“Azərbaycanın Qarabağı yenidən nəzarətə götürmək şansı böyükdür” – Türkiyəli politoloqlar

13:40 28.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ermənistan ordusunun otuz ilə yaxındır ki, işğal altında saxladığı Azərbaycan torpaqlarında mütəmadi şəkildə hərbi təxribatlar törətməsi, son olaraq dünən səhər saat 6-dan başlayaraq növbəti belə hücumları, nəhayət, səbrimizi daşırdı. Həmin andan Azərbaycan ordusu əks-hücum əməliyyatlarına start verərək, düşməni geri çəkilməyə vadar edir.

Son məlumata görə, Ermənistan ordusunun canlı itkiləri 550 nəfərdən artıqdır, hərbi texnika itkisi də çox yüksəkdir. İndiyədək tərəfləri açıq savaşa girməyə imkan verməyən Rusiya, Qərb, indi sadəcə danışıqlara qayıtmağa səsləməkdədir. Əvvəlki vaxtlarda olduğundan daha bir fərq də budur ki, bu gün Türkiyə Azərbaycanı açıq-aşkar müdafiə edir, necə deyərlər arxasında dayanıb. Eynən Pakistan və Ukrayna da Azərbaycana açıq dəstək verməkdədir. Bu gün bütün dünya qardaş Türkiyə dövlətinin Azərbaycanla əvəzsiz həmrəyliyindən danışır. Maraqlıdır. bəs bütün bu proseslərlə bağlı müstəqil ekspertlər nə fikirləşir?

Türkiyədə fəaliyyət göstərən Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Vəqfinin (SETA) Təhlükəsizlik Araşdırmaları bölməsinin rəhbəri, doktor Murat Yeşiltaşın qənaətincə, döyüşlər indiki sürətilə davam edərsə, hərbi proses uzun müddət davam edəcək və genişmiqyaslı müharibəyə çevriləcək. Nəticədə isə, Azərbaycanın Qarabağ bölgəsini yenidən nəzarətə götürmək şansı böyükdür.

Mütəxəssis bu fikirdədir ki, təxminən otuz ildir davam edən bu münaqişənin həll olunmamasının yeganə səbəbi Ermənistanın sülh yolunu tutmaması və güzəştə getmək istəməməsidir. “Azərbaycan xalqı və dövləti onillərdir sülh yolunu tutdu, amma daha yoruldu, onlar gördülər ki, güc tətbiq etmədən torpaqları işğaldan azad etmək mümkün olmayacaq. Ermənistanın sürəkli şəkildə qarşı tərəfi döyüşə təhrik edən davranışları bugünki nəticəyə gətirib çıxarıb. Ötən aylarda Ermənistan ordusunun bölmələri Tovuz rayonuun əraizinə hücum etdilər və sülhə meyl etmədiklərini bird aha ortaya qoydular. Azərbaycan da qəti əmin oldu ki, sülh yolunu seçmək əbəsdir” deyən Yeşiltaşa görə, Azərbaycan ermənilərin hər cür təxribatlarına qarşılıq verməklə sadəcə öz təbii haqlarını müdafiə edir.

Politoloqun dediklərindən: "Texniki olaraq özünü yeniləyən, təmin edən Azərbaycanın Ermənistanın hücumlarını artıq cavabsız qoyacağını düşünmək gülünc olardı. Vəziyyət başqadır, indi daha güclü inam və iradə var Azərbaycan əsgərində. Məncə, Azərbaycanın yenidən təhrik edilməsi Dağlıq Qarabağın geri alınması prosesini başlada bilər. Azərbaycan çox hazırlıqlıdır və ilk dəfədir ki, ermənilərə inanılmaz dərəcədə güclü zərbə vurmaqdadır”.

