Beynəlxalq Biomüxtəliflik Günü

19:57 20.05.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

22 may – Beynəlxalq Biomüxtəliflik Günüdür.  Qeyd edək ki, əvvəllər həmin gün dekabrın 29-da qeyd olunurdu. 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən 22 may Bioloji müxtəliflik üzrə Konvensiya qəbul olunub və həmin gün Beynəlxalq Bioloji Müxtəliflik Günü elan edilib. Bu günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir.

Məlumat üçün bildirək ki, hazırda dünyada 15 milyondan çox canlı növ mövcud olsa da, hər gün onların yüzə yaxını məhv olur. Nəticədə, Yer kürəsinin təbii zənginliyi gündən-günə azalır. Mütəxəssislər hesab edirlər ki, bioloji müxtəlifliyin belə sürətlə itkisi Yer kürəsində həyatın özünü təhlükədə qoymaqla qlobal faciəyə səbəb ola bilər.

Yeri gəlmişkən, son illərdə Azərbaycanda ekoloji, o cümlədən bioloji müxtəlifliyin problemləri həlli vacib olan prioritetlər kimi müəyyən edilib və bu sahədə ciddi səylər göstərilir. Biomüxtəliflik üzrə Konvensiya Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2000-ci ilin mart ayında ratifikasiya olunub. 2000-ci ilin yanvarında Monrealda Bioloji Müxtəliflik haqqında Konvensiyaya Əlavə Protokol qəbul edilib. Eyni zamanda, «Bitkilərin genetik ehtiyatlarına dair» Dövlət Proqramı, «Ətraf mühitin mühafizəsi üzrə» Milli Fəaliyyət Planı, «Ekoloji cəhətdən dayanaqlı sosial-iqtisadi inkişafa dair» Milli Proqram və digər proqramlar qəbul edilərək həyata keçirilir. Bundan başqa, Azərbaycan 1999-cu ildə Orhus Konvensiyasına qoşulub. Orhus Konvensiyası ətraf mühit hüquqları ilə insan hüquqlarını birləşdirən bir müqavilədir. Bu Konvensiyanın qəbul edilməsi əhalinin ekoloji, o cümlədən bioloji müxtəliflik haqqında məlumatlandırılmasına əlverişli şərait yaradıb.

Onu da bildirək ki, Azərbaycan Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir. Bioloji müxtəlifliyinə görə ölkəmiz dünyada özünəməxsus yerlərdən birini tutur. Müasir Azərbaycan faunası 18 000 canlıdan ibarət olub məməlilərin 97 növünü əhatə edir, bunlar 7 dəstəyə, 22 ailəyə və 39 cinsə daxildir. Təkcə onurğalılar faunamızda 700 növlə təmsil olunur. “Qırmızı kitab”a yarasaların 3, yırtıcıların 7 və dırnaqlıların 4 növü daxil edilib. Azərbaycanın “Qırmızı kitab”ına daxil edilən məməlilərdən ceyran, bəbir, sarıma (safsar), zolaqlı kaftar və vaşaqı göstərmək olar. Respublikanın quş faunası 357 növ və yarımnövü əhatə edən 17 dəstəni təmsil edir. “Qırmızı kitab”a 9 dəstəyə aid olan 36 növ daxil edilib: yırtıcıların 11, toyuqkimilərin 5, yastıdimdiklərin 4, göyərçinkimilərin 1, durnakimilərin 4, sərçəkimilərin 3, leyləkkimilərin 3, kürəkayaqlıların 2 növü. Adları “Qırmızı kitaba” salınmış quşlardan sultan toyuğu, turac, çöl qartalı, talış qırqovulu, şahin. qəşəng dovdaq, ağquyruq qartal, qu quşu, qıvrımlələk qutan, qırmızıdöş qaz, ərsindimdik, mərmər cürə və s. göstərmək olar. Azərbaycanın su hövzələrində isə balıqların 10 dəstəyə, 16 ailəyə aid olan 100-ə yaxın növ və yarımnövü yaşayır. Onların üçdəbiri, ancaq dəniz həyat tərzi keçirir, qalan hissəsi isə şirin su hövzələrində yaşayır. Azərbaycanın “Qırmızı kitab”ına 5 növ daxil edilib: qızılxallı, ilanbalığı, poru, qılıncbalıq və dəniz sıfı, amfibiya və reptillərin 67 növ və yarımnövü respublikamızda yaşayır.

