Ermənilər tərəfindən təhdid mesajları alırıq -  Mayisə Ağamirzəyeva  

16:40 24.07.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Son bir həftə ərzində Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq növbəti təxribatlarına etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllər törədilir. Çoxsaylı aksiya iştirakçılarına ermənilər tərəfindən fiziki güc tətbiq olunur, onlara xəsarətlər yetirilir, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqları pozulur. Yaşanan olaylarla bağlı hafta.az-ın budəfəki müsahibi Hollandiyada yaşayan soydaşımız, Belçika-Niderland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevadır. Buyurun, siz də oxuyun:

 

- Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrinin təxribatı nəticəsində yaşanan son olaylardan dərhal sonra biz - Hollandiyada fəaliyyət göstərən diaspora təşkilatları fövqəladə toplantı təşkil etdik. Toplantıda Hollandiyada yaşanan hadisələrlə bağlı həqiqətlərin çatdırılması üçün hansı addımları ata biləcəyimizi müzakirə etdik. Bu cür durumlarda birləşməyi çox yaxşı bacarırıq. İlk addım olaraq bəyanat hazırladıq və Hollandiya parlamenti, Xarici İşlər Nazirliyi və digər aidiyyatı qurumlara ünvanladıq. Daha sonra mitinq qərarı verildi. Hollandiya qanunlarına görə, mitinq keçirilməsi ilə bağlı ən azı 4 gün əvvəldən xəbər verilməlidir. Bu səbəbdən aksiyamız keçən həftənin cümə gününə təsadüf etdi. Bu mitinqi Ermənistan səfirliyinin qarşısında etmək istəyirdik. Ancaq onlar ünvanlarını dəyişiblər və hazırda bir binanın üçüncü mərtəbəsində ofis kirayə götürüblər. Binanın qarşısında sadəcə bir velosiped yolu var. Kiçik ərazi olduğu üçün maksimum on nəfərin toplaşa biləcəyini söylədilər. Çox adam qatılacağını əsas gətirərək Ermənistan səfirliyinə yaxın bir ərazidə yer ayrılmağı təklif edildi. Həmin yer uyğun olmadığı üçün etiraz aksiyamızın ünvanını parlamentin önünə dəyişdik. Parlamentin önündə daha çox insana səsimizi duyura bildiyimiz mitinq təşkil etdik. Daha sonra bir bəyanatda hazırlayaraq birini Ermənistan səfirliyinə, birini də parlamentə təqdim etdik. Sonra eşitdik ki, ermənilər də mitinq keçirəcəklər. Hollandiyanın hər yerindən gələn azərbaycanlılar heç bir yerə getmədilər. Çoxu mənim evimdə qaldı. Hamı bir fikri söyləyirdi ki, səhər səfirliyimizi müdafiə etməyə gedirik. Ermənilər ora nə deyib gəlirlər. Biz səhəri gün səfirliyin qarşısına gəldik. Ermənilər isə mitinq üçün 7 saatlıq icazə almışdılar. Mən 17 ildir Hollandiyada yaşayıram. Bu vaxta qədər bir mitinqə 7 saat icazə verilməsini görməmişdik. Polşada, Londonda olanları xatırladaraq qarşıdurma yarana biləcəyini əsas gətirərək etirazımızı bildirsək də, polis ermənilərin mitinqinə icazə verildiyini bildirdi. Ermənilər səfirliyimizin qarşısına gəldikdə biz artıq orada hazır vəziyyətdə gözləyirdik. Onlar gələn kimi soydaşlarımız "Dağlıq Qarabağ Azərbaycanındır" və s. bu kimi şüarlar səsləndirməyə başladılar. Ermənilər bundan əsəbləşdilər və diskoteka yaradıb musiqi qoyub oynayırdılar. Daha sonra bizə doğru boş viski şüşələri atmağa başladılar. Nəticədə bir neçə uşaq şüşə qırıqlarının onlara dəyməsi səbəbindən zədələr aldı. Polisə qarşı tərəfin təxribatlarının qarşısı alınmayacağı təqdirdə qarşıdurma olacağı ilə bağlı xəbərdarlıq etdik. Polis onların yığışdıralacağını söylədi. Bir anın içində 7-8 atlı polis gəldi. Digər polislərin hər birinin yanında isə isə xüsusi təlim görmüş itlər var idi. Holland mətbuatı da baş verənləri çəkib göstərdi. Polis ən azı 30 metr məsafənin olacağını əsas gətirərək ermənilərin qarşısında dəmirdən sədd çəkmişdi. Dəmiri götürən kimi ermənilər bizim səfirliyimizə doğru hücuma keçməyə çalışdılar. Ancaq Holland polisi erməniləri atlarla, itlərlə, dubinkalarla döyə-döyə qovdular. Həmin küçədə müxtəlif səfirliklər yerləşir. Polis onları qovaraq küçədən tamamilə çıxartdı.   

