“Daşkəsəndə 3 nəfər koronavirusa yoluxub” – Kamran Bayramov

11:53 06.04.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Mütəmadi olaraq Şəmkir və Daşkəsən rayonlarının icra hakimiyyətləri, eləcə də seçicilərimizlə əlaqə saxlayırıq. Məndə olan rəsmi məlumatlara görə, hələ ki, Şəmkirdə yoluxma faktı qeydə alınmayıb. Daşkəsəndə isə 3 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb. Hər üç şəxsin vəziyyəti kafidir”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Kamran Bayramov deyib. Millət vəkili bildirib ki, o, mütəmadi olaraq rayon rəhbərliyi ilə sıx əlaqədədir və hər şey bu rayonlarda nəzarət altındadır:

“Daşkəsən və Şəmkirdə əhali hökumətimizin tövsiyyələrinə və ciddi karantin tədbirlərinə, eləcə də evdən bayıra çıxmamaq çağırışlarına və tələblərinə ciddi əməl edirlər. Müəyyən pozuntular da olur ki, bu da təbiidir. Bütün ölkə üzrə müəyyən kiçik qanun pozuntularına rast gəlmək mümkündür. Dövlət orqanları, səlahiyyətli şəxslər də buna ciddi nəzarət edirlər. Gündəlik olaraq mən onlarla əlaqədəyəm, ciddi problem yaşanmadığını bildirirlər. Ümid edirik ki, xoşagəlməz hallar ümumiyyətlə yaşanmayacaq”.

Millət vəkili mütəmadi olaraq sosial şəbəkələr vasitəsi ilə “evdə qal, sağlam qal” həştəqi ilə bağlı çağırışlar etdiyini də vurğulayıb. O bildirib ki, seçiciləri üçün imkan tapan kimi videomüraciət də hazırlayacaq: “Bu, həm Milli Məcilis deputatlarının, həm də səlahiyyətli şəxslərin borcudur. Maarifləndirmə işləri aparmalıyıq. Media vasitəsi ilə, hafta.az vasitəsi ilə nəinki seçicilərimə, bütün xalqa müraciət etmək istəyirəm ki, evdə qalmaqla tövsiyyələrə əməl etməklə özümüzün və doğmalarımızın sağlamlığını qoruyuruq. Ətrafımızdakı insanları təhlükə altında qoymamağa çağırıram”.

Kamran Bayramov millət vəkili seçildiyi dairə üzrə Daşkəsən və Şəmkir rayonlarından tibbi maska, tibbi spirt və əlcəklərlə bağlı ona müraciət daxil olmadığını bildirib:

“Sözün düzü, bu kimi şikayətlərlə bağlı hələlik mənə hər hansı şikayət daxil olmayıb. Digərlərindən fərqli olaraq mən bu məsələyə ayrı tərəfdən baxıram. Tibbi maska və əlcəklərin qıtlığının yaranması təbiidir. Təsəvvür edin ki, son bir neçə gün ərzində bu kimi ləvazimatlara təlabat birdən-birə artdı. Ölkədə olan tibbi maska və əlcək ehtiyatları bu təlabatları ödəməyə imkan vermir. Onu da bilirik ki, yaxın vaxtlarda ölkədə tibbi maska istehsal edəcək müəssisə də açılmalıdır. Eyni zamanda bu kimi ləvazimatlar xaricdən də gətirilir. Düşünürəm və əminəm ki, yaxın gələcəkdə bu təlabat tam ödəniləcək. Bir daha vurğulayım ki, seçildiyim dairəmdən bu kimi çatışmazlıqların olması ilə bağlı şikayət almamışam. Rayon rəhbərlikləri aptekləri gəzir, maraqlanırlar. Tibbi maska, əlcək, tibbi spirt qıtlığının olub-olmaması ilə bağlı məlumat əldə edirlər. Vəziyyətə birbaşa nəzarət olunur”.

Oxunma sayı 517
Siyasət rubrikasından digər xəbərlər