Azərbaycanın yeni “Qırmızı Kitab”ı hazırlanır

11:54 22.10.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Yeni nəşrə işğaldan azad olunan ərazilərimizdəki nadir və nəsli kəsilməkdə olan növlərin daxil edilməsi planlaşdırılır

Erməni işğalçılarının tapdağı altında qalmış 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib. Hafta.az-ın məlumatına görə, bunu Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Beynəlxalq bitki sağlamlığı ili”nə həsr olunmuş bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda regional tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, işğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i dünyanın heç bir yerində təbii halda bitməyən endemik bitkilərdir: "İşğal altında olan Dağlıq Qarabağ və ətraf rayonların florası barədə geniş məlumatlar yoxdur. Bunu nəzərə alaraq, həmin ərazilər tezliklə işğaldan azad olunandan sonra nadir və nəsli kəsilməkdə olan flora növlərinin araşdırılmasına başlanılacaq. Bu məqsədlə Azərbaycan Respublikası “Qırmızı Kitabı”nın III nəşrinin hazırlanması və nəşri hazırlanır".

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası "Qırmızı Kitab"ı - ölkə ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, ölkənin bütün ərazisində, o cümlədən, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.

Hazırda Azərbaycan Respublikasının «Qırmızı Kitab»ı «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikasının 1999-cu il 4 iyun tarixli, 675-İQ nömrəli və «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikasının 1999-cu il 8 iyun tarixli, 678-İQ nömrəli qanunlarına əsasən aparılır. Mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində təbii şəraitdə yaşayan, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan və bitki növləri xüsusi mühafizə edilir və Azərbaycan Respublikasının «Qırmızı Kitab»ına daxil edilir. 6 hissədən ibarət olan "Qırmızı kitab"da nadir və nəsli kəsilmək təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5 balıq növü, 13 amfibiya və reptiliya növü, 40 həşərat növü və 140 bitki növü haqda məlumat cəmləşib. "Qırmızı Kitab"a fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər.

Azərbaycanda "Qırmızı kitab"ın tərtib olunması hələ 1977-ci ildə qərarlaşdırılıb. O zamandan sonra bitki və heyvanların kitaba salınması onların məhv olmasının qarşısını müəyyən qədər alıb. Çünki bu bitki və heyvan növləri ciddi qorunmağa başlanılıb. Xatırladaq ki, “Qırmızı Kitab”ın Redaksiya Heyəti və mütəxəssislər tərəfindən ölkəmizin müxtəlif təşkilatlarının nümayəndələri ilə əməkdaşlıqda müasir qorunma statusu qiymətləndirilmiş 300 bitki (266 ali və 20 ibtidai) və göbələk (14) növünü və 223 heyvan növünü ( 1 növ Oligochaeta, 1 növ Crustacea, 1 növ Mollusca, 71 İnsecta, 6 növ Amphibia, 14 növ Reptilia, 9 növ Pisces, 72 növ Aves, 42 növ Mammalia sinfinə aid olan) əhatə edən Azərbaycanın “Qırmızı Kitabı”nın II nəşri yenidən işlənilib.“Qırmızı Kitab”ın tam formalaşdırılması son illər ərzində aparılan fəal tədqiqat işləri hesabına mümkün olub, ölkəmizin müxtəlif elmi və dövlət, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə əməkdaşlıqda müasir qorunma statusu qiymətləndirilmiş fauna və flora növlərini əhatə edən Azərbaycanın “Qırmızı Kitabı”nın II nəşri yenidən işlənilərək ərsəyə gətirilib. Bununla bağlı, nadir və nəsli kəsilməkdə olan növlərin tədqiqi üzrə mütəxəssislər tərəfindən intensiv monitorinqlər keçirilib, onların beynəlxalq səviyyədə müasir qorunma meyarları müəyyənləşdirilib. Bu nəşrdə ilk dəfə olaraq təbiəti mühafizə baxımından təsvir edilmiş nadir və nəsli kəsilmiş növlərin beynəlxalq səviyyədə qəbul olunmuş meyarlara görə (IUCN, 2001) qiymətləndirilməsi həyata keçirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində bir sıra tədbirlər planı nəzərdə tutulub. Tədbirlər planında təhsilin bütün pillələrində ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, ekosistem xidmətləri ilə əlaqədar məsələlərin tədrisinin genişləndirilməsi, bioloji müxtəlifliyin qorunması üzrə resurs, informasiya və təlim mərkəzlərinin yaradılması, insan resurslarının bilik və bacarıqlarının artırılması üçün texniki potensialın gücləndirilməsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin turizm potensialı ilə bağlı məlumat bazasının genişləndirilməsi, təbiət abidələrinin inventarlaşdırılmasının həyata keçirilməsi, reklam xarakterli infoturların keçirilməsi, milli parklarda ekoloji turizmlə məşğul olan turoperatorların müəyyən edilməsi, media nümayəndələri, yerli və xarici turistlər üçün infoturların keçirilməsi nəzərdə tutulur. Tədbirlər planına görə, bioloji müxtəliflik komponentlərinin mövcud vəziyyətinin qiymətləndirilməsi, bitki və heyvan növlərinin inventarlaşdırılmasının həyata keçirilməsi və elektron məlumat bazasının yaradılması, bioloji müxtəliflik üzrə İnformasiya və Əvvəlcədən Xəbərdaretmə Sisteminin yaradılması, bioenerji resurslarının dəqiq uçotunun aparılması, Azərbaycan Respublikasının daxili sularında, sərhəd sularında və Xəzər dənizinin Azərbaycan sektorunda bioloji müxtəliflik komponentlərinin idarə edilməsinin təkmilləşdirilməsi, sənaye və məişət tullantıları ilə çirklənmənin qarşısının alınması, böyük yaşayış məntəqələri ətrafındakı su hövzələrinin bioloji müxtəlifliyinin qorunmasına dair tədbirlərin hazırlanması həyata keçirilməlidir.

