Çilidə pandemiya səbəbindən yaranmış böhranla bağlı etirazlar başlayıb

12:26 21.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çilinin paytaxtı Santyaqonun bir sıra rayonlarında yüzlərlə insan küçələrə çıxaraq koronavirus pandemiyası səbəbindən yaranmış sosial böhranla bağlı hökumətdən kömək istəyib.

Ölkədə koronavirusa artıq 46 mindən çox yoluxma faktı qeydə alınıb, 478 nəfər isə bu xəstəlikdən həyatını itirib.

Santyaqonun mərkəzində yerləşən “Telefónica” binasının üzərinə "Aclıq" sözü proyeksiya olunub və sosial şəbəkələr vasitəsilə etiraz aksiyalarına çağırışlar edilib. Yerli KİV-lər mərkəzi Estación Central rayonunda və şəhərin bəzi yerlərində kiçik barrikadaların quraşdırılması, həmçinin avtobusun yandırılması barədə xəbərlər yayıblar.

Çili prezidenti Sebastian Pinera ən çox ehtiyacı olan ailələrə 2,5 milyon paket qida, yuyucu və gigiyena məhsullarının çatdırılacağını bildirib.

Koronavirus pandemiyası 2020-ci ilin ilk rübündə Çilidə işsizliyin 8,2 faiz artmasına səbəb olub. Latın Amerikası və Karib dənizi İqtisadi Komissiyasının araşdırmalarına görə, pandemiya böhranı nəticəsində 215 milyon insan yoxsulluq həddinə çatacaq. Qeyd edək ki, bu, region əhalisinin 34,7 faizini təşkil edir.

Oxunma sayı 234