Dost ölkədən əvəzsiz yardım – köçkünlərə qurban əti paylanıldı

20:55 22.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı hər il olduğu kimi, bu il yenə də Azərbaycana qurban ətindən ibarət yardım göndərib. Konkret 60 ton həcmində yardım “Qurban əti istifadəsi” layihəsi çərçivəsində, Həcc mövsümündə qurban kəsilmiş 5 min xırdabuynuzlu heyvan cəmdəyindən ibarətdir.

İslam İnkişaf Bankının xətti ilə çatdırılan yardım Biləsuvar, Cəbrayıl və Beyləqan rayonları ərazisində məskunlaşmış məcburi köçkünlərə paylanılması üçün fevralın 22-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təhvil verilib.

 

Hər ailəyə 8 kilo 470 qram ət

 

“Həftə içi” qəzeti adından iştirak etdiyimiz təhvil-təslim mərasimində söhbətləşdiyimiz Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi təchizat-istehsalat idarəsinin rəisi Nizami Allahverdiyev bildirib ki, hər il olduğu kimi, bu il də Azərbaycana göndərilən qurbanlıq ət yardımı yüzlərlə ailənin qazanında qayn, ümumi çəkisi 60 min kiloqramdır. Yardımı Cəbrayıl rayonundan olan məcburi köçkünlərə paylamağı nəzərdə tutmuşuq. Bu yerdə qeyd edim ki, hər il olduğu kimi, bu il də məhz Biləsuvarda təhvil verilməsinin səbəbi, ən çox cəbrayıllı məcburi köçkünün məhz bu bölgədə məskunlaşmasıdır. Biləsuvar ərazisində Cəbrayıldan olan məcburi köçkünlərin yaşadığı 11 qəsəbə mövcuddur ki, onlarda toplam 4456 ailə yaşayır. Əlbəttə, 150 qutu və ya tonyarım ət Çocuq Mərcanlı qəsəbəsinin sakinlərinə göndəriləcək”, - deyən N.Allahverdiyev əlavə etdi ki, hazırda Azərbaycanın iqtisadi-sosial inkişafını nəzərə alan beynəlxalq təşkilatlar azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardımları dayandırdığı bir vaxtda, Səudiyyə Krallığından davamlı şəkildə belə yardımın göndərilməsi təqdirəlayiqdir və alqışlanmalıdır.

Maraqlıdır, xaricdən gələn yardımın əsl sahiblərinə çatdırılması prosesi necə həyata keçiriləcək, nəzarət olacaqmı? N.Allahverdiyev deyir ki, şəxsən bu prosesi nəzarətdə saxlayacaq. “Biz yardımı fərd hesabı ilə deyil, ailələrə çatdırmağı qərarlaşdırmışıq. Dediyim kimi, neçə nəfərdən ibarət olmasına baxmayaraq, hər ailəyə 8 kiloqram 470 qram ət verilməsi nəzərdə tutulub. Ət paylansın, iki gün sonra özüm camaatla görüşüb, yardımı alıb-almadıqlarını soruşacağam” deyən “Qaçqınkom” rəsmisi, bizi bu işdə hansısa qanun pozuntusuna yol verilməyəcəyinə əmin edib.  

 

“Çox istərdik ərazilər azad olunsun”

 

Nizami Allahverdiyevlə söhbətimizi bitər-bitməz İcra Hakimiyyəti başçısının kabinetinə tələsdik. Başçı Kamal Həsənovla Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr arasında görüş başlamışdı. Çay süfrəsi ətrafında keçən görüşdə çıxış edən Səudiyyə Krallığının ölkəmizdəki səfiri bu gün belə bir xoşməramlı humanitar yardımı təqdim etməkdən məmnun olduqlarını dilə gətirdi. Bildirdi ki, Krallıq hər zaman çətinlik çəkən müsəlman ölkələrinə və xalqlarına təmənnasız kömək edir və bu missiyanı gələcəkdə də davam etdirəcək.

“Bilirik ki bir çox müsəlman torpaqları zəbt olunub və əlbəttə ki, onlar gec-tez azad ediləcək. Bu gün İslam dünyasının əsas problemlərindən olan Fələstin və Qarabağ münaqişələrinin həll olunması bizim üçün çox böyük əhəmiyyət daşıyır. Amma hər zaman bu problemlərdən söz açanda, təəssüf hissi keçiririk. Çox istərdik ərazilər azad olunsun və biz bu yerlər haqda xoş əhvalla danışaq” deyən Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr əlavə edib ki, ölkəsi hər zaman Azərbaycanı özünə dost bilib.

