BMT havanın keyfiyyəti haqqında yeni layihəyə start verib  

19:23 19.02.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Araşdırmalara görə, çirklənmiş hava ildə, təxminən, 4.2 milyon insanın vaxtsız ölümünə səbəb olur

Əbu-Dabidə keçirilən Ümumdünya Urbanizasiya Forumunun 10-cu sessiyasında dünyada havanın keyfiyyəti haqqında ən böyük bankın yaradılması üzrə yeni layihəyə start verilib. Azərtac BMT-yə istinadla xəbər verir ki, bu gün hər on nəfərdən doqquzu, yəni dünya əhalisinin 92 faizi çirklənmə səviyyəsinin normadan artıq olduğu hava ilə nəfəs alır. Çirklənmiş hava ildə təxminən 4.2 milyon insanın vaxtsız ölümünə səbəb olur. Əsas qurbanlar qadınlar və kiçik uşaqlardır. Az inkişaf etmiş ölkələrdə 5 yaşına qədər uşaqların 98 faizi toksik hava ilə nəfəs alır. Nəticədə hər il 15 yaşına qədər 600 min uşaq ölür.

Dünya Bankının hesablamalarına görə, havanın çirklənməsi ilə əlaqədar səhiyyə və sosial təminat xərcləri 5 trilyon dollar təşkil edir, potensial gəlir isə 225 dollara qədər azalır. Bu məbləğ dünyada 3 ən zəngin ölkədən biri olan Yaponiyanın ümumi daxili məhsuluna bərabərdir.

Bu problemlə mübarizə çərçivəsində BMT-nin Ətraf mühit Proqramı (YUNEP) və BMT-nin Yaşayış Məntəqələri Proqramı (Habitat) havanın keyfiyyəti haqqında ən böyük məlumat bankı yaradıb. Orada real vaxtda havada bərk maddə hissəciklərinin tərkibi haqqında informasiya qeydiyyatdan keçirilir. Həmin təşəbbüs bu həftə 10-cu Urbanizasiya Forumu keçirilən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təqdim edilib. Hal-hazırda bazaya hökumət də daxil olmaqla 4 mindən artıq provayderdən məlumatlar daxil olur. Artıq 15 milyondan çox istifadəçi bazaya giriş edə bilir.

Məlumatda həmçinin vurğulanır ki, bu gün şəhərlərdə 3.5 milyard insan yaşayır, bu isə dünya əhalisinin 55 faizi deməkdir. 2030-cu ilə isə şəhər sakinlərinin sayı 5 milyarda çatacaq ki, bu da əhalinin 75 faizini təşkil edəcək. Sürətli urbanizasiya sənayeləşmə sahəsində də yeni imkanlar vəd edir, lakin bununla yanaşı, ətraf mühitin, xüsusən, nəfəs aldığımız havanın çirklənməsinə gətirib çıxarır.

Qeyd edək ki, bu gün ölkəmizdə atmosfer havasının müzafizəsi hökümət üçün əsas prioritetlərdəndir. Son illər bu istiqamətdə atılan addımlar beynəlxalq ekspertlərin də diqqət mərkəzindədir. Məsələn, ötən illərdə Finlandiya Meteorologiya İnstitutu və Finlandiya Ətraf Mühit İnstitutu Azərbaycanda havanın keyfiyyətinin idarə edilməsi və monitorinqinin inkişafı üzrə Tvinninq layihəsində iştirak ediblər. Layihə iki il yarım davam edib və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı ilə icra olunub. Layihə çərçivəsində fin ekspertləri tərəfindən Bakıya və Azərbaycanın digər regionuna 80 səfər həyata keçirilib.

Layihə Azərbaycanda ətraf mühitin vəziyyətinə nəzarətin gücləndirilməsinə yönəldilib. Fin ekspertləri bu qənaətə gəliblər ki, Azərbaycan havanın keyfiyyətinin yaxşılaşdırılmasına səy göstərir. Layihənin gedişində Azərbaycanda havanın keyfiyyətini ölçmə sisteminin dəstəklənməsi üzrə fəaliyyət planı işlənib hazırlanıb. Layihə çərçivəsində nəticələr barədə məlumatın şəffaflığına və yayılmasına xüsusi diqqət ayrılıb. Havanın keyfiyyətinin mühümlüyü barədə məlumatlılığın yüksəldilməsi üçün seminarlar təşkil olunub.

Tvinninq üzrə Aİ-nin müşavir-rezidenti Katya Loven bildirib ki, bu istiqamətdə Azərbaycanın islahatlara və yeni layihələrə bağlılığı mühüm əhəmiyyət kəsb edir: “Məlumatlılığın yüksəldilməsi baxımından çox mühümdür ki, bu məsələyə cavabdeh olan yerli nazirliklər bizim məqsədimizə sadiq olsunlar, nəticələri hamı üçün əlçatan etsinlər. Hazırda monitorinqin göstəriciləri Bakıdakı stansiyaların birində real vaxt rejimində nazirliyin veb-saytında yerləşdirilib. Bu, hətta layihə başa çatsa belə, havanın keyfiyyəti məsələsinin aktuallığını qoruyub saxlayır. Bu, ölkənin 2019-2023-cü illərdə yeni avtomatik monitorinq stansiyalarını quraşdırmaqla, ölçmə stansiyaları şəbəkəsini möhkəmləndirmək qərarına gəlməsində öz təzahürünü tapıb”.