Azərbaycanın həşəratlar aləmi də son dərəcə zəngin olub 25 minə yaxın növü əhatə edir. “"Qırmızı kitab”a 40 növ pulcuqlu qanadlılar, sərtqanadlılar və pərdəqanadlılar dəstəsinin nümayəndələri daxil edilib. Adı Azərbaycanın “Qırmızı kitab”ına salınmış kəpənəklərdən Şərqi aleksandra yelkincəyi, şəfəqsaçan, talış brameyası, avronina sarıcası, apollon, tamara alacası, nurduman apollonu, alp sarıcası, kəlləşəkilli haf, alp satiri, iri tənək hafı, talış məxməri kəpənəyi, kürd sarıcası, ioniya bərqvuranı və hilatanı; əsl arı və böcəklərdən isə porçinski zolaqlı arı, dağıstan zolaqlı arı, Mlokoseviç zolaqlı arı, fars zolaqlı arı, alp rozaliyası, Skovits uzun-bığı, qırmızı talış qaçağanı, qafqaz ilbizyeyən fısqırdanı, qəşəng böcək, fərat çapağanı, Solomon qızılböcəyi və palıd diserkasını göstərmək olar. Tədqiqatçıların məlumatına görə, respublikamızın florasında 4200 bitki növü məlumdur, onun 370-i Azərbaycanın endem bitkilərinə aiddir. Azərbaycan Respublikası ərazisində, demək olar ki, bitki örtüyünün bütün tiplərinə – qədim meşə borealı, səhra, kserofit, bozqır, Qafqaz və adventiv bitki örtüyünə təsadüf edilir. Qədim meşə borealı florasına Talışda, Kiçik və Böyük Qafqaz dağlarında, kserofil və Qafqaz bitki tiplərinə və sırf boreal bitki tipinə isə respublikamızın bütün bölgələrində təsadüf edilir. Səhra bitki örtüyü, əsasən, Kür-Araz ovalığı və Abşeron yarımadası üçün səciyyəvidir. Göstərilən bitki tipləri bir çox bitki qruplaşmaları əmələ gətirir. Azərbaycanın ayrı-ayrı coğrafi landşaft bölgələrinin flora zənginliyi müxtəlifdir. Naxçıvan MR-in ərazisi bitki növləri ilə daha zəngindir. Buranın bitki növləri respublika florasının 43 faizini təşkil edir. Quba-Qusar dağ massivinin bitki növləri floramızdakı bitki növlərinin 40 faizini, Kiçik Qafqazın mərkəzi dağlıq hissəsi 34,5 faizini, Böyük Qafqazın şərq massivi 29,4 faizini, Talışın dağlıq hissəsi 27 faizini təşkil edir. Kiçik Qafqazın şimal yamacında bitki növləri nisbətən azdır. Kiçik Qafqazın dağlıq hissəsinin aşağı dağətəyi massivi, Böyük Qafqazın dağlıq massivinin qərb hissəsi, Kür-Araz ovalığı florası orta dərəcədə (23-26%) bitki növləri ilə zəngindir. Kür düzənliyi, Abşeron yarımadası, Qobustan, Samur-Dəvəçi florasında bitki növləri azdır. Respublika ərazisində 865-dən artıq şibyə, 500-ə qədər mamır növü vardır. Azərbaycanın yabanı dendroflorasında 460-a yaxın ağac və kol növünə təsadüf olunur ki, bu da respublika florasındakı bitki növlərinin 11faizini təşkil edir. Onların 70-i endem növü olub respublikamızdan kənarda bitmir.

Təbii ki, qoruqlar, yasaqlıqlar və milli parklar bioloji müxtəlifiyin qorunmasında mühüm rol oynayır. Hazırda ölkəmizdə ümumi sahəsi 892865,6 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən, 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət sahələri ölkə ərazisinin 10,3 faizini təşkil edir. Təkcə ötən il ərzində biomüxtəlifliyin qorunması məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında qanun pozucularına qarşı 777 akt və 161 protokol tərtib edilərək cərimələr tətbiq olunub. 55 iş hüquq-mühafizə orqanlarına, 50 iş isə rayon məhkəmələrinə və icra və probasiya şöbələrinə göndərilib.

Məlumat üçün onu da xatırladaq ki, Prezident İlham Əliyevin  sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində də biomüxtəlifliyin mühafizəsi üçün bir sıra tədbirlər planı nəzərdə tutulub. Tədbirlər planında təhsilin bütün pillələrində ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, ekosistem xidmətləri ilə əlaqədar məsələlərin tədrisinin genişləndirilməsi, bioloji müxtəlifliyin qorunması üzrə resurs, informasiya və təlim mərkəzlərinin yaradılması, insan resurslarının bilik və bacarıqlarının artırılması üçün texniki potensialın gücləndirilməsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin turizm potensialı ilə bağlı məlumat bazasının genişləndirilməsi, təbiət abidələrinin inventarlaşdırılmasının həyata keçirilməsi, reklam xarakterli infoturların keçirilməsi, milli parklarda ekoloji turizmlə məşğul olan turoperatorların müəyyən edilməsi, media nümayəndələri, yerli və xarici turistlər üçün infoturların keçirilməsi nəzərdə tutulur. Tədbirlər planına görə, bioloji müxtəliflik komponentlərinin mövcud vəziyyətinin qiymətləndirilməsi, bitki və heyvan növlərinin inventarlaşdırılmasının həyata keçirilməsi və elektron məlumat bazasının yaradılması, bioloji müxtəliflik üzrə İnformasiya və Əvvəlcədən Xəbərdaretmə Sisteminin yaradılması, bioenerji resurslarının dəqiq uçotunun aparılması, Azərbaycan Respublikasının daxili sularında, sərhəd sularında və Xəzər dənizinin Azərbaycan sektorunda bioloji müxtəliflik komponentlərinin idarə edilməsinin təkmilləşdirilməsi, sənaye və məişət tullantıları ilə çirklənmənin qarşısının alınması, böyük yaşayış məntəqələri ətrafındakı su hövzələrinin bioloji müxtəlifliyinin qorunmasına dair tədbirlərin hazırlanması həyata keçirilməlidir.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 2013
Sosial rubrikasından digər xəbərlər