Səfir deyib ki, Ər-Riyad hökuməti Qarabağ münaqişəsinin həlli məsələsində birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəkləyb. İstər BMT, istər Ərəb Liqası, istərsə də İƏT (İslam Əməkdaşlıq Təşkilatı) müstəvisində keçirilən iclaslarda Səudiyyə Krallığı Azərbaycanın ərazi bütövlüyünün qorunmasını əsas tələb kimi səsləndirib. “Necə ki, Qüdsün azad olunmasını, şəhərin şərq hissəsinin müstəqil Fələstin dövlətinin paytaxtı olmasını və 1967-ci il sərhədlərinin tanınmasını istəyirik, Qarabağ üçün də ədalətli yekun qərarın verilməsini arzulayırıq. Biz hər dəfə Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu və bu torpaqların mütləq işğaldan azad olunmasının vacibliyini qeyd edirik” deyən diplomat Səudiyyə Krallığı ilə Azərbaycan arasında mövcud olan əlaqələrdən də söz açıb. Deyib ki, bu gün iki ölkə arasında hərtərəfli münasibətlər ən yüksək səviyyədədir. Özü də sevindirici haldır ki, əlaqələr həm rəsmi hökumətlər, həm də sadə xalqlar səviyyəsində qırılmaz tellərlə bağlıdır. Bunun başlıca səbəblərindən birinin isə, əlaqələrin hər zaman dövlət rəhbərlərinin diqqətində olmasıdır.

“Səudiyyə Ərəbistanı kralı və vəliəhd şahzadə Azərbaycanla münasibətləri yüksək dəyərləndirir. Azərbaycan tərəfindən də, vaxtilə prezident Heydər Əliyevin möhkəm əsaslar üzərində qurduğu əlaqələri bu gün prezident İlham Əliyev böyük diqqətlə davam etdirməkdədir. Hesab edirəm ki, bu gün Səudiyyə Krallığı ilə Azərbaycan arasında iqrtisadi-ticarət, turizm və sair əlaqələr ən yüksək səviyyədədir. Ölkələrimiz arasında ötən il bir sıra sazişlər bağlanıb. Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı şirkəti arasında 200 milyon dollar həcmində müaavilə bağlayıb. Krallığın ən böyük və ən köklü neft şirkəti olan ARAMCO Azərbaycanda rəsmi ofisini açıb. Sevindirici haldır ki, bu gün Səudiyyə Ərəbistanı şəhərləri ilə Bakı srasında birbaşa və çarter aviareyslər təşkil olunur” deyən səfir bildirib ki, 2019-cu ilin statistikasına əsasən, Səudiyyə Krallığından Azərbaycana 108 min turist gəlib. Bu da əvvəlki illə müqayisədə təxminən 2 dəfəyə yaxın çoxdur. O, Azərbaycandakı Asiya Universitetində ərəb dili şöbəsinin açılmasından məmnun qaldıqlarını deyərək əlavə edib ki, iki ölkə arasında sıx əlaqələr hər zaman olub və gələcəkdə daha yeni və geniş layihələr icra olunacaq.

 

Dost payı

 

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bildirib ki, Səudiyyə Krallığının Azərbaycanda icra etdiyi layihələrin müsbət nəticələri onları çox sevindirir. “Sizinlə bu fikirdə tam razıyam ki, münasibətlərimiz həm dövlər, həm də xalqlar səviyyəsində çox gözəldir. Eyni coğrafi bölgədə yaşayan xalqlarımızı tarixi, mədəni-məişət bağları, ən əsası isə İslam dini birləşdirir. Azərbaycan xalqı və dövləti olaraq hər zaman Səudiyyə Ərəbistanından hörmət görmüşük, dəstək almışıq. Biz ilk gündən Qarabağ məsələsində Səudiyyə Krallığı tərəfindən dəstəklənmişik. Siz Qüdsdən söz açdıq, biz də başa düşürük ki, bu şəhər bütün müsəlmalar üçün müqəddəsdir və mən sizin bu müstəvidə mövqeyinizi bölüşürəm, dəstəkləyirəm” deyən K.Həsənov sonda göndərilən humanitar yardımdan dolayısı səfirə minnətdarlığını bildirib və əlavə edib ki, Cəbrayıl rayon ictimaiyyəti olaraq bu yardımı dost payı kimi qəbul edir.

