“Əgər pandemiya ilə mübarizə səmərəli təşkil olunmasaydı, itkilərimiz daha çox ola bilərdi” - Ekspert 

17:12 07.08.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanda koronavirusla mübarizə tədbirləri yüksək qiymətləndirilməlidir. Çünki başqa ölkələrlə müqayisə Azərbaycan pandemiyanı daha az itkilərlə nəzarət altına almağı bacarıb. Düzdür, biz bu mübarizədə neçə-neçə dəyərli həkimlərimizi, vətəndaşlarımızı itirmişik. Amma görülən işlər, həyata keçirilən operativ tədbirlər nəticəsində pandemiya alova nisbətən söndürülüb. Əgər  bu istiqamətdə mübarizə səmərəli təşkil olunmasaydı, itkilərimiz daha çox ola bilərdi”. Bu fikirləri hafta.az-a açıqlamasında Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev bildirib.

Hüquqşünas onu da qeyd edib ki, bu cür çətin vəziyyətdə insanların sağlamlığı ilə yanaşı, onların sosial müdafiəsinin gücləndirilməsi dövlətin diqqət mərkəzində olub: ”Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti martın 19-da koronavirusun mümkün sosial-iqtisadi təsirlərinin qarşısının alınması ilə bağlı sərəncam imzaladı. Sərəncamda məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapdı. Bu istiqamətdə İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər nazirliklər birgə tətdbirlər planı hazırladılar. Təxminən 3,5 milyard manatlıq dəstək paketi həyata keçirildi. Bu istiqamətdə addımlar indi də atılmaqdadır. Belə ki, ölkə Prezidenti son video müşavirədə vətəndaşlara avqust ayında da 190 manatlıq birdəfəlik ödəmənin verilməsini tapşırdı. Bu isə onu göstərir ki, Azərbaycan dövləti istənilən şəraitdə vətəndaşının yanındadır və dövlətin əsas siyasəti vətəndaş amili üzərində qurulub”.

Ekpert habelə bildirib ki, koronavirus pandemiyasının nə zaman bitəcəyi ilə bağlı dəqiq proqnoz söyləmək qeyri-mümkündür: "Burada proses dalğavari gedir. Nə qədər qorunsaq da, virusun məhv olma zamanı digər ölkələrdə koronavirusla mübarizə tədbirlərinin aparılması ilə sıx bağlı olacaqdır. Koronavirus pandemiyası ilə bağlı neft qiymətlərinin kəskin azalması müşahidə olunur. Bu istər istəməz bizim iqtisadiyyatımıza daha dərin təsirlərini buraxacaq. Bu təsirlərin minimuma endirilməsi istiqamətində işlər qeyd olunmalıdır. Digər tərəfdən bu müddət ərzində dövlət xərclərinə diqqət etmək vacib məsələlərdəndir. Ölkə başçısı büdcə vəsaitlərindən səmərəli istifadə ilə bağlı son müşavirədə qeydlər etdi. Dövlət büdcəsindən ayrılan hər vəsaitin xərclənməsinə ciddi nəzarət olmalıdır. Hesablamalar Palatası tərəfindən bu istiqamətdə çox ciddi təkliflər hazırlanıb. Hesab edirəm ki, həmin quruma əlavə salahiyyətlər verilməli və dövlət vəsaitlərinin istifadəsinə nəzarət daha da artırılmalıdır”.

 

Oxunma sayı 1092