“Dünya birliyi bir daha Azərbaycanın yanında olduğunu nümayiş etdirdi” – Nəzakət Məmmədova

17:30 07.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“31 martda Dağlıq Qarabağ və işğal edilmiş rayonlarda keçirilən qondarma seçkiləri dünya dövlətləri tanımadı. Onlar Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu və keçirilən “seçkiləri” tanımadıqlarını bəyan etdilər. Dünya ölkələrinin bu cür bəyanatları Azərbaycana diplomatik cəhətdən böyük dəstəkdir”.

Bunu hafta.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib. Ekspert bildirib ki, separatçı rejim rəhbərliyinin Dağlıq Qarabağda keçirdiyi “seçkiləri” dünya birliyinin tanımaması təqdirəlayiqdir:

“Təkcə dünyanın nüfuzlu ölkələri deyil, eyni zamanda beynəlxalq təşkilatlar da işğal edilmiş Azərbaycan ərazilərindəki qondarma seçkilərin nəticələrini tanımadıqlarını bəyan etdilər. Onların bu cür mövqeyi təqdirəlayiq hesab oluna bilər. Dünya ölkələrinin “seçkinin” nəticələrini tanınmamaqla bağlı verdiyi bəyanatları əslində bir daha Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər. Dünyada beynəlxalq hüququn aliliyi, dəyərlər prinsipi varsa, özünə hörmət edən, sülh və təhlükəsizlik qarşısında öhdəlik götürmüş beynəlxalq təşkilat da, ölkə də bu məsələdə haqlı mövqeyini ortaya qoymalıdır. Ədalətli mövqe sərgiləməlidir. Onlar da “seçkiləri” tanımamaqla təqdirəlayiq addım atdılar”.

Politoloqun fikrincə dünyanın nüfuzlu ölkələri separatizmə qarşı bu cür mövqe sərgiləməsələr sabah onların özləri də bu cür vəziyyətlə üzləşə bilərlər: “Artıq onların bəziləri bu cür təhdidlərlə üzləşib. Bəziləri bu kimi təhlükəni özlərində də hiss etməyə başlayıblar. Hər bir ölkənin beynəlxalq hüquq qarşısında məsuliyyəti var. Eyni zamanda, bütün dövlətlər münaqişələrə ədalətli yanaşma prinsiplərini ortaya qoymalıdırlar. Bu nöttüyi-nəzərdən Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı heç bir problemi yoxdur. Çünki bir çox dövlətlər, dünyanın nüfuzlu təşkilatları da neçə illərdir ki, bu mövqedən çıxış edirlər. Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirlər. Əgər hər hansı bir ölkə Dağlıq Qarabağın Azərbaycanın ərazisinin olmadığını və Ermənistanın haqlı olduğunu göstərməyə çalışsa həmin ölkə beynəlxalq münasibətlər sistemində, qanunu, hüququ yox, zoru dəstəkləmiş olacaq. Heç bir ölkə riskə gedib öz nüfuzunu aşağı salmaq istəməz. Məsələn, Krım məsələsini götürək, hansı ölkə ki, Krımın müstəqilliyini tanımaq bir yana, onunla müstəqil əlaqələr yaradırsa, dünya ictimaiyyəti tərəfindən qınağa məruz qalır. Beynəlxalq hüquqda Krım Ukraynanın ərazisidir. Kosova Serbiyanın ərazisidir. Orada güc yolu ilə Kosova dövləti yaradılıb. Amma bu pislənilməlidir. Müasir beynəlxalq hüququn prinsiplərinə ziddir. Çünki dövlətlərin öz razılığı olmalıdır, sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. Əgər beynəlxalq hüquqa istinad olunsa, Azərbaycanın ərazisi də azad olunmalıdır. Dünya birliyi Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımamaqla Azərbaycanın yanında olduğunu göstərdi”.

Oxunma sayı 268
Siyasət rubrikasından digər xəbərlər