Bakıda qolu qandallı şübhəli şəxs xəstəxanadan qaçdı – Günün təzadları

18:19 17.12.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Paytaxtda polisin saxladığı şəxs qolu qandallı xəstəxanadan qaçdı. Hafta.az yazır ki, “Report”un xəbərinə görə, hadisə dekabrın 15-də baş verib.

Belə ki, Bərdə rayon sakini 36 yaşlı Sadıqov Elgün Şakir oğlu Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. O, idarənin müvəqqəti saxlama otağına aparılıb. E.Sadıqov çay içərkən qaşığı götürərək udub. Dərhal E.Sadıqov 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Polis nəzarəti ilə o, həkim müayinəsindən keçib. Müayinə zamanı E.Sadıqov polisin diqqətindən yayınaraq xəstəxananın 4-cü mərtəbəsindən əlində qandal pəncərəni qıraraq qaçıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı E.Sadıqov yaşadığı ünvanda aşkarlanıb. Məlum olub ki, saxlanılan şəxs yaşadığı evə gedərək orada yatıb.

 

Qazaxda jurnalist adı altında dələduzluq edənlər yaxalandı

Qazax rayonunda dələduzluq edən şəxslər saxlanıldılar. Hafta.az yazır ki, bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Qazax Rayon Polis Şöbəsinə müraciət edən bir qrup rayon sakini ərizələrində daha əvvəl tanımadıqları bir neçə nəfərin özlərini jurnalist kimi təqdim edib övladları barədə “Çağdaş Təhsil” jurnalında məqalə və şəkil dərc etdirəcəklərini vəd edərək onlardan müxtəlif məbləğlərdə pul aldıqlarını bildiriblər. Rayon PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Sabirabad rayon sakinləri - 27 yaşlı Pərviz Fərəcov, 28 yaşlı Davud Fərəcov, Hacıqabul rayon sakini, 39 yaşlı Samirə Talıbova və Tərtər rayon sakini, 28 yaşlı Kənan Hümbətov saxlanılıb. Müəyyən edilib ki, saxlanılan şəxslərin işinə adı çəkilən jurnal rəhbərliyi tərəfindən bir müddət əvvəl son verilib. Lakin buna baxmayaraq, onlar, özlərini “Ziyalılar” ictimai-siyasi qəzetinin əməkdaşı kimi təqdim edərək əməllərini davam etdiriblər. Dindirilmə zamanı onlar, törətdikləri cinayət əməlini etiraf ediblər və qeyd ediblər ki, rayon ərazisində kirayədə yaşamaqla müxtəlif vaxtlarda, ümumilikdə, 54 sakin ilə saxta müqavilə bağlayaraq onlardan 20, 50, 70 manat məbləğində pul alıblar.

Qeyd edək ki, bu şəxslərin respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlərdə iştirak etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, və ya Qazax RPŞ-nə müraciət edə bilərlər. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Mollalar həkimlərə halallıq moizəsi oxudu

Dağıstanın Kizlyar mərkəzi rayon xəstəxanasında tibb işçiləri üçün maarifləndirici mühazirə təşkil edildi.

Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, Kizlyar İmamlar Şurasının sədri Məhəmməd Süleymanov başda olmaqla bir neçə din xadimi həkim heyəti ilə söhbət aparıb. Yığıncaqda tibb əməkdaşlarının işinin əhəmiyyəti və İslam dinində həkim peşəsinə yüksək qiymət verilməsindən bəhs edilib. İlahiyyatçılar halal, vicdanlı və məsuliyyətli işin necə mükafatlandırılacağından danışıb, həmçinin, həkimlərin bu sahə üçün vacib olan etik, əxlaqi normalara riayət etməyinin zəruriliyi xatırladılıb.

Görüşün sonunda tibb işçilərinə onları maraqlandıran suallara cavab almaq imkanı da verilib.

 

Keşlədə Türkiyə iş adamı döyüldü

Bakının Nizami rayonunda döyülmə faktı qeydə alındı. Hafta.az-ın yazdığına görə, APA xəbər verir ki, Keşlə qəsəbəsində, 251 saylı orta məktəbin yaxınlığında 2 nəfər naməlum şəxs "Klişe" MMC-nin rəhbəri 1985-ci il təvəllüdlü Dəmir Eray Cəlal oğluna qarşı xuliqanlıq edib. Onlar E.Dəmirdən pul tələb ediblər. Naməlum şəxslər Eray Dəmirin etiraz etdiyini gördükdə onu döyərək xəsarət yetiriblər. Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin küt travması, alının əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

 

8 İsrail iş adamı Moskvadan deportasiya edildi

Rusiya paytaxtında səkkiz yəhudi biznesmen saxlanıldı. Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, bu haqda dekabrın 16-da axşam saatlarında İsrailin “Mako” saytı məlumat yayıb. Xəbərdə iki gün öncə Moskva hava limanında rus tərəfdaşları ilə işgüzar danışıqlara gəlmiş səkkiz israilli iş adamının həbs olunduğu bildirilir.  Nəşrin yazdığına görə, pasport-nəzarət məntəqəsində israillilərdən səfərlərinin məqsədi barədə soruşulduqda onlar biznes məsələləri ilə bağlı  gəldiklərini söyləyiblər.  Cavabında onlara Rusiyada işləmək üçün icazə tələb olunduğu  bildirilib. Yəhudilər hava limanının binasında kiçik bir gözləmə otağına aparılıb. Orada  bütün gecəni keçirdikdən sonra  iş admaları səhər saatlarında ilk reyslə Təl-Əvivə geri göndəriliblər.  

İsrail iş adamları iddia edirlər ki, bu, onların Moskvaya ilk səfərləri deyil və əvvəllər heç vaxt onlardan iş icazəsi tələb etməyiblər. 

“Mako” yazır ki, Təl-Əvivdən gələrək Moskvadakı danışıqlara qatılmalı olan daha bir neçə yəhudi iş adamı sonradan biletlərini geri qaytarıb.

 

Yasamalda avtomobildə kişi meyiti tapıldı

Bakıda kişi meyiti aşkar edildi. Hafta.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Gədəbəy rayon sakini, 1954-cü il təvəllüdlü Quliyev Məzahir Sarı oğlunun meyiti özünə məxsus avtomobildə aşkar edilib. Meyitin üzərində hər-hansı zorlakılıq əlamətləri aşkar edilməyib. M. Quliyevin ölüm səbəbini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oxunma sayı