Əfsanəyə dönən bahar təravətli Martişor

13:16 02.03.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rumın xalqının qədim folklor ənənəsi olan Martişor böyük coşqu ilə qeyd olunmaqdadır. Hətta qonşu Moldovada. Bolqarıstanda, Makedoniyada və sair də qeyd olunan bu maraqlı bayram şənlikləri eynən Azərbaycanın milli sərvəti olan Novruzu xatırladır. Yumurtaların müxtəlif rənglərə  boyanması, hədiyyələrin verilməsi, bişirilən təamlar və sair Martişora marağı daha da artırır.

Martişor bayramı nədən bəhs edir, mahiyyəti nədir, bu gün insanların adət-ənənələrində nə kimi maraqlı hadisələr baş verir? Gəlin birlikdə öyrənməyə çalışaq:

Martişorun tarixi çox qədimdir. Alimlər qazıntılar zamanı yaşı 2 min ildən artıq olan bəzi əşyalar tapıblar ki, araşdırılması zamanı onların məhz Martişoru təmsil etdiyi bilinib. Bunlar boyuna taxılmaq üçün ipə keçirilmiş, kulon kimi taxıla bilən ağ və qırmızı rəngli çay çınqıllarıdır. Bu iki rəng - qırmızı rəng qadınların həyatiliyini, ağ rəng isə kişilərin müdrikliyini göstərə bilərdi. Beləliklə, Martişor toxunuşu (ağ sapla qırmızı sapın bir-birinə toxunması) bu iki özülün ayrılmaz qarışığını tərənnüm edir. İndiki dövrümüzdə, kişilər yazın rəmzi olan Martişoru gənc qız və xanımlara hədiyyə edirlər. Amma Martişor həmçinin, qızlar tərəfindən də öz dostlarına, analarına, nənələrinə hədiyyə edilə bilər.

Rumıniyanın regionlarında bayram qəribə adətlərin yerinə yetirilməsi ilə müşaiyyət olunur. Məsələn, ölkənin şimal-qərbində hər yazın başlanğıcında qızlar yağış suyunda islanır. Bununla da onlar daha sağlam və gözəl olacaqlarına inanırlar. Qərb əyalətlərinin əfsanələrində isə, qızlar meşə giləmeyvələrinin yarpaqlarından toplanan suda çimərsə, həmin il ərə gedəcəklər. Ölkənin mərkəzi bölgəsi olan Transilvaniyada Martişor darvaza və pəncərələrdən, eləcə də öküzlərin buynuzlarından asılır ki, şər nəzərləri özlərindən uzaqlaşdırsınlar. Şimal-şərqi Rumıniyada martın 1-də qızlar hələ də öz kəndlərindəki oğlanlara Martişor bağışlayırlar. Keçmişdə analar evlərinə uğur və xoşbəxtlik gəlsin deyə, ağ və qırmızı yun saplardan Martişor toxuyar, ona gümüş və ya qızıl parçası keçirərdilər. Gənc qız və oğlanlar bu rəmzləri martın 1-də günəş doğmazdan əvvəl biləklərinə dolayardılar. Gümüş parçası sağlam həyat əlamətinin, qırmızı sap isə al yanaqlar mənasını tərənnüm edirdi.

Martişor haqqında əfsanələrin birində deyilir ki, bir gün Günəş gənc oğlan simasında göydən yerə enir, kəndlərdən birində bazar günü rəqslərinə qoşulur. Bu zaman Əjdəha onu oğurlayıb zindana salır. Günəşdən sonra dünya yasa qərq olur. Quşlar oxumur, çaylar axmır, uşaqlar isə daha gülmürlər. Amma heç kimin cürəti çatmır ki, Əjdaha ilə vuruşsun. O zaman bir gənc qərara alır ki, Günəşi xilas etsin. İnsanlar öz güclərini bu gənc oğlana ötürərək, ondan Əjdahanı məğlub edib, Günəşi zindandan çıxarmaq üçün kömək istəyirlər.

Gənc oğlan üç fəsli – yay, payız və qışı dəf edərək, doqquz ay yol gedir. O, Əjdahanın qəsrini tapır və döyüşür. Gənc oğlan üç gün sonra Əjdahanı öldürür. Günəş azad olur. Lakin gənc oğlan Əjdaha ilə vuruşda ağır yaralandığı üçün yaz fəsli Yer üzərinə qədəm qoymamışdan əvvəl dünyasını dəyişir. Onun isti qanı təmiz ağ qarın üzərinə ləkə salır və bu zaman istinin təsirindən əriyən qarın altında novruzgülü canlanır - Yazın gəlişini tərənnüm etməyə başlayır.

Deyilənə görə, bu hadisədən sonra hər il gənc oğlanlar qırmızı və ağ sapı bir-birinə toxumağa başlayırlar. Onlar bu toxuduqları ipi sevdikləri qızlara və ya sevdikləri yaxınlarına hədiyyə edirlər. Qırmızı rəng Günəşi azad edərkən ölən gənc oğlanın qanına xatirə olaraq, gözəl olan hər şeyə sevgini, ağ rəng isə sağlamlığı və yazın ilk gülü olan novruzgülünün saflığını tərənnüm edir...