Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsasnaməsi təsdiqlənib

11:25 30.03.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Sözügedən sənəddə nazirlik qarşısında bir sıra yeni vəzifələr qoyulub“

Azərbaycanda balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarlar təşkil ediləcək. Bu barədə məlumat Prezident İlham Əliyevin bir neçə gün öncə imzaladığı fərmanla təsdiqlənən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əsasnaməsində öz əksini tapıb. Belə ki, şəhərlərdə və Xəzər dənizinin sahillərində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsinin sahilboyu 20–50 metrlik zolağının altındakı torpaq sahələri istisna olmaqla) balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün müvafiq torpaq sahələrinin ayrılmasına razılıq verilməsini, torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə rəy verilməsini təşkil etmək ETSN-in vəzifələri arasında yer alıb. Həmçinin nazirlik balıqartırma və balıqyetişdirmə müəssisələrinin fəaliyyətinin əsas istiqamətlərini dəyişdirmədən balıqçılıq haqqında qanunvericiliyə uyğun akvakultura (o cümlədən dəniz akvakulturası (marikultura) əmtəə balıqçılığının yaradılması üçün tədbirlər görəcək.

Bundan başqa  Nazirliyin fəaliyyət istiqamətlərinə aidiyyəti dövlət qurumları ilə birlikdə müvafiq sahəyə investisiyaların cəlb olunması üçün tədbirlər görmək, investisiya layihələrin hazırlanmasını, həyata keçirilməsini təmin etmək, qanunla müəyyən olunmuş hallarda və qaydada müvafiq sahədə təbiətdən istifadə ilə bağlı icazələrin verilməsini təşkil etmək, lisenziya və icazələrin şərtlərinə riayət olunmasına nəzarət etmək, aidiyyəti dövlət qurumları ilə birlikdə tullantısız və ya aztullantılı istehsalın inkişafının təşviqi ilə bağlı tədbirləri həyata keçirmək, aidiyyəti dövlət qurumları ilə birlikdə ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, müvafiq sahədə aparılan elmi tədqiqat işlərini Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə əlaqələndirmək aid edilib.

Nazirliyin əsas vəzifələrinə gəlincə, müvafiq sahənin inkişafına dair prioritetləri müəyyən etmək, aidiyyəti dövlət qurumları ilə birlikdə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasını və həyata keçirilməsini təmin etmək, müvafiq sahədə dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsinə dair təklifləri aidiyyəti üzrə təqdim etmək, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək, habelə fəaliyyət istiqamətlərinin tədqiqi və təkmilləşdirilməsi üzrə aidiyyəti qurumların fəaliyyətini əlaqələndirmək və birgə zəruri tədbirlər görmək, innovativ fəaliyyəti dəstəkləmək həvalə olunub.

Bundan başqa, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılmasını, ümumcoğrafi, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafiya-tədris vasitələrinin layihələndirilməsi, tərtibi və nəşri tədbirlərini həyata keçirmək, dövlət topoqrafik xəritələrinin və planlarının hazırlanmasını, ümumdövlət, müdafiə, elmi tədqiqat xarakterli və digər məsələlərin həllini təmin edən dövlət planlarının tərtibini və yüksəklik, o cümlədən qravimetrik şəbəkələrin yaradılmasını, inkişafını və işlək vəziyyətdə saxlanmasını təmin etmək, dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə və elmi tədqiqat məsələlərinin həllini təmin edən dövlət topoqrafik xəritələrinin, habelə qrafikli, rəqəmli, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi, nəşri və geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), qravimetriya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində, materiallardan istifadədə dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək kimi məsələlər nazirliyin əsas vəzifələri kimi təsdiq olunub.

Eyni zamanda, vahid koordinat və yüksəklik sistemində obyekt və sənaye komplekslərinin, şəhər və digər yaşayış məntəqələri ərazilərinin 1:2000 və daha böyük, tikilməmiş (açıq) ərazilərdə isə 1:5000 və daha kiçik miqyaslı topoqrafik xəritələrinin təzələnməsini və çoxməqsədli topoqrafik planaalmasını, habelə ərazi vahidlərinin ərazisindən asılı olaraq sahəsi 4 kvadratkilometrə qədər olduqda - 1:5000, 4 kvadratkilometrdən 25 kvadratkilometrə qədər olduqda - 1:10000, 25 kvadratkilometrdən 100 kvadratkilometrə qədər olduqda - 1:25000, 100 kvadratkilometrdən artıq olduqda - 1:50000 miqyasda tərtib edilməsini həyata keçirmək Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə olunub.

