Azərbaycanın təbii sərvətləri talan olunur...

11:36 29.10.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Təcavüzkar Ermənistan uzun illər Dağlıq Qarabağ və ətraf rayonları işğal altında saxlamaqla beynəlxalq birliyin nəzarətindən kənar bölgəyə çevrilən bu ərazilərdə qanunsuz fəaliyyətlə, o cümlədən təbii sərvətlərin talan olunması, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunanın məhvi, narkotik vasitələrin əkilib-becərilməsi və qanunsuz dövriyyəsi ilə məşğul olub. Hafta.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib. Onun sözlərinə görə, işğal nəticəsində nəzarətdən kənarda qalmış ərazilərimiz narkotik bitkilərin əkilib-becərilməsi, daşınması kimi qanunsuzluqlarla bərabər ekoloji, iqtisadi və digər cinayətlər üçün əlverişli zonaya çevrilmişdi: “Erməni işğalçılarının bölgənin ekoloji təhlükəsizliyinə təhdid yaradan qanunsuz fəaliyyətləri bir çox beynəlxalq konvensiyaların, o cümlədən Ermənistanın da üzv olduğu BMT-nin Bioloji müxtəliflik haqqında, Səhralaşmaya qarşı mübarizə haqqında və digər beynəlxalq razılaşmalardan irəli gələn öhdəliklərin kobudcasına pozulmasıdır”.

Nazir müavini qeyd edib ki, Ermənistan su ehtiyatları ilə bağlı da uzun illər terrorçu fəaliyyətini davam etdirib. Ərazilərdəki çaylar və digər su mənbələri çirkləndirilib, cəbhəboyu yaşayan əhalinin su anbarlarından istifadəsinə imkan verilməyib. Həmçinin su anbarları vasitəsilə həyata keçirilən ekoloji terror yaxınlıqda məskunlaşan əhali üçün ciddi təhlükə yaradıb. Belə ki, suya tələbatın daha çox olduğu əkin-biçin mövsümündə su anbarlarının qarşısı kəsilərək sudan istifadədə maneələr yaradılıb, kəskin su çatışmazlığı torpaqların deqradasiyası ilə nəticələnib. Suya ehtiyac olmayan mövsümlərdə isə anbarlardan böyük həcmdə suyun buraxılması ətraf rayonların təsərrüfatlarına ciddi ziyan vurub. Həmin faktları nəzərə alaraq, Avropa Şurası Parlament Assambleyası tərəfindən 2016-cı ildə Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 nömrəli qətnamə qəbul edilib. Qətnamədə Ermənistan silahlı qüvvələrinin həmin regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat işlərinin aparılmasının təmin edilməsi tələb olunub.

F.Əliyevin sözlərinə görə, müxtəlif konvensiyaların tələblərinə və həmin qətnaməyə Ermənistan tərəfindən təəssüf ki, bu günədək məhəl qoyulmayıb: “İşğal altında olan ərazilərdə ətraf mühitə ciddi ziyan vurulması, təbii sərvətlərin talan edilməsi və digər qanunsuz fəaliyyətlər bu gün bir daha bütün dünyanın, beynəlxalq təşkilatların diqqətinə çatdırılmalı, işğalçı Ermənistan tərəfindən törədilən bu ağır ekoloji cinayətlərə nəhayət ki, son qoyulmalıdır”.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov da bildirib ki, təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə həyata keçirilən kortəbii istismar nəticəsində bölgənin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə külli miqdarda zərər dəyib, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimiz məqsədli şəkildə məhv edilib.

O qeyd edib ki, landşaft müxtəlifliyi baxımından əlverişli olan bu ərazilərdə işğala qədər 2000-dən çox ali bitki növü mövcud olub ki, bu da Azərbaycan florasının 42 faizini təşkil edir. Bölgədəki 50-yə yaxın fauna, 70-dən çox flora növü dünyanın, eyni zamanda Azərbaycan Respublikasının Qırmızı Kitablarına salınıb. Təəssüf ki, həmin növlərin hazırki vəziyyəti barədə əlimizdə heç bir dəqiq məlumat yoxdur:

“Ərazidə rast gəlinən bitki növlərindən 20-si Azərbaycan areallı endem bitkilərdir. Bu endem bitkilərin 7 növünə (Qarabağ tülpanı, Qarabağ güləvəri, Zəngilan gəvəni, Sağsağan gülxətmisi, Şuşa vələsi, Şuşa xaşası və Şuşa gəvəni) yalnız Dağlıq Qarabağ ərazisində rast gəlinir”.

Nazir müavini qeyd edib ki, füsünkar Qarabağın xüsusi mühafizə olunan təbiət ərazilərindən olan Bəsitçay, Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında işğala qədərki dövrlərdə Qarabağımızın rəmzi olan Xarı bülbüllə yanaşı, Şərq çinarı, Əkin şabalıdı, Şuşa vələsi, Vələsyarpaq azat, Giləmeyvəli qaraçöhrə və digər nadir ağac növləri qorunurdu.