Biz artıq evimizə gedərkən bir qrup erməni cavanlarımızın üstünə hücum çəkmək istəsə də, polis onların da qarşısını aldı. Həmin ərazi boşalana qədər polis bizim maşınlarla ərazini tərk etməyimizi müşayiət etdi. Daha sonra ermənilər iyulun 22-də Brüsseldəki səfirliyimizin qarşısına gəldilər. Ora da, Almaniyadan, Hollandiyadan soydaşlarımızın hamısı getmişdi. Brüsseldəki səfirliyimizin yerləşdiyi ərazidə tramvay yolu var. Ora həmişə daşlarla dolu olur. Ermənilər qəfildən həmin daşları götürüb azərbaycanlılara doğru atmağa başladılar. Hadisələr zamanı Real TV-nin əməkdaşı Xatirə xanım da zərbələr alıb yaralandı. Evi Brüsseldən uzaq olduğu üçün bizim evə gəldi. Çox yorğun və halsız idi. Daha sonra ambulansla aparıb ilk yardım göstərdilər. Sizdən əvvəl ermənilərin təxribatı nəticəsində yaralanan, ağzı-burnu qan içində olan uşaq var, onunla danışırdım. Uşaqlarımızdan reanimasiyada olanlar da vardı. Telefonları da oğurlanıb. Yaralanan uşaqlardan birinin anası ilə danışdım. Deyir oğlu dostu ilə küçəyə çıxanda altmış erməni onları vəhşicəsinə döyüblər.  

- Artıq mətbuatda bəzi dövlətlərdəki erməni diaspor təşkilatlarının azərbaycanlıların adreslərini verənlərə pul mükafatı vəd etdiyinə dair məlumatlar yayılır. Bu birbaşa təhdid kimi qiymətləndirilir. Siz necə erməni təhdidləri ilə üzləşirsinizmi?  

- Bəli bu təhlükə bizi də gözləyür. Çünki ermənilər tərəfindən bizə ciddi təzyiqlər var. Təhdid mesajları da alırıq. Şəxsən mənim özümə bir erməni Hollandiya vaxtı ilə gecə saat 01.20-də holland dilində çox pis sözlərlə təhqirlər yazıb. Başqa bir erməni isə mənə ASALA-nın izahatını verən bir mesaj yazıb. Bildirir ki, sən ASALA-nı Hitlerlə, İŞİD-lə müqayisə edirsən. Sən ASALA-nı İŞİD-lə necə müqayisə edə bilərsən? ASALA ilə İŞİD-in fərqini izah edərək sonuncunun günahsız insanları, ASALA-nın isə erməni dövləti üçün təhlükəli olan insanları öldürdüyünü söyləyir. Yəni bu cür təhdidləri çox alırıq. Bizim koordinasiya şurasının üzvü Firəngiz Bağırova var, facebook səhifəmizin adminidir. Üç gündür heç nə paylaşa bilmir. Blok ediblər. Hazırda yanımda Nərgiz xanım var. Təşkilatımız adından Brüssel polisinə azərbaycanlılara qarşı təxribatların qarşısının alınması ilə bağlı etiraz məktubu hazırlayıb göndərib. İndi isə Hollan polisinə təşəkkür müraciəti hazırlayır. Hətta dünən facubookda Xatirə xanımın bir şəklini paylaşmışdıq. Əlindəki vəsiqədə ev adresi görünürdü. