Ekoloji ekspertizadan keçən layihələr

19:05 06.03.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

““Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda ekoloji ekspertiza və onun obyektləri haqqında müvafiq maddələr var və bu qanunda nəzərdə tutulan məsələlər təsbit olunub. Eyni zamanda, 2018-ci ildə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanun qəbul edilib. Bu qanunvericilik və bundan irəli gələn normativ hüquqi aktlarda hansı fəaliyyət sahələrinin ekoloji ekspertizanın obyekti hesab olunduğu öz əksini tapıb. Belə ki, öz fəaliyyəti zamanı ətraf mühitə zərərli maddələr formalaşdırıb atan və zərərli fiziki təsir göstərən bütün fiziki və hüquqi şəxslər ekoloji ekspertizanın obyekti hesab olunur”. Bu barədə Azərtac-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov bildirib.

Qurum rəsmisi qeyd edib ki, ətraf mühitə təsirin qiymətləndirilməsi zamanı həyata keçiriləcək fəaliyyətin ətraf mühitə fiziki təsirləri, formalaşan tullantıların kəmiyyət və keyfiyyət göstəriciləri, faunaya, floraya mənfi təsirləri, iqlim xüsusiyyətləri, əmələ gələn tullantı sularının yerləşdirilməsi, bütövlükdə tullantıların maksimum ətraf mühitdən təcrid olunmaqla idarə olunmasını ehtiva edir: “Ətraf mühitə təsirin qiymətləndirilməsi nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayı yolla mənfi təsirinin aşkar edilməsi, təhlili, qabaqlayıcı tədbirlərin təmini, bu fəsadların aradan qaldırılması və ya azaldılması, habelə bu fəaliyyətin həyata keçirilməsi və ya keçirilməməsi barədə qərarın qəbul edilməsi məqsədilə həmin fəaliyyət növlərinin kompleks təhlili əsasında onların ətraf mühitə və insan sağlamlığına təsirinin müəyyənləşdirilməsidir. Layihədə bütün məqamlara toxunulur və ekspertlər tərəfindən qiymətləndirir. Layihəyə müvafiq qaydada rəy verəndən sonra, o, artıq hüquqi müstəviyə çıxır və bütün ekoloji parametrlər orada öz həllini tapmış olur”.

  1. Qənbərov vurğulayıb ki, sahibkarlar layihələri təqdim edərkən ətraf mühitə dəyəcək mənfi təsirləri, ekoloji ziyanı gizlətməməlidirlər, əksinə qiymətləndirmə yolu ilə mütəxəssislərdən dəstək almalıdırlar: “Əgər layihələr bütün subyektlər üzrə tam formada təqdim edilərsə, nazirlik onların hər birinə düzgün istiqamətlər verər, qarşıya çıxan məsələlərin həlli yollarını göstərə bilər. Nəticə etibarı ilə sahibkar fəaliyyəti zamanı ətraf mühit normalarını gözləyə və layihəsinin qiymətləndirilməsi haqqında müsbət rəy əldə edər”.

Qeyd edək ki, bir müddət əvvəl Nazirlər Kabineti tərəfindən “Dövlət ekoloji ekspertizasını həyata keçirən Ekspert Komissiyası haqqında Əsasnamə” təsdiq olunub. Sənəddə göstərilib ki, Ekspert Komissiyası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Əsasnaməni və digər normativ aktları rəhbər tutur. Ekspert Komissiyası irihəcmli və mürəkkəb ekoloji ekspertiza obyektlərinin, habelə transsərhəd təsirə malik olan ekoloji ekspertiza obyektlərinin dövlət ekoloji ekspertizasının həyata keçirilməsi məqsədilə təşkil olunur.

Qərarla Ekspert Komissiyasının fəaliyyətinin məqsədi və səlahiyyətləri də müəyyənləşib. Belə ki, Ekspert Komissiyasının fəaliyyətinin məqsədi ekoloji ekspertiza obyektlərinin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayısilə mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılmasından, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini və ətraf mühitin mühafizəsi üzrə tədbirlərin səmərəsini müəyyən etməkdən ibarətdir.

