Bakıda karantinin ilk günü: icazəlilər, xəbərsizlər, cəriməlilər...

13:30 05.04.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bu gündən Azərbaycanda küçəyə çıxmaq üçün hər kəs icazə almalıdır. Özü də gündə bir dəfə olmaqla insanlar 2 saat ərzində işlərini görüb evlərinə qayıtmalıdırlar. Bunun üçün 8103 nömrəsinə SMS göndərilməli və icazə cavabı gözlənilməlidir. Təsdiq cavabını gözləmədən küçəyə çıxmaq da qaydanı pozmaq deməkdir.

Bəs hazırda durum necədir? İnsanlar sərt karantin rejiminə əməl edirmi? Cəzalandırılanlar varmı?

Gördüklərimizi hafta.az-ın yaddaşına köçürüb sizlərə təqdim edirik. İlk olaraq onu qeyd edək ki, hazıra paytaxtı küçələrində insanlardan daha çox polis və hərbçiləri görmək mümkündür. Onlar iş başındadırlar. Metroların kənarlarında və əhalinin daha çox olduğu nöqtələrdə isə əli zənbilli yaşlı və gəncləri görmək mümkündür. Polis onlara yaxınlaşıb ad-soyadını soruşur. İcazə ilə çıxdığını görüncə uğurlu yol arzulayır. İcazəsiz çıxanlara isə cərimə yazılır və xəbərdarlıq edilir. Müşahidələrimiz əsasında məlum oldu ki, icazəsiz bayıra çıxanların bəziləri mağazaya, aptekə getmək bəhanəsi gətirirlər. Polis isə bunun üçün rəsmi SMS icazəsinin olmasını dilə gətirir.

Hətta bəziləri tətbiq olunan qərardan xəbərsiz olduqlarını deyirlər. Bir qismi isə həkimə getmək üçün evdən çıxdığını söyləyir.

Polilərlə söhbətimizdən məlum oldu ki, ayrı-ayrı post istiqamətləri üzrə bu vaxta qədər təxminən 6-7 nəfərə cərimə yazılıb və ya sonuncu dəfə xəbərdarlıq edilib. Məhəllə marketlərində də eyni durumdur. Səssizlik hökm sürür. Adamlar daha çox eyvanlara çıxaraq hava alırlar. Marketlərdə də sıxlıq yoxdur. Bir-iki nəfər görmək mümkündür. Zibil atmağa gedən yaşlı insanları da ara-sıra görmək olar.

Bir sözlə, şəhərdə tam sakitlik hökm sürür. Həmsöhbət olduğumuz insanlar isə tezliklə karantin rejiminin bitməsini, həyatın əvvəlki axarına düşməsini istəyirlər.

Oxunma sayı 706