Əlli iki min ikiaylıq iş yerinin 50 faizi işçilərlə təmin olunub

12:59 16.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşsizlər və xüsusi karantin rejimi dövründə gəlirini itirən qeyri-formal işləyən şəxslərlə bağlı bir sıra tədbirlər təsdiq olunub. Prezidentin tapşırığınıza uyğun olaraq ilk mexanizm onlara ölkə üzrə yaşayış minimumu olan 190 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsi idi. Bu tədbir aprel və may aylarında genişləndirilərək 600 min şəxsi əhatə etdi və onlara ödənişlər tam şəkildə və vaxtında həyata keçirildi. Ardınca 16 şəhər və rayonda sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyini nəzərə alaraq üçüncü dəfə həmin rayonlar üzrə qeydiyyatdan keçmiş işsizlər və qeyri-formal işləyən şəxslərə 283 min manat ödəniş olundu. Ümumilikdə bu üç ödəniş çərçivəsində vətəndaşlara 280 milyon manat vəsait ödənildi. Bu vəsaitin də 210 milyon manatının ödənilməsində məhz Dövlət Sosial Müdafiə Fondunun ehtiyat vəsaiti hesabına yaranan imkanlardan istifadə edilib.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

“Eyni zamanda, işsiz şəxslər üçün digər bir istiqamət olaraq haqqıödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi tapşırılmışdı. Belə iş yerlərinin sayı 90 minə çatdırıldı. Xatırladım ki, ilin əvvəlində Sizin tapşırığınıza əsasən 38 min belə ictimai iş yaradılmışdı və əlavə olaraq da pandemiya dövründə işsizlər üçün 52 min ikiaylıq iş yerləri yaradıldı. Bu günə qədər artıq 38 min davamlı iş yerlərinin 95 faizi tam şəkildə işçilərlə təmin edilib, 52 min ikiaylıq iş yerinin isə 50 faizi təmin olunmuşdur. Biz burada monitorinq nəzarət tədbirlərini də gücləndirdik. Qeyd edim ki, ilin əvvəlindən bu günədək nəzarət tədbirləri nəticəsində 8600 işçi ilə müqaviləyə xitam verilmiş, onların tam konkretləşdirilməsi təmin edilmişdir. Şəffaflığın təmin edilməsi üçün həm 190 manatlıq ödəniş, həm də ictimai işçilərin hər birinin siyahısı elektron portal vasitəsilə ictimaiyyətə açıqlanmış və burada da tam şəffaflıq təmin edilmişdir”, - deyə nazir qeyd edib.

Oxunma sayı 1248
Sosial rubrikasından digər xəbərlər