Bizim strateji investorumuz Böyük Britaniyadır - Prezident

17:43 16.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bizim strateji investorumuz Böyük Britaniyadır. Böyük Britaniya ilə də bizim çox sıx tərəfdaşlıq münasibətlərimiz var. Əvvəlki dövrdə biz bu münasibətləri, eyni zamanda, Avropa İttifaqı prizmasından təhlil edirdik, dəyərləndirirdik.

Bu fikirləri Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən səsləndirib. Onun sözlərinə görə, amma artıq Böyük Britaniya Avropa İttifaqının üzvü deyil və həm bizim, həm də onların qarşılıqlı marağı gündən-günə artır. Böyük Britaniyanın BP şirkəti bizim strateji tərəfdaşımızdır. Biz keçən il bu tərəfdaşlığın artıq 25 illiyini qeyd etmişdik və bundan sonra ən azı 25-30 il birlikdə çalışacağıq:

"Əlbəttə ki, bu, ikitərəfli münasibətlərə də müsbət təsir göstərdi. Ancaq hər iki tərəfin fikri ondan ibarətdir ki, biz qeyri-neft sektorunda daha böyük işlər görməliyik. Bir sözlə, bu əlaqələr də bizim üçün çox önəmlidir.

Bildiyiniz kimi, biz hazırda Qoşulmama Hərəkatının sədriyik və bu sədrliyi 120 ölkənin yekdil qərarı ilə qazanmışıq. Bu sədrliyi öz üzərimizə götürəndə mən demişdim ki, bu, formal sədrlik olmayacaqdır. Biz beynəlxalq təşkilatlarda Qoşulmama Hərəkatına üzv ölkələrin maraqlarını, eyni zamanda, beynəlxalq hüququ, ədaləti dəstəkləyəcəyik və bunu əməli işlərdə göstərdik. Pandemiya dövründə bizim təşəbbüsümüzlə Qoşulmama Hərəkatının, eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşləri keçirildi. Biz Qoşulmama Hərəkatına üzv ölkələrə həm birbaşa, həm də Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə humanitar yardım göstərdik. Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinin təşəbbüskarı biz olmuşuq və bu təşəbbüsə bildiyiniz kimi, 130-dan çox ölkə qoşuldu. Hesab edirəm ki, bu, bizim növbəti siyasi uğurumuzdur".

Oxunma sayı 1205
Siyasət rubrikasından digər xəbərlər