Dövlət əhəmiyyətli layihələrlə bağlı köçürülən ağaclara qulluq edilirmi?

18:37 06.04.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu yaxınlarda istifadəyə verilən Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsi çərçivəsində tikinti altına düşən ağaclar köçürülərək müvafiq ərazilərdə əkilib və hazırda bioloji inkişafına nəzarət olunur. Bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.

Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsinin mühüm sosial-infrastruktur əhəmiyyətə malik olduğunu və tıxacların aradan qaldırılması baxımından böyük rol oynayacağını nəzərə alaraq ictimai dinləmədən sonra tikinti altına düşən ağacların köçürülməsinə rəy verilib. Ağaclar çıxarılaraq Binəqədi və Abşeron rayonları ərazisində əkilib.

Agentlik rəsmisi məlumat üçün onu da bildirib ki, bu günlərdə Sumqayıtda və Abşeron rayonunda da belə dövlət əhəmiyyətli layihələrin icrası üçün agentliyə müraciət edilib. Layihələrin mühüm əhəmiyyəti və sosial infrastrukturun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyi nəzərə alınaraq mövcud tələblər və qaydalar çərçivəsində tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə uyğun ərazilərə köçürülməsinə, köçürülməsi mümkün olmayan bir neçə ağacın isə götürülməsinə rəy verilib: "Ümumiyyətlə, iqtisadi və sosial inkişaf tempinə uyğun olaraq ekoloji təsirlərin qiymətləndirilməsi məqsədilə bizə təqdim olunan layihələrin bir hissəsində, xüsusilə də dövlət əhəmiyyətli sosial-infrastruktur layihələrdə ağacların köçürülməsinə zərurət yaranır. Ekspertlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən ictimai dinləmələrdən sonra yaşıllıqların yerinin dəyişdirilməsi və yeni yaşıllıq sahələrinin salınması tələbi ilə rəy verilir".

Yeri gəlmişkən, bir neçə gün öncə Sumqayıt şəhər 1 nömrəli xəstəxananın ərazisində olan bəzi ağacların qırılması barədə məlumat yayılıb. Sumqayıt Şəhər İcra Hakimiyyətindən bununla bağlı verilən açıqlamada isə bildirilir ki, şəhər ərazisində əhaliyə tibbi xidmətlərin göstərilməsi, koronavirusla mübarizə məqsədi ilə mobil səyyar hospital quraşdırılır.Bu məqsədlə dövlət sifarişi ilə 1 nömrəli Sumqayıt şəhər xəstəxanasının ərazisində müvafiq yer ayrılıb. Layihənin mühüm əhəmiyyəti nəzərə alınaraq ərazidəki tikinti altına düşən ağaclarlarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub.

Nazirlik layihənin mühüm dövlət əhəmiyyətini və sosial infrastrukturun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyini nəzərə alaraq mövcud tələblər və qaydalar çərçivəsində tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə boş ərazilərə köçürülməsinə, köçürülməsi mümkün olmayan bir neçə ağacın isə götürülməsinə rəy verib.Ərazidəki bir neçə ağac budanaraq xəstəxananın həyətindəki boş əraziyə köçürülüb. Eyni zamanda ərazidəki boş sahədə 500 ağacın əkilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıq verilib və artıq ağacların əkilməsinə başlanılıb.

Qeyd edək ki, Azərbaycanda ərazisində yaşıllıqların mühafizəsi 2014-cü ildə qəbul olunan "Yaşıllıqların mühafizəsi haqqında" qanunla tənzimlənir. Qanunla müəyyən edilən qaydalar meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla ölkə ərazisindəki digər yaşıllıqlara tətbiq edilir.

Qanun yaşıllıq ərazilərində ekoloji tarazlığın təmin edilməsi, mədəni-sağlamlaşdırma mühitinin yaradılması və təmin edilməsi, yaşıllıqların mühafizəsində dövlət və bələdiyyə orqanlarının, əhalinin və qeyri-hökumət təşkilatlarının iştirakının təmin olunması, yaşıllıqların mühafizəsi sahəsində dövlət və ictimai nəzarətin aparılması, qanunvericiliyin pozulmasına görə məsuliyyəti və yaşıllıqların mühafizəsinin əsas prinsiplərini müəyyən edir.

Dövlət mülkiyyətində olan yaşıllıqların idarə olunmasını müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yaşıllıqların mühafizəsini onların mülkiyyətçiləri, idarəçiliyində və istifadəsində yaşıllıq olan şəxslər həyata keçirirlər. Texniki iqtisadi əsaslandırma, ətraf mühitə təsirin qiymətləndirilməsi, habelə şəhərsalma və tikinti fəaliyyətinə dair layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə həmin ərazidəki

yaşıllıqların vəziyyətini əks etdirən məlumatlar tam və dürüst əks olunmalıdır. Yeni layihələndirilən obyektlərdə yaşıllıqların salınması mütləq qaydada həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun nəzərdə tutulur və bu tələbin pozulması müvafiq məsuliyyət yaradır.

Yaşıllıqların uçotu növlər üzrə ayrıca aparılır və yaşıllaşdırma obyektlərinin pasportunda əks olunur. Yaşıllığın götürülüb-götürülməməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı 10 təqvim günü ərzində qəbul edilir. Yaşıllıqların mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar və sənədlər, habelə digər ölkələrlə bağlanmış iki və çoxtərəfli müqavilələr, sazişlər, razılaşmalar əsasında həyata keçirilir.

Sənəddə göstərilib ki, Azərbaycan Respublikasının şəhərlərinin, rayonlarının, yaşayış məntəqələrinin inkişaf planları yaşıllıqların mühafizə edilməsinə dair tələblərə riayət olunmaqla tərtib edilməli və həyata keçirilməlidir. Tikinti, təsərrüfat və digər fəaliyyətlərə dair layihələndirmədən əvvəlki və layihələndirmə dövründə bütün sənədlərdə yaşıllıqların vəziyyətini özündə əks etdirən tam və dürüst məlumatlar əks olunmalıdır. Sənədlərdə, həmçinin layihələndirilən obyektin yaşıllıqlara təsir dərəcəsi tam qiymətləndirilərək göstərilməlidir.

Qanuna görə, təsərrüfat, şəhərsalma və digər fəaliyyətlər həyata keçirilərkən bu fəaliyyətlərin subyektləri yaşıllıqların qorunması ilə bağlı tələblərə riayət etməlidirlər. İstirahət (mənəvi estetik zövq) məqsədləri üçün ayrılmış ərazilərdə (parklarda, bulvarlarda və s.) olan yaşıllıqların yerləşdiyi torpaq sahələrində ictimai tualet, idman qurğuları, atraksionlar, mülki müdafiə obyektləri istisna olmaqla, digər bina və qurğuların tikintisinə yol verilmir. Eyni zamanda, yaşıllıqların yerləşdiyi torpaq sahələrinin təyinatının dəyişdirilməsi şəhərsalma sənədlərinə uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.

"Yaşıllıqların götürülməsi Qaydası"na əsasən isə yaşıllıqların götürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Yaşıllıqların götürülməsinə dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda və ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda hallarda yol verilir. Bu hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Fiziki və hüquqi şəxslər qeyd olunan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı
Sosial rubrikasından digər xəbərlər