Eyni zamanda V.Kərimov onu da bildirib ki, respublikamızın meşə ilə örtülü sahələrinin 25 faizi işğal altında olan ərazilərdə yerləşir və əldə olunan məlumatlara görə qiymətli meşələrin əksəriyyəti erməni vandalizmi nəticəsində məhv edilib: “İşğaldan azad olunmuş ərazilərdə aidiyyəti qurumlarla birgə genişmiqyaslı monitorinqlər aparılacaq, bölgənin ətraf mühitinə, təbii sərvətlərinə, landşaftına və meşələrinə, həmçinin bitki və heyvanat aləminə dəymiş ziyanın hərtərəfli qiymətləndirilməsi həyata keçiriləcək”.

Mövzu ilə bağlı hafta.az-a danışan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor İslam Mustafayev da qeyd edib ki, işğal altındakı Azərbaycan torpaqları ermənilər tərəfindən vəhşicəsinə istismar olunub:

“Məsələn, işğal olunmuş ərazilərdə 260 min hektar unikal meşə sahələri vəhşicəsinə istismar olunmuş və təbiətə güclü ziyan dəyib. Həmin meşələrdə 70 endemik ağac növü, Azərbaycan Respublikasının Qırmızı Kitabına salınan 24 fauna və 27 flora növü olub. Ümumilikdə sahəsi 43000 ha olan 6 qorunan ərazi - Bəsitçay və Qaragöl təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı yasaqlıqları viran edilib. Biz bunu işğaldan azad olunmuş torpaqlarımızdan paylaşılan videolarda daha aydın görürük. Demək olar ki, ermənilərin ekoloji terroru nəticəsində həmin ərazilərdə relyef dəyişikliyi baş verib və səhralaşma müşahidə olunur. Bu çox böyük cinayətdir. Digər tərəfdən,10 su anbarı, o cümlədən Sərsəng Su Anbarının çirkləndirilməsi və suyunun məhdudlaşdırılması aşağı axında yerləşən 400 min nəfər Azərbaycan əhalisinin su ehtiyaclarının qarşılanmasına imkan verməyib. Tərtər çayı Kəlbəcərdə istismar olunan qızıl mədənlərinin toksik ağır metalları ilə çirklənib, Arazın qolları Qafan-Qacaran mədən sənayesi nəticəsində, Qubadlı, Zəngilan, Cəbrayıl, Fizuli rayonları isə müxtəlif səbəblərdən güclü ekoloji çirklənməyə məruz qalıb. Təbii ki, həmin ərazilərdə ekoloji durumun yaxşılaşdırılması üçün xeyli vaxt tələb olunacaq".

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanov da hesab edir ki, 30 ilə yaxın müddətdə ermənilər təkcə Azərbaycan əhalisinə qarşı deyil, həm də təbiətinə qarşı terror törədib:

“Ermənistan Azərbaycanın torpaqlarını işğal etməklə yanaşı, onun təbii sərvətlərinə də ziyan vurub. Belə ki, meşələr qırılaraq, yandırılaraq məhv edilib, yeraltı təbii sərvətlər Ernənistan məhsulu adı altında xaricə idxal olunub. Bunun bariz nümunəsi də Azərbaycanın qızıl yataqlarının işlənməsi ilə bağlı gördükləri əməllərdir. Hər kəsə məlumdur ki, Azərbaycanın hələ işğaldan qabaq ABŞ-ın bir neçə şirkətləri ilə qızıl yataqlarının işlənməsinə dair müəyyən müqavilələri olub. Təəssüf ki, ABŞ həmin müqavilələrin həyata keçməsi ilə bağlı Ermənistana qarşı iradları olmadı. Bu azmış kimi Ermənistan neçə il keçdikdən sonra Azərbaycanda qızıl yataqlarının işlənməsinə dair müəyyən layihə həyata keçirdi. Məlum məsələdir ki, Ermənistanda qızıl yataqlarının istismarı ilə əlaqədar nə vəsait, nə də bu sahədə hər hansı layihənin icrası üçün müasir standartlara cavab verən texnologiya yoxdur. Onlara dəstək verən dövlətlər, o cümlədən Rusiya Ermənistanın bu fəaliyyətinə razı olurlar. Təbii ki, bu ikili standartlardır. Azərbaycan daim bu istiqamətdə müəyyən tədbirlər həyata keçirsə də , azğınlaşmış ermənilər heç kimə, yəni beynəlxalq sazişlərə, konvensiyalara əməl etmədən öz yaramaz niyyətlərini həyata keçirmək üçün müəyyən işlər görürlər. Düzdür, indi hərbi əməliyyatlarla bağlı Rusiya şirkəti Kəlbəcərdəki fəaliyyətini dayandırıb. Amma indiyədən bu şirkətlər Azərbaycanın razılığı olmadan həmin ərazilərdən milyardlarla dollar qazanc əldə ediblər. Təbii ki, Azərbaycanın hər şeydən xəbəri var . Bununla bağlı kifayət qədər faktlar mövcuddur və biz bu məsələyə biganə qalmayacağıq. Azərbaycan höküməti təbii sərvətlərini istismar edən şirkətlərin beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasının təmin olunmasına çalışacaq” .

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Oxunma sayı 4203
Sosial rubrikasından digər xəbərlər