Danışıqlar prosesində tərəqqi olmayana qədər Ermənistan ilə hər hansı bir əməkdaşlıqdan söhbət gedə bilməz - Prezident

23:32 15.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Danışıqlar prosesində tərəqqi olmayana qədər Ermənistan ilə hər hansı bir əməkdaşlıqdan söhbət gedə bilməz.

Hafta.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqində deyib.

Dövlət başçısı bildirib:

"Mən demişəm və bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri bunu bilirlər. Baxmayaraq, təxminən son 17 il ərzində dəfələrlə mənə təkliflər edilib ki, Ermənistanla hansısa formada əməkdaşlığa başlayın, - humanitar, etimad tədbirlərinin gücləndirilməsi və digər. Mən demişəm, biz buna hazır ola bilərik, ancaq biz danışıqlar prosesində tərəqqi görməliyik. Görməliyik ki, biz artıq addım-addım sülh razılaşmasına yaxınlaşırıq. Əgər bu yoxdursa, onda bu əməkdaşlığın nə mənası var? Bu əməkdaşlıq ancaq bizim ziyanımıza ola bilər. Bu gün də bu mövqedəyəm. Gedin, işğalçı dövlətə təzyiq edin, başına ağıl qoyun, nəhayət, sözünüzü deyin ki, onlar bizim torpağımızdan çıxmalıdırlar. Əgər bu baş tutacaqsa və belə bir perspektiv real görünəcəksə, bəli, biz ondan sonra hansısa addımların atılmasını təmin edə bilərik. Ancaq indiki şəraitdə Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən buna cavab verirəm. Xarici İşlər Nazirliyi hansısa səviyyədə buna cavab verib, yoxsa yox? Mən eşitməmişəm, Azərbaycan xalqı da eşitməyib. Bunu, ilk növbədə, kim etməlidir? Xarici İşlər Nazirliyi, susur. Mən demişəm ki, danışıqlar prosesində tərəqqi olmayana qədər Ermənistan ilə hər hansı bir əməkdaşlıqdan söhbət gedə bilməz. Sən demə, COVID müzakirə olunur. Yəni, biz COVID-lə bağlı erməni işğalçılara köməklikmi göstərməliyik?!"

Oxunma sayı 1940
Siyasət rubrikasından digər xəbərlər