Mövzu ilə bağlı hafta.az-a danışan Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalov deyib ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal etməklə həm də Dağlıq Qarabağda ekoloji terror həyata keçirib:

“Əslində Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ekoloji sahədə müəyyən işlər görülüb. Son illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 min hektara yaxın meşə zolağı salıb. Bu da biomüxtəlifliyin qorunmasında görülən mühüm işlərdəndir. Ümumiyyətlə, təbiətə ən çox ziyan insanların istifadə etdiyi silahlar vasitəsilə dəyir. Təbiətdə müxtəlif fauna və flora növləri yox olduqca, onlar yeniləri ilə əvəzlənir. Yəni, təbiət ona uyğunlaşır. Bu, təbiətin qanunudur. Heç kəs ona müdaxilə edə bilməz. Ancaq son zamanlarda insanlar müxtəlif cür silahlardan istifadə edirlər. Bu silahların zərəri təbiətin üzərində çox mənfi fəsadlarla görünür. Heç bir ölkənin təbiəti bu silahların vurduğu ziyana uyğunlaşa bilmir. Artıq təbiət özü özünü bərpa edə bilmir. Hər regionun iqlimi fərqlidir. Hər ərazinin özünə xas olan bitkilərinin qorunub saxlanmasında dövlət maraqlı olmalıdır. Amma biz ermənilər torpaqlarımızın 20 faizini işğal etdiyindən ölkəmizdə ekoloji tarazlığı tam olaraq bərpa edə bilmirdik. Hazırda rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın azad olunması istiqamətində əməliyyatlar aparır. Azad olunan torpaqlar videolentə alınaraq ictimaiyyətə təqdim olunur. Həmin videolardan da göründüyü kimi ermənilər işğal etdikləri ərazilərimizi talan ediblər. 28 ildən çoxdur ki, həmin ərazilərin təbii sərvətləri ermənilərin dəvəti ilə Kanada, hətta İran şirkətləri tərəfindən istismar olunur. Ermənilər nadir ağac növlərini kəsərək mebel sənayesində istifadə ediblər. Nadir ağaclar kütləvi şəkildə qırılaraq piano aləti hazırlanıb və xaricə satılıb. Bütün bunlar ciddi faktlardır. Hesab edirəm ki, biz ilk növbədə işğaldan azad olunmuş ərazilərdə ekoloji monitorinqlər həyata keçirməliyik. Daha sonra monitorinqlərin nəticəsi olaraq toplanmış materiallar əsasında beynəlxalq səviyyəli ekoloji məhkəmə qurulmalıdır. Bu məhkəmədə həm Ermənistan, həm də ermənilərə işğal olunmuş Azərbaycan ərazilərindəki təbii sərvətləri talamağa dəstək verən xarici şirkətlər cəzalandırılmalıdır”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 4522
Sosial rubrikasından digər xəbərlər