“Əfv olunan o şəxslərdir ki, onlar xüsusi risk qrupundadır” – Əliməmməd Nuriyev

15:12 07.04.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Əvvəla onu deyim ki, cənab prezidentin növbəti əfv sərəncamını alqışlayıram. Hətta onu deyərdim ki, bu əfv sərəncamı mürəkkəb bir zamanda və mürəkkəb bir şəraitdə qəbul edilmiş bir qərardır. O mənada ki, hazırda dünyada koronavirus pandemiyası tüğyan etməkdədir. Azərbaycanda da bu virusa yoluxanlar var. Belə bir çətin şəraitdə çoxlu işlərinin olmasına baxmayaraq cənab prezident vaxt tapdı, xüsusi risk qrupuna daxil olan 65 yaşdan yuxarı məhkumların əfv olunması ilə bağlı sərəncam verdi”.

Bunu hafta.az-a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev deyib. Hüquq müdafiəçisi bildirib ki, 65 yaşından yuxarı və xüsusi qayğıya ehtiyacı yaranan məhkumlar azad edilib:

“Bu fikrin altından xətt çəkmək lazımdır. Əfv olunan o şəxslərdir ki, onlar xüsusi risk qrupundadır. Onların başqalarının qayğısına daha çox ehtiyacları var. Bu əfv sərəncamı dövlət başçısının fəaliyyətinin əsasında humanizm və mərhəmət prinsiplərinin durduğunun növbəti dəfə nümayişidir. Əfv olunan şəxslərlə bağlı bəzən sosial şəbəkələrdə fikirlər səsləndirilir ki, niyə onların bir qrupu azad edildi, digərləri yox... Bir daha təkrar edirəm ki, əfv olunan şəxslər xüsusi risk qrupundadır və onların xüsusi qayğıya ehtiyacı var. Baxmayaraq ki, həbsxanalarda koronavirus əleyhinə bütün mümkün və zəruri tədbirlər görülüb. Xüsusi rejim tətbiq olunub. İzolyasiya tədbirləri daha sərtdir. Bütün bunlara baxmayaraq, həmin məhkumların xüsusi risk qrupunda olması onların xüsusi qayğıya ehtiyacı olması faktını önə çəkir. Cənab prezident işlərinin çoxluğuna baxmayaraq, bu insanları da öz qayğısı altına aldı”.

Konstitusiya Araşdırmaları Fondunun prezidentinin sözlərinə görə 65 yaşdan yuxarı əfv olunan məhkumlar bu kateqoriyadakı məhbusların 90 faizidir:

“Arasından iki nəfər ömürlük azadlıqdan məhrum edilmişdi. Bu gün azadlığa çıxdılar. Onların biri 24, o biri 25 il idi ki, cəzasını çəkirdi. Hətta Nardaran hadisələrinin iştirakçısı olan iki nəfər də azadlığa buraxılanlar arasındadır. Yol-nəqliyyat hadisəsi törədən şəxslər də 176 nəfərin içərisində olanlar sırasındadır. Azadlığa çıxanlar arasında xuliqanlıq, dələduzluq etmiş və vurduğu ziyanı ödənilmiş şəxslər də var. Bəziləri cəzalarının üçdə ikisindən çoxunu çəkən şəxslərdir. Bəziləri uzun müddətli azadlıqdan məhrum edilmişdilər, amma onların səhhətinin durumu xüsusi risk qrupunda idi. Pandemiya başlayan kimi cənab prezident belə bir əfv sərəncamı ilə bağlı aidiyyatı qurumlara tapşırığını verdi. Onlar da işə başladılar. Araşdırma apardılar. Artıq əfv sərəncamının icrasına başlanılıb. Yəqin ki, bir saat ərzində bu proses başa çatacaq. Bir qədər əvvəl azadlığa çıxan məhbuslarla bağlı keçirilən tədbirdə idim. Onların necə sevindiyinin şahidi oldum. Həmin qadın məhbuslar ölkə başçısına, birinci vitse-prezidentə təşəkkür edirdilər”.

Oxunma sayı 297