Torpaqların meşə fonduna daxil edilməsi və oradan çıxarılması Azərbaycan Respublikasının meşə qanunvericiliyi və torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Meşə torpaqlarına meşə bitkiləri ilə örtülü olan torpaqlar və bu bitkilərlə örtülü olmayan, lakin meşələrin bərpası üçün nəzərdə tutulmuş torpaqlar (meşələşməmiş qırma sahələri, yanğın yerləri, seyrəkliklər, talalar, qurumuş ağaclıqlar, tinglik sahələri, çətiri birləşməmiş meşə əkinləri və digərləri) aid edilir. Qeyri-meşə torpaqlarına meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar (kənd təsərrüfatı torpaqları, meşə mərzləri, yollar altında olan torpaqlar və digər torpaqlar), habelə meşə fondunun sərhədləri daxilində yerləşən sair torpaqlar (bataqlıqlar, daşlıqlar, qayalıqlar yerləşən və istifadə üçün əlverişsiz başqa torpaq sahələri) aid edilir. Meşə fondunun sahələrinə meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri aiddir.

Sənəddə qeyd olunub ki, meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Meşə istifadəçisi Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və şərtlərlə istifadəyə verənin razılığı ilə meşə fondu sahəsindən istifadə hüququnu özünün hüquqi varisi olmayan şəxsə müqavilə əsasında verə bilər. Meşə istifadəçisi olan şəxs vəfat etdikdə ona məxsus istifadə hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada başqa şəxslərə keçə bilər.

Meşə istifadəçisi olan hüquqi şəxs yenidən təşkil edildikdə ona məxsus istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yeni yaranan hüquqi şəxsə keçir. Meşə fondu sahələrindən (torpaqlarından) istifadə hüququnun başqasına keçməsi müqaviləyə, meşəqırma biletinə, orderə, meşə biletinə dəyişikliklər etmək yolu ilə rəsmiləşdirilir.

Digər tərəfdən, meşə istifadəçiləri meşə fondu sahələrindən istifadə hüququnu o vaxt sərbəst həyata keçirirlər ki, bu, meşələrin və meşə fondu torpaqlarının vəziyyətini pisləşdirməsin, ətraf mühitə zərər vurmasın, habelə başqa şəxslərin qanuni mənafelərinə xələl gətirməsin. Azərbaycan Respublikasında meşə qanunvericiliyinin tələblərinə zidd məqsədlər və üsullar ilə meşə fondu sahələrindən istifadə qadağandır. Bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanlarının meşə fondu sahələrindən istifadə sahəsində meşə istifadəçilərinin fəaliyyətinə qarışmasına yol verilmir.

Meşələrin, habelə meşə ilə örtülü olmayan meşə fondu torpaqlarının səmərəli istifadəsini, mühafizəsini, qorunmasını və bərpasını, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək, əhalinin sağlamlığını, ətraf mühiti, tarixi-mədəni və təbii irsi, fiziki şəxslərin hüquqlarını və qanuni mənafelərini qorumaq zərurililiyi yarandığı hallarda meşə fondu sahələrindən istifadə hüququ qanunvericiliklə müəyyən olunmuş qaydada məhdudlaşdırıla və dayandırıla bilər.

Qeyd edək ki, dövlət başçısının 2017-ci il 9 mart tarixli 2718 nömrəli sərəncamı ilə meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək, həmçinin sahibkarlara əlverişli şərait yaratmaq məqsədilə Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 22-ci maddəsində dəyişikliklər edilərək meşə fondu torpaqlarının icarə müddəti 10 ildən 49 ilədək artırılıb. Sənədə əsasən, meşə fondu torpaqlarının icarə müqaviləsi əsasında əldə edilmiş meşə sərvətləri (məhsul) icarəçinin mülkiyyətidir. Meşə fondu torpaqlarının subicarəsi qadağandır.Meşə fondu torpaqlarının icarəyə verilməsi bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Meşə fondu torpaqlarının icarə müqaviləsinin şərtlərinə gəlincə, icarə müqavilələrində icarəyə verilən sahənin sərhədləri, işin həcmi (ölçüləri), icarənin müddəti, icarə haqqının miqdarı və onun ödənmə qaydası, icarəyə verilən sahənin mühafizəsi, qorunması və bərpası sahəsində tərəflərin öhdəlikləri, Azərbaycan Respublikasının meşə qanunvericiliyi və tərəflərin razılığı ilə nəzərdə tutulmuş başqa şərtlər göstərilməlidir. Meşə fondu torpaqlarının icarəyə verilmə qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Meşə fondu torpaqlarının icarəyə verilməsi aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla həyata keçirilməlidir.

Bütün bunlar nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeyd olunan sərəncama uyğun olaraq meşə fondunun açıq sahələri icarəyə verilir. Mütəxəssislərin fikrincə, bu da meşə örtüyünün artması ilə yanaşı yeni iş yerlərinin açılmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və ərzaq təhlükəsizliyinə töhfə verəcək. Həmin sərəncama müvafiq olaraq sahibkarlar, fiziki və hüquqi şəxslər görüləcək işlərin plan-layihəsini nazirliyə təqdim etməklə meşə fondunun açıq sahələrini icarəyə götürə bilər. Bunun üçün meşə fondunun açıq sahələrini icarəyə götürmək istəyənlər ETSN-də yaradılmış xüsusi komissiyaya müraciət etməlidirlər.

Yeri gəlmişkən, hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8 faizini təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44, Latviyada 41, Gürcüstanda 39 faiz təşkil edir. Ölkəmizin meşə ehtiyatının 49 faizi Böyük Qafqaz regionunun, 34 faizi Kiçik Qafqaz regionunun, 15 faizi Talış zonasının və 2 faizi Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Azərbaycanda adambaşına 0,12 ha meşə sahəsi düşür. Hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal altındadır.

Meşələr bir növ rütubət toplayıcısı rolunu oynayır və düzənliklərə suyun paylanmasını tənzimləyir, onu nisbətən tarazlaşdırır. Bununla yanaşı, meşələr dağlıq rayonlarda torpaq sürüşməsi və dağ uçqunlarının qarşısını alır. Eyni zamanda, meşələr fitonsit xüsusiyyətinə malikdir, onlar zərərli mikroorqanizmləri məhv edir. Meşələr bitkiləri, torpağı, su hövzələrini, yolları, yaşayış məntəqələrini, abidələri, təbii amillərin zərərli təsirindən qoruyur, mikroiqlimi dəyişir, quru, isti, güclü küləklərin təsirini azaldır. Meşələr dərə, yarğan və hərəkət edən qumları bərkidir, qar örtüyünün bərabər yayılması və tədricən əriməsinə imkan yaradır, buxarlanmanı zəiflədir, qrunt sularının səviyyəsini endirir. Bütün bunlarla yanaşı, meşələrin təbiətdə ən böyük rolu - hər hektarın il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen ixrac etməsidir. 1 ha meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur, bu da 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 78
Sosial rubrikasından digər xəbərlər