Qafqazda baş verənlərin Türkiyənin regional mövqeyini dəyişmək üçün diqqətini dağıtmaq məqsədi güddüyünə dair türk düşmənləri tərəfindən yayılan fikirlərə cavab verən Yeşiltaş deyir ki, Ermənistanın Azərbaycana qarşı bütün təxribatlarının mütləq bir məqsədi olub. Bu da ola bilər ki, Türkiyənin diqqətini Qafqaza yönəltsinlər. “Çünki türkiyə Suriyada, Liviyada Rusiya ilə, Şərqi Aralıq dənizində, Egeydə Yunanıstan və onun timsalında Fransa, Avropa İttifaqı ilə problemləri var. Amma bu günlərdə Yunanıstanla danışıqlara başlama ehtimalı ortaya çıxdı. Güman ki, indi də Ermənistanın radikal hərəkəti sayəsində Ankaranın başını Qafqazda qarışdırmaq istəyirlər. Amma Türkiyə Qafqaza diqqət yönəltsə də, Orada Yunanıstandan heç də zəif olmayan qardaş dövlət Azərbaycan var və bu qarışıqlıq fonunda Türkiyə ilə azərbaycan hərbi baxımdan daha da birləşə bilərlər. Bu da nəinki Türkiyəni zəiflətməyəcək, əksinə, gücünə güc qatmış olacaq” deyən Yeşiltaşın fikrincə, bu gün azərbaycan sahib olduğu təbii sərvətləri, iqtisadi imkanları ilə Ermənistandan xeyli irəlidədir. Ermənistan sadəcə hər fürsət düşəndə çalışır ki, hansısa istiqamətdə hücum edib azərbaycana zərər yetirsin.

Yeşiltaş bildirir ki, bu gün Ermənistan hakimiyyəti daxildə xalqı və xarici ölkələrdəki erməni diasporlarını Azərbaycana qarşı mövqe sərgiləməyə, azərbaycanlılara qarşı daha sərt olmağa təşviq etməkdədir. "İki ölkə arasında hazırda dar əhatəli silahlı toqquşma baş verir. Amma bunun daha geniş əhatəli toqquşmaya çevrilmə ehtimalı var. Əlbəttə, bunun olub-olmamasında böyük dövlətlərin – Türkiyə, Rusiya və ABŞ-ın mövqeyi əsas rolu oynayacaq. Onlar tərəfləri daha təsirli və konkret nəticə verəcək danışıqlar prosesinə cəlb edərlərsə, müharibə dayanar. əks halda proseslər daha da genişlənəcək. Bu halda isə, Azərbaycanın öz torpaqlarını geri alma ehtimalı çox böyükdür", - deyir doktor Yeşiltaş.

Rusiya Araşdırmaları İnstitutunun direktoru, professor Salih Yılmaz da Azərbaycanın gözlənilmədən əks hücuma keçməsini müsbət qarşıladığını və prosesi davam etdirməsini vacib bildiyini deyib. “Əməliyyatlar uzandıqca beynəlxalq aləmdən atəşkəs çağırışlarının sayı da artacaq. Ona görə də Azərbaycan bunu özünə sual verməlidir: Mənim torpağımı məndən başqa kim qurtaracaq? Məlumdur ki. xalq cəbhədən zəfər xəbərləri gözləyir” deyən Yılmaza görə, Rusiya azərbaycana bu hücumları həyata keçirmək üçün icazə verib. “Dağlıq Qarabağ xaricindəki beş rayonun işğaldan azad edilməsi üçün icazə verilib. Rusiya bununla Paşinyana qulaqburması vermək istəyir” deyib professor.

Politoloq bildirib ki, Azərbaycanın həyata keçirdiyi əməliyyatlar tam qanunidir və beynəlxalq hüquqa cavab verir. Çünki öz torpaqlarını azad edir. Əgər Rusiya açıq müdaxiləyə cəhd edərsə, NATO və ABŞ mütləq hansısa formada bölgəyə gələcək.

Oxunma sayı 1884