Bu gündən yaz ağac əkini mövsümü başlayır

19:10 02.03.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimaiyyət nümayəndələrini yaz ağacəkmə aksiyalarında iştiraka dəvət edir

“Təbiət könüllüsü, yaz əkininə sən də qoşul!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 3 mart 2020-ci il tarixində yaz ağac əkini mövsümünə start verilir. Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, Novruz bayramının od çərşənbəsi günündə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində Nazirliyin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçiriləcək: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimaiyyət nümayəndələrini yaz ağacəkmə aksiyalarında iştiraka dəvət edir”.

Qeyd edək ki, yaşıllaşdırma şəhərsalma siyasətinin mühüm tərkib hissəsi olaraq şəhər və şəhərətrafı ərazilərdə ətraf mühitin sağlamlaşdırılmasına xidmət edir. Son illər xüsusilə Bakı şəhərində davam edən irihəcmli tikintilər, əhali artımı, şəhər infrastrukturunun sürətlə böyüməsi, atmosferə buraxılan zərərli qazlar və digər antropogen amillər mövcud yaşıllıq sahələrinin qorunmasına və genişləndirilməsinə kəskin ehtiyac yaradıb. Hazırda Bakı şəhərində mövcud olan yaşıllıqların ümumi sahəsi təxminən 14 min hektardır ki, bu da adambaşına 6 kvadratmetr təşkil edir. Bu baxımdan mütəxəssislər hesab edirlər ki, yaşıllıqların qorunması, miqyasının daha da genişləndirilməsi qarşıda duran ən mühüm vəzifədir və onların vacib olmayan tikintilər altına düşərək kəsilməsi hallarının olması yolverilməzdir.

Ekspertlər vurğulayırlar ki, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihələr həyata keçirildikdə qurumuş, təhlükə yaradan və xəstə ağaclardan başqa, ağac kəsilməsi qaydalara ziddir. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar çərçivəsində ağacların köçürülməsi dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda mümkündür.

Mütəxəssislər hesab edirlər ki, yaşıllaşdırma, meşəsalma və bərpa işləri nəticəsində meşə sahələrinin ümumi torpaq sahələrinə nisbəti artacaq, yolkənarı ərazilərdə atmosfer havasının çirklənmədən qorunması, eləcə də nəqliyyatın hərəkətindən yaranan səs-küyün azaldılmasına nail olunacaq.  Müasir ekoloji tələblərə görə isə ölkə ərazisinin minimum 20-25 faizi meşə ilə örtülməlidir. Ölkəmiz üzrə bu rəqəm təxminən12 faizə bərabərdir. Ona görə də, ölkəmizdə bu sahəyə ciddi diqqət yetirilir. Təkcə bir faktı xatırlayaq ki, 2010-cu ildə - "Ekologiya ili"ndə ölkəmizdə 20 milyondan çox ağac əkilib. Sonraki illərdə də bu tendensiya davam etdirilib və etdirilməkdədir.

Xatırladaq ki, Azərbaycanda çox iri və iri şəhərlərdə hər adama düşən yaşıllıq sahəsi 10, böyük şəhərlərdə 9, orta şəhərlərdə 7 kv.m olmalıdır. Bu normalar Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”nda öz əksini tapıb.  Sənədə görə, normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər, dövlət orqanları və bələdiyyələr tərəfindən riayət edilməlidir. Normalara əsasən, yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40 faizini təşkil etməlidir.Əhalinin mövcud məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən yaşıllıq faizi isə həmin ərazinin minimum 25 faizini təşkil etməlidir.

Əhalinin məskunlaşma ərazisi tərəfdən sanitariya-mühafizə zonasının eni 100 metrədək olduqda eni 20 metr və 100 metrdən çox olduqda isə 50 metr ağac-kol bitkilərindən ibarət arasıkəsilməz yaşıllıq zolağının salınması nəzərdə tutulmalıdır.

Bundan başqa, ətraf mühitin mövcud vəziyyəti (atmosferin fon çirklənmə səviyyəsi, ərazinin relyefi, istehsalatın xüsusiyyətləri, meteoroloji amillər və s.) nəzərə alınaraq sanitariya-mühafizə zonasının eni dəyişdirilə bilər. Yaşayış məntəqələrində küçə və prospektlərin layihələn-dirilməsi zamanı bir adama düşən yaşıllıq norması çox iri, iri və böyük şəhərlərdə 5 kvadrat metr, orta şəhərlərdə 4 kvadratmetr, digər yaşayış məntəqələrində isə 3 kvadratmetr olmalıdır.

