Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareys həftədə bir dəfə yerinə yetiriləcək

20:30 26.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısını almaq məqsədilə "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Naxçıvan-Bakı marşrutu üzrə müntəzəm reysləri bu gündən etibarən həftədə bir dəfə cümə axşamları həyata keçiriləcək.

"Azərbaycan Hava Yolları"ndan hafta.az-a verilən məlumata görə, növbəti Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə reys 2 aprel tarixində həyata keçiriləcəkdir. Bakıdan uçuş saat 13:10-da , Naxçıvandan uçuş saat 15:30-da baş tutacaqdır.

Bundan əlavə, insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə "AZAL"ın aviabilet satış ofisləri bağlı olacaq, Bakıdan Naxçıvan istiqaməti üzrə reysə aviabiletləri "AZAL" aviaşirkətinin saytından əldə edə bilərsiniz (www.azal.az).

Bakıdan Naxçıvana yalnız Naxçıvanda yaşayan sərnişinlər, Naxçıvandan Bakıya yalnız Azərbaycan paytaxtının sakinləri uçub gələ bilərlər.

Uçuşlar 2-ci Terminaldan/ 2-ci Terminala yerinə yetiriləcəkdir. Yalnız adlarına aviabilet əldə edən sərnişinlərin aerovoğzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən müşayiət edən (qarşılayan/ yola salan) şəxslərin aerovoğzal binasına girişi qadağandır.

"AZAL" aviaşirkəti, vətəndaşları ehtiyac olmadan evlərindən çıxmamağa və hava yolu ilə səyahət etməməyə çağırır. Aviaşirkət dünyanın əksər ölkələrinin qarşılaşdığı hazırkı fövqəladə vəziyyətdə daha təmkinli olmağı və görülən tədbirlərə anlayışla yanaşmağı xahiş edir.

Sosial rubrikasından digər xəbərlər