Bu ölkənin birinci vitse-prezidenti də koronavirusa yoluxdu- Günün təzadları

18:41 04.03.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İranın daha bir vitse-prezidentinə koronavirus diaqnozu qoyuldu. Hafta.az-ın yazdığına görə, “Report” “Əl- Ərəbiya”ya istinadla xəbər verir ki, ölkənin birinci vitse-prezidenti İsaq Cahangiridə koronavirus aşkarlanıb. Bildirilib ki, İranın hökumət rəsmisi ailəsi ilə birgə evdə karantin altındadır. Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin sayının 92 nəfər olduğunu açıqlayıb. Daha 586 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 922 nəfərə çatıb. Eyni zamanda 552 nəfər koronavirusdan sağalıb. Ölkənin sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub. Bundan başqa, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi və İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb.

 

Azərbaycanda nazir işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov martın 4-də Rövşən Məmmədovun Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Hafta.az yazır ki, "Report"un xəbərinə görə, sərəncamla Rövşən Həmid oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilib.  Vasif Talıbovun eyni tarixdə imzaladığı fərmana əsasən Vüsal Şəmsəddin oğlu Sevdimaliyev Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilib. Qeyd edilir ki, Vüsal Sevdimaliyev bundan əvvəl "Naxçıvanpoçt" publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb.

 

Gəncədə iki yeniyetmə Çərşənbə tonqalına düşərək xəsarət aldı

Gəncədə 14 yaşlı oğlan bayram tonqalına düşərək yanıq xəsarətləri aldı. Hafta.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şeyx Bahəddin küçəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Mehdiyev Əli İlham oğlu ocağı yandırarkən ehtiyatsızlıqdan yanıb. 14 yaşlı oğlan dərhal xəstəxanaya çatdırılıb. Ona üzünün və əlinin 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub, vəziyyətinin kafi olduğu bildirilir.

Digər hadisə isə şəhərin Mikayıl Hüseynov küçəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Abbasov Rəşad Rizvan oğlu tullanan zaman tonqala düşüb. O, dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və lazımi tibbi yardım olunub. Xəstəyə sağ yuxarı ətrafın 1-ci və 2-ci dərəcəli yanıq diaqnozu qoyulub, vəziyyətinin orta ağır olduğu bildirilir.

 

23 il günahsız həbsdə yatdıqdan sonra zəngin oldu

Təqsirsiz olduğu halda səhv ittihama görə 23 il həbsdə yatan kişi təzminat aldıqdan sonra zəngin oldu. Hafta.az bu barədə Musavat.com-a istinadla  xəbər yayıb. Məlumata görə, ABŞ-ın Kanzas ştatının sakini 17 yaşlı Lomont Makintayr törətmədiyi iki cinayətə görə, ömürlük həbs cəzasına məhkum edilib. 2017-ci ilin oktyabrında Uayandot dairə məhkəməsi işə baxıb və o, azadlığa buraxılıb. 2019-cu ildə 43 yaşlı kişi günahsız yerə həbs olunan məhkumlara pul təzminatı almaq imkanı verən qanuna uyğun olaraq Kanzas ştatına qarşı iddia qaldırıb. Nəticədə, ötən ayın sonunda Baş Prokurorluq bu işə baxıb və Makintayra 1.5 milyon dollar təzminat ödənilməsi barədə qərar verib. Ona həm də günahsızlıq şəhadətnaməsi və 2020-2021-ci illərdə güzəşti tibbi yardım üçün dövlət proqramında iştirak etmək icazəsi verilib. İstintaq materialları və DTN barədə informasiya ləğv ediləcək, o, həyatına təmiz səhifədən başlaya biləcək.

 

İsrail generalı da virusa görə karantinə alındı

İsrail ordusu -"SAXAL" ın Baş Qərargahı operativ əməliyat idarəsinin rəisi  İtaliyaya xüsusi səfərdən qayıtdıqdan sonra koronavirusa yoluxma şübhəsi ilə  karantinə yerləşdirildi.  Hafta.az yerli mediaya istinadla xəbər verir ki,  general-mayor Aaaron Halivaya evdə təcrid olunmuş vəziyyətdə qalmaq əmri verilib.   “Kanal -12” -də yayımlanan  xəbərə görə isə, İtaliyadan qayıtdıqdan sonra və təcrid olunmadan əvvəl  A. Haliva Baş nazir Benyamin Netanyahu ilə görüşdə iştirak edib.  Ancaq eyni mənbə Netanyahu və  general-mayorun bir-biri ilə birbaşa təmasa girmədiyini aydınlaşdırıb.  Səhiyyə Nazirliyinin təlimatlarına əsasən təcrid olunmuş şəxslə təmasa girən bir insan risk altında deyil və təcrid olunmamalıdır. Buna görə Səhiyyə Nazirliyinin məhdudiyyətləri Netanyahuya şamil edilmir.  Daha əvvəl xəbər verilib ki, Səhiyyə Nazirliyi İsraildə daha üç koronaviruslunun tapıldığını açıqlayıb. Hamısının xəstəliyi yüngül formada keçirdiyi bildirilir.  Xəstələrdən biri yuxarı sinif şagirdi, digəri isə orta məktəblərdən birinin direktor müavinidir. Həmin müəllimin dərs dediyi 100 şagird də karantinə alınıb. Ümumilikdə ölkədə 15 koronavirus xəstəsinin olduğu bildirilir.

 

Xəstəxanadan 2 min tibbi maska oğurlandı

Fransada Marsel xəstəxanasından naməlum şəxslər iki min tibbi maska oğurladılar. Hafta.az-ın yazdığına görə, “Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” tibb müəssisəsindəki mənbəyə istinadla məlumat yayıb. Agentliyin məlumatına görə, maskalar cərrahiyyə şöbəsindəki həkimlər və xəstələr üçün nəzərdə tutulurdu: “Hazırda oğurluğu edən şəxs və ya şəxslərin tapılması istiqamətində daxili araşdırma aparılır. Ayrıca, bütün işçilərə bu maskaların yalnız peşə məqsədləri üçün istifadə edildiyini vurğulayan məktub da göndərilib”. Agentlik xəstəxananın normal işləməsi üçün kifayət qədər maska ehtiyatının olduğunu da bildirib.