Bakıda polis maşınında uşaq dünyaya gəldi - Günün təzadları

19:16 08.06.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ötən bazar günü sərtləşdirilmiş karantin dövrü şəraitində Bakıda qeyri-adi hadisə baş verdi.

Hafta.az xəbər verir ki, paytaxt ərazisində 9 aylıq hamilə qadının xəstəxanaya çatdırılması ilə bağlı təcili tibbi yardıma müraciət edilib. Ailə üzvləri eyni zamanda qadını xəstəxanaya çatdırmaq üçün polisə də müraciət ediblər. Hadisə yerinə ilk gələn Bakı Şəhər Dövlət Yol Poisi İdarəsinin inspektoru xidməti "BMW" markalı atomobillə qadını xəstəxanaya aparıb. Lakin yolda olarkən təbii doğuş baş tutub və qadın avtomobildə övladını dünyaya gətirib. DYP əməkdaşı qadını və yeni doğulmuş körpəni xəstəxanaya çatdırıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov faktı təsdiq edib. O bildirib ki, son 2 gündə bu tip hadisələrə rast gəlinir: "Dünən və bu gün əməkdaşlarımız 20-yə yaxın insanın həyatını xilas ediblər və ya çox təcili şəraitdə xəstəxanalara çatdırıblar. Bu gün baş verən hadisədə də ana və yeni doğulan körpəsi sağ-salamat təbbi heyətə təhvil verilib. Onların həyatına hər hansı təhlükə yoxdur".

 

Bakıda binaların damında kabab çəkən və domino oynayan şəxslər cərimə olundu

Paytaxtın Nizami rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olundu. Hafta.az yazır ki, bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Rüstəm Rüstəmov küçəsi, 13 ünvanında yerləşən yataqxananın damında kabab bişirən şəxslər barəsində qanunverciliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, inzibati tənbeh tədbirləri tətbiq olunub. Paytaxtın Binəqədi rayonunda da xüsusi karantin rejim qaydlarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunub.

Binəqədi RPİ 6-cı PB əməkdaşları isə rayonun Qabil Süleymanov küçəsində yerləşən “Xəzri” yataqxanasının damında domino oynayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüldü. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, inzibati tənbeh tədbirləri tətbiq olunub.

 

Polis öz övladının qidasını xəstə uşağa apardı

Bakıda polis övladının qidasını xəstə uşaq üçün gətirdi. Hafta.az verdiyi xəbərə görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. İyunun 7-də vətəndaş Daxili İşlər Nazirliyinin 102 Qaynar xətt xidmətinə müraciət edərək evində azyaşlı xəstə uşağının qidasının qurtardığını və uşağın acından ağladığını bildirib. 102 xidməti dərhal məsələyə reaksiya verib və müraciət Nərimanov Rayon Polis İdarəsinə yönləndirilib. Məlumat əsasında Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları dərhal hadisə yerinə yollanaraq ünvanı müəyyən edib və həqiqətən, xəstə uşağın qidasının bitdiyinin şahidi olub. Paytaxt ərazisində aptek və mağazalar açıq olmadığından, polis əməkdaşları uşaq qidası tapa bilməyib. Çarəsiz qalan polis əməkdaşlarından biri xidməti ərazini icazə ilə tərk edərək evinə yollanıb. Polis əməkdaşı yaşadığı evdən öz övladının qidasını götürərək əraziyə qayıdıb və həmin qidanı azyaşlının ailəsinə təqdim edib. Gənc ailə polisin bu xeyirxah əməlinə görə həmin polisə və daxili işlər orqanları əməkdaşlarına minnətdarlığını bildirib.

 

Xuraman Şuşalı 7 aylıq qızına xınayaxdı etdi

Müğənni Xuraman Şuşalı 7 aylıq qızı Məryəmə xınayaxdı etdi.

Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, sənətçi bununla bağlı “İnstagram” səhifəsində video paylaşıb.  "Dişi çıxdı. Əlinə, ayağına xına yaxdıq" deyə, müğənni qeyd edib.

Qeyd edək ki, Elçin adlı şəxslə ailəli olan Xuramanın 4 övladı var.

 

Cəlilabadda əkin sahəsinə basdırılmış narkotik tapıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 4,5 kiloqramdan artıq güclü təsiredici narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarıldı. Hafta.az  yazır ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Göytəpə şəhər sakini Elçin İmanov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 1 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla E.İmanovun narkotik vasitəni Cəlilabad rayonunun Privolnoye kənd sakini Ziya Hüseynovdan əldə etdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən saxlanılan Z.Hüseynov E.İmanova həmin nakotik vasitəni satdığını etiraf edib və əlavə olaraq satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitə heroini Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində ona məxsus olan əkin sahəsində torpağa basdıraraq gizlətdiyini bildirib. Z.Hüseynovun özünün də iştirakı ilə sözügedən əraziyə keçirilən baxış zamanı orada torpaq qatının altında gizlətdiyi 5 ədəd sellafon bağlamada ümumi çəkisi 4,5 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Samuxda qəssab bıçaqla özünə xəsarət yetirdi

Samux rayonunda bıçaqlanma oldu.

Hafta.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çobanabdalı kəndində qeydə alınıb. Kənd sakini, 1993-cü il təvəllüdlü Rəşad Ələstan oğlu Məmmədov kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, R.Məmmədov kənddə qəssablıqla məşğul olur. Yaxınlarının sözlərinə görə, heyvan kəsərkən ehtiyatsızlıqdan bıçaq yarası alıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 2278