Bundan əlavə, dövlət ekoloji ekspertizasının təşkilinə, həyata keçirilməsinə, habelə ekoloji ekspertiza rəyinin verilməsində “Ətraf mühitin mühafizəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası qanunlarının, digər normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarəti təmin etmək,

ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərə ixtisas attestatı vermək, attestatın qüvvədəolma müddətini dayandırmaq və ya onu ləğv etmək;

ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılmasını təmin etmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək, bu istiqamətdə məlumatları Nazirliyin rəsmi internet səhifəsində yerləşdirmək,transsərhəd təsirə malik olan ekoloji ekspertiza obyektlərinin dövlət ekoloji ekspertizasının həyata keçirilməsi üçün ekspert komissiyası təşkil etmək sözügedən qurumun səlahiyyətlərinə daxil edilib.

Digər tərəfdən, aidiyyəti dövlət orqanı ilə birlikdə torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatların əks olunduğu xəritələri hazırlamaq, geodeziya tədqiqatları əsasında geodinamik (zəlzələ, sürüşmə və s.) və digər fövqəladə təbiət hadisələrinin proqnozlaşdırılması məqsədilə tədbirlər görmək, bu barədə digər aidiyyəti icra hakimiyyəti orqanlarına məlumat vermək, fəaliyyət istiqamətləri üzrə strukturuna daxil olan və tabeliyindəki qurum vasitəsilə yerüstü və yeraltı suların istismar ehtiyatlarını nəzərə almaqla, dövlət uçotunu, həmçinin su obyektlərinin monitorinqi əsasında aidiyyəti dövlət orqanı (qurumu) ilə birlikdə dövlət su kadastrını aparmaq, aidiyyəti qurumlarla birlikdə su obyektlərindən səmərəli və məqsədyönlü istifadə edilməsi, yerüstü və yeraltı suların çirklənməkdən qorunması məqsədilə fasiləsiz nəzarət tədbirlərini həyata keçirmək,

aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə su obyektlərinin monitorinqini aparmaq, su ehtiyatlarından kompleks istifadə və onların mühafizəsi sxemlərini, su təsərrüfatı balanslarını hazırlamaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə olunub.

Bundan başqa, dövlət meşə fondu torpaqlarının sərhədlərinin pozulması hallarının qarşısını almaq məqsədilə bu torpaqlarla həmsərhəd dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi zamanı həmin torpaqların sərhəd xətlərinin dəqiqləşdirilməsində iştirak etmək, istifadəsi məhdudlaşdırılmış xüsusi mühafizə olunan meşə sahələrinin siyahısını müəyyən etmək, strukturuna daxil olan qurum vasitəsilə meşə sahələrinin, qiymətli təbii landşaftların, habelə meşələrin mühafizəsi, yeni meşə sahələrinin salınması, onların suqoruyucu, sutəmizləyici, torpaqqoruyucu, rekreasiya və digər faydalı təbii xassələrinin saxlanılması, meşə ehtiyatlarından səmərəli istifadə olunması, meşələrin bərpası, təkrar istehsalı və meşə təsərrüfatının aparılması istiqamətində, habelə onların yanğınlardan, zərərvericilərdən və xəstəliklərdən qorunması məqsədilə tədbirlər həyata keçirmək, meşələrin dövlət uçotu, dövlət meşə kadastrı, meşələrin monitorinqi və meşə quruluşu işlərini strukturuna daxil olan qurum vasitəsilə aparmaq meşəsalma məqsədilə qeyri-meşə torpaqlarında meşə salmaq, meşə fondunun məhsuldar olmayan torpaq sahələrini minimuma endirmək, meşə fonduna daxil olmayan torpaqlarda qoruyucu əkinlər yaratmaq üçün tədbirlər görmək, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə meşə istifadəçisinə (icarəçisinə) verildikdə müqavilədə sahənin sərhədlərini meşənin xəritələrinə əsasən müəyyənləşdirməklə naturada nişanlanmasına və istifadə (icarə) müddəti dövründə sərhədlərinin qorunmasına fasiləsiz nəzarəti strukturuna daxil olan qurum vasitəsilə həyata keçirmək kimi məsələlər də nazirliyin vəzifələrinə aiddir.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 825
Sosial rubrikasından digər xəbərlər