Bakıda 40 yaşlı təkböyrəkli kişiyə süni sidik kisəsi qoyuldu – Günün təzadları  

18:10 05.12.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinə müraciət edən 40 yaşlı kişidə müayinələr nəticəsində nadir rast gəlinən patologiya – interstisial sistit aşkarlandı. Hafta.az yazır ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, həyata keçirilən əməliyyat ilə pasiyentdə süni sidik kisəsi yaradılıb.

İnterstisial sistit xəstəliyi ilə müraciət edən hər bir xəstədə sidik kisəsini tamamilə çıxarılmır. Yalnız bu xəstəliyin terminal mərhələsində, yəni sidik kisəsi həcmini və funksiyalarını tam itirdikdə çıxarılır.

Pasiyent kişilərdə çox nadir rast gəlinən, səbəbi bilinməyən, ağır interstisial sistit xəstəliyindən əziyyət çəkib. Nəticədə onun sol böyrəyi tamamilə fəaliyyətini dayandırıb. Xəstə tək böyrəklə və böyrəklərin yükünü azaltmaq məqsədilə qoyulan nefrostoma ilə yaşamağa məhkum olub. Əməliyyata qərar verilib və xəstədə nazik bağırsaqdan süni sidik kisəsi formalaşdırılıb. Uğurla başa çatan əməliyyatdan 10 gün sonra xəstə evə yazılıb.

 

Sabunçuda qız anasının telefon və pullarını götürərək qaçdı

Bakıda yeniyetmə qız anasının telefonlarını və pulunu götürərək evdən qaçdı. Hafta.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini Aygün Cabbarlı rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə müraciət edərək qızı, 2004-cü il təvəllüdlü Günay Cabbarlının ona məxsus iki ədəd "Samsung" markalı telefonu və 800 manat pulunu götürərək evdən çıxdığını və geri qayıtmadığını bildirib. Faktla bağlı araşdırmalara başlanıb.

 

Keçmiş Daxili İşlər naziri rüşvətxorluğunu etiraf etdi

Türkmənistanın keçmiş Daxili İşlər naziri İsgəndər Mulikova hökm oxundu. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə deyilir ki,  dövlət televiziyaları eks-nazirin hansı müddətdə azadlıqdan məhrum edilməsi barədə məlumat verməyiblər. Həbs edilmiş keçmiş nazirin televiziya vasitəsilə görüntüləri yayımlanıb. Saçı qırxılmış və dustaq geyimində olan İsgəndər Mulikov əməllərindən peşman olduğunu bildirib:

“Mən, İsgəndər Mulikov 2009-2019-cu illər aralığında Daxili İşlər naziri postunu tutmağıma baxmayaraq, cinayətkarlığa qarşı mübarizə aparmalı olduğum halda tamah və vəzifəmdən sui-istifadə edərək rüşvət almışam, mülklər mənimsəmişəm.

Baxmayaraq ki, bizim hörmətli Ali Baş Komandan yaşamaq və işləmək üçün bütün şəraiti yaradıb, mən səhv yol seçərək böyük məbləğdə rüşvət almışam. Cinayətlərimin üstü açılandan sonra mən qanuni əsaslarla cinayət məsuliyyətinə cəlb olunmuşam. Öz günahlarımı etiraf edərək, peşman olduğumu bəyan edirəm”.

Televiziya görüntülərində İ.Mulikova məxsus külli miqdarda dollar vəsaitinin müsadirə edildiyi barədə də kadrlar göstərilib. Qeyd edək ki, 44 yaşlı İsgəndər Mulikov 1 oktyabr 2019-cu il Milli Təhlükəsizlik Şurasının iclası zamanı Prezident Qurbanqulu Berdiməhəmmədovun qərarı ilə vəzifəsindən kənarlaşdırılıb.

 

Səudiyyə Ərəbistanında da eynicinsli nikahlara yol açıldı

Səudiyyə Ərəbistanında ilk dəfə qeyri-ənənəvi  cinsi oriyentasiyaya malik (“LGBT”) şəxslərin hüquqlarını qorumaq üçün yaradılan "Muxtalifun" (“Müxtəliflər”) təşkilatı qeydiyyata alındı.  Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, adı çəkilən ölkə Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın doğulduğu, bu Allah Elçisinə Qurani-Kərimin  nazil olduğu, onun insanları Allaha təslim olmağa çağırdığı,   üzümüzə “qiblə” deyə tutub namaz qıldığımız, hər il milyonlarla müsəlmanın Həcc ziyarətinə yollandığı Müqəddəs Məkkənin, Kəbənin, Allah Rəsulunun məzarı yerləşdiyi bir məkandır.  Tarixən İslam ənənələrinin üstünlük təşkil etdiyi bu səltənətdə qeyri-ənənəvi cinsi münasibətlər qanunla əxlaqsız və ədəbsiz davranış sayılıb və buna görə cəza verilib.

 

İl ərzində təravətini saxlayan alma sortu yetişdirildi

ABŞ-ın Corc Vaşinqton Universitetinin tədqiqatçıları saxlama şəraitinə riayət etməklə il ərzində xarab olmayan yeni alma sortu yetişdirdilər. Hafta.az xəbər verir ki, Trend-in məlumatına görə, Meyvələr artıq ABŞ-da satışa çıxarılıb. “Enterprise” və “Honeycrisp” növlərinin birləşdirilməsi nəticəsində yaranan yeni sort almalar “Cosmic Crunch” (“Kosmik xırtıltı”) adlandırılıb.

Sıx toxuma strukturuna, yüksək miqdarda turşuluq və şəkərə malik olan bu alma növü +10 dərəcə temperaturda 12 aya qədər, soyuducuda altı aya qədər, otaq temperaturunda isə bir neçə həftə saxlanıla bilər. Tədqiqatçılar qeyd edirlər ki, adi alma sortlarından fərqli olaraq yeni sort tünd ləkələrin yaranması, donma, yerə düşmə zamanı əzilmə, həmçinin karbon qazının yüksək konsentrasiyası və oksigenin aşağı olması kimi prosseslərə qarşı zəif həssaslığa malikdir.

Qeyd edək ki, alimlər yeni alma sortunun yetişdirilməsi ilə 1997-ci ildən məşğuldurlar.

Oxunma sayı