“Biz bu dostluğu həm dövlət, həm də xalq səviyyəsində hər zaman qoruyub saxlayacağıq”, - İcra Hakimiyyətinin başçısı bildirib.

 

1 milyon qurbanlıq paylanıb

 

K.Həsənovun sözünə qarşılıq verən səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr deyib ki, ölkəsi ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlıdır və bu müstəvidə səylərini davam etdirəcək. O, bu məsələdə İslam İnkişaf Bankının rolunu da təqdir edib.

“Biz İslam İnkişaf Bankının gördüyü işləri də yüksək qiymətləndiririk. Bu bank dünyanın çox sayda müsəlman ölkəsində vacib layihələr həyata keçirib. Bankın nümayəndələri olduqları ölkələrdə sadə insanların yaşamı ilə də maraqlanır, qayğılarını öyrənir və bu da Səudiyyə kralı tərfindən dəyərləndirilir. Məndəki məlumata görə, İslam İnkişaf Bankı bu il 25 müsəlman ölkəsində ümumilikdə 1 milyon qurbanlıq heyvanın ətini paylayıb. Bilirsiniz, elə ölkələr var ki, orada kasıbçılıq hökm sürür, insanların yaşayış şərtləri çox ağırdır. Ona görə də. Həmin ölkələrə humanitar yardımın çatdırılması vacibdir” deyən səfir əlavə edib ki, Azərbaycan kimi artıq problemlərini özü həll edə bilən ölkələrdə qaçqın və məcburi köçkünlərə hökumətləri dəstək versə də, onlar da qardaş yardımı göstərmək üçün burdadırlar.

 

Hər evə sevinc payı

 

Görüşdən sonra Səudiyyə Ərəbistanından qurbanlıq yardımı ölkəmizə çatdıran TİR-ların yanında təhvil-təslim prosesinə start verilib. Prosesə başlamadan öncə Səudiyyə Krallığının ölkəmizdəki səfiri Hamad bin Abdullah bin Səud bin Xudeyr qurbanlıq ət almaq üçün əraziyə toplaşan insanlara xitabən deyib ki, bu gün müəyyən miqdarda humanitar yardımı çatdırmaq üçün burdadırlar və buna görə çox məmnundurlar. “Dünyanın 25 müsəlman ölkəsində həyata keçirdiyimiz humanitar aksiyanın tərkib hissəsi olaraq, Azərbaycana da, son Həcc mövsümündə hacıların müqəddəs torpaqlarda qurban kəsdiyi 5 min xırdabuynuzlu heyvanın ətini gətirmişik”, - deyib səudiyyəli diplomat.   

Çıxışdan sonra TIR-ların qapıları açılıb, doğranmış və dondurulmuş qurbanlıq ətlər toldurulmuş qutuların paylanmasına başlanılıb.

Sonda qeyd edək ki, bu cür layihələr Səudiyyə Ərəbistanı Krallığının dünyanın hər yerində yaşayan qaçqın və ehtiyacı olan insanlara təmənnasız yardımı çərçivəsində həyata keçirilir. Krallıq dünyanın ən böyük donor ölkələrindən və beynəlxalq inkişafın əsas tərəfdaşlarından biridir. Belə ki, BMT-nin Maliyyə İzləmə Xidmətinin keçən ay yaydığı hesabata görə, humanitar yardım göstərmək sahəsində Səudiyyə Ərəbistanı Krallığı ərəb ölkələri arasında birinci, dünyada isə beşinci yerdədir.

Krallığın göstərdiyi yardımların məbləği 1,3 milyard dollara yaxın olub ki, bu da dünya üzrə humanitar yardımlara ödənilən ümumi vəsaitlərin 5,5 faizi deməkdir. Ümumiyyətlə, Krallıq dünya üzrə humanitar xidmət sahəsində böyük təcrübəyə və keçmişə malikdir. Məhz buna görədir ki, ona “Humanizm Krallığı” adı verilib.

Oxunma sayı 323