Bəzi qrup insanlara qrip peyvəndinin vurulması mütləqdir - AKTUAL

13:58 26.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Payız bərəkəti ilə bərabər qrip mövsümü kimi də xarakterizə olunur. İsti yay günlərinin ardından, havaların soyumağa başlamağı bəzi xəstəlikləri də bərabərində gətirir.

Mövsüm dəyişiklikləri zamanı oqanizmdə immunitet zəifliyi və bir sıra narahatlıqlar yaranır. Mütəxəssislər söyləyir ki, böyüklərə nisbətən uşaqların xəstəliyə yoluxma riski daha yüksəkdir.

Pediatr Xəyalə Quliyeva hafta.az-a açıqlamasında, bildirib ki, payız fəslində bir çox viruslar baş qaldırır,  burda söhbət tək qripdən deyil, eyni zamanda qızılca, roseola infantum (6-cı xəstəlik) xəstəliyindən gedir. Ona görə də biz, valideynlərə bu mövsümdə daha diqqətli olmağı tövsiyə edirik:

“Təbii ki uşaqları qorumaq dedikdə, söhbət onları evdə oturtmaqdan getmir. Onsuzda pandemiya ilə bağlı olaraq, maska, spirt, sosial məsafə qaydaları həyatımızın bir parçasına çevrilib. Lakin 2 yaşdan aşağı uşaqlar üçün maska taxmaq da məsləhət görülmür”.

Pediatr deyir ki, qrip mövsümü ilə əlaqədar olaraq peyvəndlər mövcuddur. Ancaq bu, dövlət xəstəxanalarında deyil, özəl klinikalarda var:

“Mən təəssüflə söyləyirəm ki, son zamanlar sosial şəbəkələrdə antipeyvənd təbliğatı gedir. Hətta əvvəlki illərdə övladını peyvənd etdirən valideynlər hazırda bundan imtina edir. Bu çox yanlış addımdır. Koronavirus digər xəstəliklərlə birlikdə ağır nəticələrə yol aça bilər. Bizlər hər zaman, valideynlərə tövsiyə edirik ki, uşaqlara hər yaş üçün nəzərdə tutulan peyvəndləri etdirsinlər. Bu xəstəliklərin yaranma riskini azaldır”.

Tanınmış uşaq həkimi Əli Quliyev Strateji Kommunikasiyalar Mərkəzinin səhifəsində bildirib ki, "Qrip dünyada ən çox rast gəlinən virus infeksiyalarından biridir. Qripin bir sıra növləri var. Onlardan biri daha çox epidemiya və pandemiyaya səbəb ola bilir. Bu, A tipli qrip virusudur".

Onun sözlərinə görə, 6 aydan yuxarı bütün insanlara qrip peyvəndi vurulmasını tövsiyə olunur. Bəzi qrup insanlara qrip peyvəndi mütləq şəkildə vurulmalıdır. Onlar əsasən digər ağır xəstəlikləri olan insanlardı.

Bəs görəsən valideynlər niyə övladını peyvənd etdirmək istəmir?

Əməkdaşımız bu suala cavab tapmaq üçün, şəhərdə kiçik bir sorğu keçirdi.

Valideyin Firuzə Eyvazova deyir ki, mövzu ilə bağlı ona yaxınları tərəfindən də hər zaman təzyiqlər olur. Ancaq nə özü, nə də həyat yoldaşı peyvəndin tərəfdarı deyil:

“Bizə çox deyirlər, “niyə uşağı peyvənd etdirmirsiniz, qorxmursunuz ki ona bir şey olar?” Lakin bu bir seçimdir. Mən heç vaxt kiminsə peyvənd olunmadığı üçün ciddi xəstəlik keçirdiyini eşitməmişəm”.

Təbii ki hər kəs bu fikirdə deyildi, əksər valideynlər peyvənlərin tərəfdarıdır və uşağın sağlam inkişafı üçün, bunun vacib olduğunu düşünür.

Mövzu ilə bağlı fikirlər müxtəlifdir. Uzun illərdən bəri tibb sahəsində də mütəxəssislərin bəziləri onun faydalı olduğunu, bəziləri isə əksini iddia edir. Ancaq söhbət sağlamlıqdan gedirsə gərək hər kəs yüz ölçüb, bir biçsin.

Sonda sizə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi qrip haqqında tövsiyələrini xatırladırıq:

Qrip haqqında bunları bilmək vacibdir!

Qrip viruslar tərəfindən törədilən infeksion xəstəlikdir. Çox sürətlə, hava-damcı yolu ilə yayılır.

Qripin profilaktikası üçün ən vacib şərtlər:

- Xəstə ilə kontaktdan uzaq olmaq

- Əlləri tez-tez sabunla yumaq

- Xüsusi maskalardan istifadə etmək

Yadda saxlayın:

- Həkimlə məsləhətləşməmiş uşaqlara dərman verməkdən çəkinin.

- Heç bir zaman 16 yaşdan kiçik olan uşaqlara Aspirin vermək olmaz!

- Qrip zamanı antibiotik qəbul etməyin və uşaqlarınıza antibiotik verməyin!

  • Antibiotiklərin virus xəstəliklərinə qarşı heç bir təsiri yoxdur!
  • Onlar yalnız qripin ağırlaşmaları zamanı həkim tərəfindən təyin edilə bilər!

Banu

Oxunma sayı 1517
Sosial rubrikasından digər xəbərlər