Əli effektiv və ucuz koronavirus testi ixtira etdi - Günün təzadları

18:47 17.06.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

 

Fəhd ibn Əbdüləziz adına Səudiyyə Universitetinin məzunu “COVID-19”u test etmək  üçün effektiv və ucuz bir cihaz hazırladı.

Hafta.az  xəbər verir ki, bu haqda “Arabnews” nəşri məlumat yayıb.

Hal-hazırda Kaliforniya Universitetində doktorluq təqaüdü alan Əli əl-Şəhri adlı gənc müsəlman  bir insanın koronavirus infeksiyasına yoluxub-yoluxmadığını 10 dəqiqə ərzində müəyyənləşdirməyə kömək edən alkotesterə bənzər bir test qurğusu icad edib. 

Bu ixtiraya cavab olaraq Səudiyyə Ərəbistanı Krallığının Milli Elm Fondu cihazı istehsal etmək məqsədilə illik 150 min dollar qrant ilə bir layihə hazırlamaq üçün  təhqiqat qrupu  formalaşdırıb. 

Cihaz  alkoqolu test edən bir qurğu kimi işləyəcək. Yoxlanılan adam cihaza doğru bir dəqiqə nəfəs almalıdır. İnsanın  nəfəsində canlı bir virus olduğu halda, qurğunun içərindəki flüoresan genetik maddələr yanır. 

Cihaz xəstəxana, məktəb və hava limanları kimi digər qapalı məkanlarda virusların və yoluxucu xəstəliklərin monitorinqi üçün  də istifadə edilə bilər.

 

Qarın piylərindən azad olmaq istədi - ayağı kəsildi

2011-ci ildə  Kolumbiya gözəli, 2012-ci ildə isə Kainat gözəli seçilmiş model Daniella Alvarezin ayağı amputasiya edildi.

Hafta.az Musavat.com-a istinadla bildirir ki, model Daniella Alvarez qarnındakı piylərdən azad olmaq üçün əməliyyata girib. Lakin əməliyyat zamanı onun sol ayağında qanın fəaliyyəti ilə bağlı fəsadlar yaranıb və qanqrena baş verib. Həkimlər göyərmənin bütün bədənə yayılmasının qarşısını almaq üçün modelin ayağını amputasiya etmək məcburiyyətində qalıblar.
Eyni zamanda, Birləşmiş Millətlər elçisi olan Alvarez bazar günü keçirdiyi əməliyyatdan sonra ailəsi və yaxın dostları ilə xəstəxana palatasında çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşıb. Alvarez bədənini ən azı əvvəlki qədər çox sevdiyini bildirib və göz yaşları içərisində ona dəstək olan bütün xəstəxana işçilərinə təşəkkür edib.

 

Nənənin nəvəsinin anası olacağı bilindi

Nənə qızından olacaq nəvəsinə surroqat ana olmağa razılıq verdi.

Hafta.az-ın  Musavat.com-a istinadla  verdiyi xəbərdə belə deyilir.  29 yaşlı Breanna Lokvud və yoldaşı Aaron dörd il övlad sahibi ola bilməyiblər. Cütlük süni mayalanma xidmətinə müraciət etsə də, nəticəsi mənfi olub. Qızına müraciət edən 51 yaşlı Culiya Lavinq nəvəsi üçün surroqat ana olmağa hazır olduğunu bildirib. ABŞ-da surroqat ana olmaq üçün yaş həddi 35-dir. Lakin həkimlər sağlamlığı əla vəziyyətdə olan qadına surroqat ana olmaq üçün icazə veriblər. Hamiləlik uğurlu alınıb. Uşağın noyabr ayında doğulacağı gözlənir.

 

Bərdədə 37 yaşlı kişi arı sancmasından öldü

Bərdə rayonunun Gərənə kənd sakini arı sancmasından həyatını itirdi. Bu barədə Hafta.az xəbər verir.

Məlumata görə,  arının sancdığı 1983-cü il təvəllüdlü Həmidov Xəyyam Akif oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.  Lakin həkimlər  nə qədər çalışsalar da,  onun həyatını xilas etmək mümkün olmayıb.

 

Cəlilabadın bir kəndində 26 nəfər koronavirusa yoluxdu

Cəlilabad rayonunun 5 kəndində yeni növ koronavirus (“COVID-19”) infeksiyasına yoluxma hallarının artım dinamikası müşahidə olundu.  Hafta.az xəbər verir ki, "Report"un Muğan bürosunun məlumatına görə, bunlar Həziabad, Bəcirəvan, Ağdaş, Komanlı və Şıxlar kəndləridir. Qeyd olunan ərazilər arasında ən çox yoluxma hallarının Ağdaş kəndində olduğu bildirilir. Məlumata görə, bu kənddə 26 nəfərdə koronavirus aşkar edilib. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları bu kəndlərdə olublar. Sakinlərdən yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar yaxma analizləri götürülüb. Qeyd edək ki, bir müddət öncə Cəlilabad Rayon Mərkəzi Xəstəxanası koronavirus xəstələrinin müalicə olunduğu xüsusi rejimli xəstəxanaya çevrilib. ABŞ-ın Çikaqo şəhərində ana sonsuzluqdan əziyyət çəkən qızına kömək etmək qərarına gəlib və nəvəsi üçün surroqat valideyn olub.

 

“Neftçi” klubunun avtobusu qəzaya uğradı

Bakının "Neftçi" futbol klubunun avtobusu qəzaya düşdü.

 Hafta.az-ın yazdığına görə, "Qafqazinfo" xəbər verir ki, hadisə iyunun16-da axşam saatlarında paytaxtın Heydər Əliyev prospektində baş verib. Hadisə ilə bağlı "Qafqazinfo"ya açıqlama verən bakılıların mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bildirib ki, qəzanın baş verməsinə səbəb sağ zolaqda hərəkət edən taksi sürücüsünün məsafəyə əməl etməməsi olub: "Taksi sürücüsü ötmə əməliyyatını yerinə yetirən zaman məsafəni düzgün hesablaya bilmədi. Nəticədə onun idarə etdiyi minik avtomobili komandanın avtobusuna çırpıldı. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb". Qeyd edək ki, qəza ilə əlaqədar prospektdə sıxlıq müşahidə olunub.

 

 

Oxunma sayı 5847