Ekspert Komissiyasının səlahiyyətlərinə gəlincə, komissiya ekoloji ekspertiza obyektlərinin ekoloji təhlükəsizlik səviyyəsini və ətraf mühitə potensial mənfi təsirini tam, hərtərəfli və elmi əsaslandırılmış təhlil əsasında qiymətləndirmək,

ətraf mühitə bilavasitə və ya dolayısı ilə mənfi təsir göstərə biləcək qərarların qəbul edilməsinin qarşısını almaq, ekoloji ekspertiza obyektlərinin ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə sahəsində normativ hüquqi aktlara uyğunluğunu müəyyən etmək, ətraf mühitin mühafizəsi üzrə tədbirlərin səmərəliliyini, dolğunluğunu və tamlığını qiymətləndirmək və onların ekoloji tələblərə uyğunluğunu müəyyən etmək, ekoloji ekspertiza obyektlərinin ətraf mühitə potensial təsiri və onun nəticələri barədə maraqlı şəxsləri məlumatlandırmaq və ekoloji ekspertiza obyektləri üzrə layihələrin həyata keçirilməsinin mümkün olub-olmaması, ətraf mühitə təsirin yol verilə bilən həddi barədə əsaslandırılmış rəy hazırlamaq kimi məsələlərə baxacaq.

Ekspert Komissiyasının tərkibinə Nazirliyin nümayəndələri ilə yanaşı, aidiyyəti dövlət orqanlarının nümayəndələri də daxil edilirlər. Ekspert Komissiyasının işinə elmi müəssisələrin, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, vətəndaşların təşəbbüs qruplarının və bələdiyyələrin məhəllə komitələrinin nümayəndələri və müvafiq sahə üzrə müqavilə əsasında ekspertlər cəlb oluna bilər.

Ekspert Komissiyasının fəaliyyətinə ekspertlərin cəlb edilməsi ekoloji ekspertiza obyektinə dair layihənin xüsusiyyətindən asılı olaraq, Nazirliyin rəsmi internet səhifəsində elan edilən müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər 5 iş günü müddətində Nazirliyə təqdim edilməlidir.

Ekspert Komissiyasının iclasları Komissiyanın sədri tərəfindən, iclasın keçirilməsinə ən azı 5 gün qalmış Ekspert Komissiyasının tərkibinə daxil olan və onun işinə cəlb olunan ekspertlərə iclasın keçiriləcəyi yer, vaxt və gündəliyə daxil edilən məsələlər barədə bildiriş göndərilməsi yolu ilə çağırılır. Ekspert Komissiyasının iclasları sədr də daxil olmaqla, üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Komissiyanın üzvü üzrsüz səbəbdən komissiyanın iclaslarında ardıcıl olaraq üç dəfədən artıq iştirak etmədikdə, təmsil etdiyi dövlət orqanı və ya qurum qarşısında həmin şəxsin əvəz edilməsi barədə məsələ, komissiyanın işinə müqavilə əsasında cəlb edilmiş ekspertlərə münasibətdə isə həmin ekspertlə olan müqaviləyə xitam verilməsi məsələsi qaldırılır. Əgər Ekspert Komissiyası üzvlərinin sayında yetərsay olmazsa, məsələnin hərtərəfli, tam və obyektiv baxılması üçün maraqlı subyektin, ekspertin və ya digər şəxslərin iştirakını üzrlü səbəbdən təmin etmək mümkün olmazsa, iclasda baxılan məsələlərin hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədə biləcək hallar olarsa iclas təxirə salına bilər. Ekspert Komissiyasının iclasında hər bir üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, Ekspert Komissiyasının sədrinin səsi həlledici sayılır. Ekspert Komissiyasının sədri axırıncı səs verir. İclasda Ekspert Komissiyası üzvünün maraqlarına toxunan məsələ müzakirə edildikdə, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir. Ekspert Komissiyasının iclasları və iclaslarda qəbul edilən qərarlar Komissiya sədrinin və üzvlərinin imzaladığı protokolla rəsmiləşdirilir. Ekspert Komissiyasının hər hansı bir üzvü qəbul edilmiş qərarla razı olmadıqda, onun xüsusi rəyi iclasın protokoluna əlavə edilir.

Bundan başqa, Komissiyaya təqdim olunan layihə üzrə ən geci 30 gün müddətində qərar qəbul edir. Qərarın qəbul edilməsi zamanı əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün daha artıq müddət tələb olunduğu hallarda Nazirlik hər dəfə 30 gün olmaqla, bu müddəti iki dəfə uzada bilər. Ekspert Komissiyasının qərarları Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir və qurumun qərarlarından inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər.

Qərara əsasən, Ekspert Komissiyasının fəaliyyətinə cəlb olunmuş ekspertlər ekologiya, təbii ehtiyatlar, ətraf mühitin mühafizəsi və iqtisadiyyat sahələri üzrə ali təhsili olmalı, fəaliyyət sahəsində xüsusi bilik və bacarığa malik olmalı, qəbul ediləcək qərarlarda birbaşa və ya dolayısilə marağı olmamalıdır. Ekspertlər “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sirri təşkil edən layihə məlumatlarından başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət daşıyırlar.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Sosial rubrikasından digər xəbərlər