Əhalinin ümumi istifadəsində olan yaşıllıq sahələrindən, sanitariya-mühafizə zonalarının ölçülərindən, təbii iqlim və yerli şəraitin digər xüsusiyyətlərindən asılı olaraq, tingliklərin (şitilliyin) sahəsi bir adam üçün 0,2-0,4 kvadratmetr nəzərdə tutulmalıdır.

Beynəlxalq Səhiyyə Təşkilatının bu sahədə qəbul etdiyi normaya əsasən, şəhərlər üçün yaşıllıq sahələri şəhərin ümumi ərazisinin 10 faizdən az hissəsini təşkil edirsə bu aşağı göstərici, 40-60 faiz hissəsini təşkil edərsə yüksək göstərici sayılır. Başqa sözlə, adambaşına yaşıllıq norması şəhərlərdə minimum 9 kvadrat metrdən az olmamalıdır.

"Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsi isə "Yaşıllıqların bərpa edilməsi" məsələsi ilə bağlıdır. Qanunda bildirilir ki, yaşıllıqların bərpasının əsas məqsədi torpaqlarda ağac və kol bitkilərinin vaxtında bərpa olunmasından, onların cins tərkibinin yaxşılaşdırılmasından, torpaqlardan əhalinin istirahəti və digər məqsədlər üçün səmərəli istifadə edilməsindən, yaşıllıqlar olmayan ərazilərdə yaşıllıq salınmasından, məhsuldar olmayan torpaqların ağac və kol bitkilərinin əkini üçün yararlı vəziyyətə gətirilməsindən və meşə fonduna daxil olmayan torpaqlarda qoruyucu əkinlərin yaradılmasından ibarətdir. Bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulanlar bərpa işlərinin, onların aparılma üsullarının və bərpa olunacaq ağac və kol cinslərinin müəyyənləşdirilməsi, həmçinin, ağac-kol bitkiləri toxumları və əkin materiallarının tədarükü və əldə olunması üçün tədbirlərin görülməsi, müvafiq ərazidə baş vermiş dəyişikliklər nəzərə alınmaqla, torpaq sahələrinin mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin müraciəti əsasında bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən yerinə yetirilir. Bərpa tədbirlərinin daha səmərəli həyata keçirilməsi üçün yaşıllıqlara qulluq, qiymətli ağac və kol cinslərinin sort sınağı üzrə işlər aparmaq, torpaqların münbitliyini artırmaq, onların su və külək eroziyasının, bataqlaşmasının, şoranlaşmasının və torpaqların vəziyyətinin pisləşməsinə səbəb olan digər proseslərin qarşısını almaq, habelə yaşıllıqların cins tərkibini yaxşılaşdırmaq, onların qoruyucu xüsusiyyətlərini artırmaq əsas şərtlərdəndir. Bütün növ yaşıllıqların zədələnməsi və məhv olması hallarında əvəzli yaşıllaşdırma aparılması (yaşıllıqların bərpa edilməsi) məcburidir.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin verdiyi fərmanda  da yaşıllaşdırma işi mühüm bir vəzifə kimi önə çəkilib. Konsepsiyanın əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır.

Sənəddə biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, dənizin və onun akvatoriyasının çirklənməsinin aradan qaldırılması və qorunması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində zəruri tədbirlərin gələcəkdə də davam etdiriləcəyi bildirilir.

Yeri gəlmişkən onu da xatırladaq ki, ötən il ölkəmizdə ağacəkmə ilə bağlı geniş bir aksiya baş tutdu. Belə ki, 2019-cu il dekabrın 6-da Azərbaycanda bir gün ərzində indiyədək görünməmiş sayda - 650 min ağac əkildi. Bu ekoloji aksiya dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirildi. Qeyd edək ki, ağacəkmə aksiyası respublikanın bütün regionlarını əhatə etdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacların əkiləcəyi yerləri əks etdirən xəritə hazırlandı. Xəritədə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın regionlarında ağacların əkiləcəyi yerlər qeyd olundu. Aksiyada nazirliyin tinglik təsərrüfatlarında yetişdirilən 50 növə yaxın ağac əkildi.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Sosial rubrikasından digər xəbərlər