Çimərlik mövsümü başladı, dənizə getməyin hansı faydaları var? - HƏKİM RƏYİ

12:30 05.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Pandemiya səbəbilə insanların evə qapanması onlarda stress faktorunun üzə çıxmasına səbəb oldu. Çimərliklərin açılması insan orqanizminə üç cəhətdən faydalı olacaq. İlk olaraq günəş vannasının qəbulu, duzlu sudan istifadə və təmiz dəniz havası insanların sağlamlığa çox böyük təsir göstərəcək.

Bu sözləri hafta.az həkim ekspert Məlahət Hümmətqızı çimərlik mövsümünün başlamasına və dəniz suyunun insan orqanizm üçün faydaları barədə danışarkən dedi. 

Həkim bildirdi ki, havanın sərin keçməsinə baxmayaraq inanlar D vitamini qəbul edə biləcək:

"Çimərliklərin açılması ilə dənizin suyu, havası, günəş şüası immuniteti gücləndirəcək. Dəniz suyunun tərkibində 104 faydalı element, vitamin və minerallar var. Kalium xlorid dərinin elastikliyini artırır, səthi hamarlaşdırır, ona təravətli edir. Dəniz dalğaları dəriyə yüngül masaj effekti göstərərək, dərini oksigenlə zənginləşdirir, qan dövranının işini yaxşılaşdırır, təzyiqi aşağı salır. Dəniz suyu duzlu olduğuna görə burun-boğaz həkimləri hər zaman tənəffüs orqanlarını bu suyla yaxalamağı tövsiyə edirlər. Onun tərkibindəki vitamin və mineralların sayəsində burun ifrazatı atılır, qrip xəstəliklərinin qarşısı alınır. Dəniz suyu dərini təmizləyir. Ekzema kimi dəri xəstəliklərini müalicə edir. Sızanaqların, qara nöqtələrin əmələ gəlməsini önləyir. Duzlu su dərini ölü hüceyrələrdən təmizləyir. Diş ağrısı zamanı dəniz suyunu qarqara etdikdə ağrı keçir, ağızda olan yaraları sağalır. Həmçinin, alimlərin tədqiqatları nəticəsində dəniz suyunun tərkibindəki vitamin və mineralların insan bədənində olan 84 maddə ilə oxşarlığı aşkarlanıb. Məsələn, insan qanı ilə dəniz suyu bir-birinə bənzəyir". 

Ekspert çimərliyin xeyri ilə yanaşı, zərərli tərəflərinə də toxunudu. Bildirdi ki, dəniz suyunun faydaları ilə yanaşı, zərərli cəhətləri də var:

"Dəniz suyu qulaq, burun-boğaz, sidik yolları ilə yanaşı, ishal kimi problemlərə də səbəb ola bilər. Buna görə dənizə girdikdən sonra qulaq və qarın ağrıları müşahidə olunur. Çünki insanlar dəniz suyunu udurlar, bunun sayəsində qulaq və burun boşluğuna su gedir. Dənizə atılan tullantılar nəticəsində orqanizmdə müəyyən problemlər yaranır. Dənizin çirkləndirilməsi səbəbindən müəyyən bakteriya və mikroblar insan orqanizmi üçün təhlükə əmələ gətirir".

Oxunma sayı 3673