Qeyd olunub ki, Azərbaycan, ümumilikdə müasir texnologiyalarla təchiz olunan 25 ədəd avtomatik hava keyfiyyətinin monitorinqi stansiyası əldə etməyi planlaşdırır. İlk beş yeni stansiya Bakıda, qalan 20 stansiya isə ölkənin müxtəlif yerlərində quraşdırılacaq.

Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəzi iaşə obyektləri və şadlıq saraylarına atmosfer havasının mühafizəsinə dair növbəti dəfə xəbərdarlıq edib. Qurumun departament direktoru Ramal Bağırov jurnalistlərə bildirib ki, axşam saatlarında yenə havaya tüstünün, iy-qoxunun yayılması ilə bağlı şikayətlər daxil olub: “Mütəxəssislərimiz tərəfindən restoranlarda təkrar monitorinqlər aparılıb və məlum olub ki, paytaxtın Nizami və Xətai rayonlarında fəaliyyət göstərən bəzi şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atılır. Restoranlarda təmizləyici qurğular quraşdırılsa da, təəssüf ki, onlara vaxtında qulluq edilmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır. Buna görə də obyekt sahiblərinə xəbərdarlıqlar olunub ki, filtrləri vaxtında dəyişsinlər, havaya atılmaların qarşısını alsınlar və sakinlərə diskomfort yaratmasınlar”.

Xatırladaq ki, “Atmosfer havasının mühafizəsi haqqında” qanuna əsasən,

atmosfer havasına atılan zərərli maddələrin və olan zərərli fiziki təsirin mənbələrinə malik olan hüquqi və fiziki şəxslər atmosfer havasının mühafizəsinə dair tədbirləri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırdıqdan sonra həyata keçirirlər. Müvafiq icra hakimiyyəti orqanı zərərli maddələrin həcminin azaldılmasına dair tədbirləri, atmosfer havasının monitorinqi üzrə məlumatları, zərərli maddələrə nəzarətin və onların yayılması miqyasının nəticələrini nəzərə alaraq atmosfer havasının mühafizəsinə dair məqsədli (müəyyən dövr üçün) proqramlar hazırlayır və həyata keçirir.

Sənəddə vurğulanıb ki,atmosfer havasının mühafizəsinə dair tədbirlər ətraf mühitin digər obyektlərinə zərər vurmamalıdır. Atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına dair tədbirlərin həyata keçirilməsində əhalinin və qeyri-hökumət təşkilatlarının təkliflərini nəzərə almaq məqsədilə atmosfer havasının mühafizəsinə dair proqram layihələri onların müzakirəsinə çıxarıla bilər.

Qanuna əsasən, atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri, habelə atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Müvəqqəti razılaşdırılmış atılma atmosfer havasına zərərli maddələrin atılmasının texniki normativlərinə əməl edilməsi və onların miqdarının azaldılması üzrə tədbirlər planının olması şərti ilə, atılmanın yol verilən həddinə mərhələlərlə nail olunması müddəti üçün müəyyən edilir. Atılmanın yol verilən həddinə mərhələlərlə nail olma müddətlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İnsan sağlamlığına və ətraf mühitə təhlükə dərəcəsi nəzərə alınmaqla, atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması tədbirlərini hüquqi və fiziki şəxslər hazırlayır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra həyata keçirirlər.

Sənəddə habelə qeyd olunub ki, təsərrüfat obyektlərinin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismarı zamanı atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərinə riayət edilməsinə dair tələblər təmin olunmalıdır. Şəhər və digər yaşayış məntəqələrinin hüdudlarında, yanında, habelə şəhər və digər yaşayış məntəqələrinin salınması, yenidən tikintisi zamanı atmosfer havasının keyfiyyət normativlərinə zərərli təsir edən təsərrüfat obyektləri layihələşdirilərkən, yerləşdirilərkən atmosfer havasının çirklənməsinin fon səviyyəsi və təsərrüfat fəaliyyətinin həyata keçirilməsi nəticəsində onun keyfiyyətinin dəyişməsi nəzərə alınmalıdır.

Qanuna görə, əhalinin yaşayış yerlərində atmosfer havasının mühafizəsi məqsədilə müəssisə və təşkilatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada sanitar-mühafizə zolaqları ayrılır. Belə sanitar-mühafizə zolaqlarının ölçüləri atmosfer havasına atılan zərərli maddələrin yayılma dərəcəsi, müəssisə və təşkilatların sanitar təsnifatı ilə müəyyən edilir.

Digər tərəfdən, yeni salınan və ya yenidən qurulan təsərrüfat obyektlərində atmosfer havasına zərərli maddələrin atılmasının və zərərli fiziki təsirlərin atılmanın texniki normativlərindən və yol verilən həddindən, zərərli fiziki təsirlərin yol verilən həddindən artıq olmaması təmin olunmalıdır. Atmosfer havasının mühafizəsi qaydalarında nəzərdə tutulmuş qaztoztutucu qurğuları və atmosfer havasına atılan zərərli maddələrə ölçü-nəzarət vasitələri olmayan təsərrüfat obyektlərinin yerləşdirilməsi və istismarı qadağandır.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Sosial rubrikasından digər xəbərlər