Badamdar sakinləri dezinfeksiya işlərinin aparılmamasından şikayətlənirlər - REPORTAJ

17:03 18.03.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Dünyada tüğyan edən koronavirus xəstəliyi Azərbaycana da gəlib çıxıb. Hətta bu xəstəliyə tutulan və ölənlər də var. Ölkə başçısının sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah da yaradılıb.

Bu qurum tərəfindən ölkəmizdə koronavirus infeksiyasının yayılması intensivliyi ciddi nəzarət altına alınıb. Bununla bağlı paytaxtda və bölgələrdə qabaqlayıcı tədbirlər görülür.  Belə ki, əhalinin sıx toplandığı ictimai yerlərdə, yaşayış və sosial binalarda, eləcə də istirahət guşələri və parklarda dezinfeksiya işlərinin  aparılması sürətləndirilib.  Lakin paytaxtın elə rayon və qəsəbələri var ki, aidiyyəti

qurumlar və rayon rəhbərlikləri tərəfindən verilən tapşırıqlara yetərincə əməl edilmir. Yəni yaşayış binalarında və istirahət parklarında  dezinfeksiya işləri tələblər səviyyəsində aparılmır.

Belə ərazilərdən biri də Bakı şəhərinin mərkəzi olan Səbail rayonunun Badamdar qəsəbəsidir. Bir qrup qəsəbə sakininin müraciətini nəzərə alaraq, “Həftə içi”nin əməkdaşı olaraq elə yolumuzu  Badamdar qəsəbəsindən saldıq. Xatırladaq ki, Badamdar Bakının əhalisi sayca çox və sıx olan iri qəsəbələrindən biridir.

Əvvəlcə yolumuzu Heydər Əliyev parkından saldıq. Soyuq, küləkli hava olduğundan, parkda sakinlər az idi. Adıçəkilən parkda sakinlərin istirahəti və uşaqların oynaması üçün hər cür şərait yaradılıb. Parkda ahıllar evi və çayxana da fəaliyyət göstərir. Ahıllar evində xeyli yaşlı insan var idi.

Qubad İsmayılov adlı sakin bildirdi ki, 1-ci qrup əlildir. Onun sözlərinə görə, hər gün səhər tezdən parka gəlib təmiz hava qəbul edir:

”Parkın içindəki  ahıllar evində  oturub nərd oynayırıq. Hər gün bu otağa, ən azı, 30-40 nəfər veteran, ahıl adam gəlir. Bu günədək nə parkın özündə, nə də biz oturan binada, eləcə də çayxanada koronavirusa qarşı dezinfeksiya işləri aparılıb. Bu barədə Badamdar qəsəbə nümayəndəsi Natiq Abbasova, Badamdar Bələdiyyəsinin sədri Təzəxan Məmmədova və eləcə də Səbail Rayon icra Hakimiyyətinə dəfələrlə müraciət etmişik, bizi eşidən olmayıb”.

Teymur Fərzəliyev və başqa sakinlər də eyni fikri söylədilər. Dedilər ki, indi hava soyuq olduğundan, parka az adam gəlir:

”Hər gün çoxlu sayda sakin öz uşaqları ilə gəlib burada dincəlirlər. Uşaqlar oyuncaqlarla oynayırlar. Sakinlər isə  söhbətgahlarda və oturacaqlarda oturub dincəlirlər. Hər gün dünyada nə qədər insan koronavirusa yoluxur, həyatını dəyişir. Şükür Allaha ki, ölkəmizdə bu xəstəliyə o qədər də insan tutulmayıb. Dövlətimiz tərəfindən qabaqlayıcı profilaktik tədbirlər  görülür. Amma bu günə kimi Heydər Əliyev parkında aidiyyəti qurumlar tərəfindən bir dəfə də olsun, gəlib dezinfeksiya işləri aparan olmayıb. Heç olmasa, uşaq oyuncaqlarını gəlib dərmanlasınlar”.

Parkın işçiləri də sözügedən istirahət guşəsində  dezinfeksiya işlərinin aparılmadığını və üzərlərinə düşən təmizlik işlərini gördüklərini söylədilər. Həqiqətən də parkın içi təmiz və səliqəli idi.

Sonra Badamdar qəsəbəsi, Gənclər küçəsində yerləşən 3 saylı, 6 bloklu, 5 mərtəbəli yaşayış binasının həyətində də oldiq.

Sözügedən binanın  arxa həyəti və ərazisi, demək olar ki, natəmizlik içində, antisanitar şəraitində idi.  Sakinlər dedilər ki,  illərlə məişət tullantıları yığılıb binanın arxa həyətində qaldığından, böyük bir zibilxananı xatırladır: ”Gəlib ərazini süpürüb-təmizləyən yoxdur.  Elə yoluxucu xəstəliklər də bu cür natəmizliklər nəticəsində yaranır. Bu günə kimi gəlib yaşadığımız 3 saylı binanın girəcəyində, zirzəmisində, həyətində dezinfeksiya işləri aparılmayıb. Qəsəbəmizdə sanitar təmizliyə və koronavirusa qarşı dezinfeksiya işlərinin görülməsi sahəsində ölkə başçısının tapşırıqlarına aidiyyəti qurumlar, RİH  tərəfindən yetərincə əməl edilmir.

Sakinlərin şikayətlərinin nə dərəcə doğru olduğuna və gördüklərimizə aydınlıq gətirmək üçün Badamdar Bələdiyyəsinə də üz tutduq.  Qurumun sədri Təzəxan Məmmədov qəsəbədə dezinfeksiya işlərinə  bələdiyyənin nəzarət etmədiyini söylədi.

Badamdar qəsəbə nümayəndəsi Natiq Abbasov  isə bildirdi ki,  dezinfeksiya işləri ilə Parlaq Şəhər İstehsalat Birliyi və Səbail Rayon İcra Hakimiyyəti məşğul olur.

Onun sözlərinə görə,  sözügedən qəsəbənin R. İsgəndərov küçəsi, 4a ünvanda yerləşən 4 yaşayış binasını əhatə edən ərazidə salınmış “Abad məhəllə”də və eləcə də 600-700 nəfərə yaxın sakini olan 4 binada dezinfeksiya işləri aparılıb. Hətta bununla bağlı televiziya kanalında çəkiliş də aparılıb.

Bəs,  görəsən, digər binalarda, məhəllələrdə dezinfeksiya işləri nə vaxt aparılacaq?  Bu haqda sözügedən qəsəbədə və paytaxtın digər rayon və qəsəbələrində sanitar təmizliyin və dezinfeksiya işlərinin hansı səviyyədə aparılması ilə bağlı mövzumuzu davam etdirəcəyik. Gəlin təmizliyimizi qoruyaq ki,qoruna bilək.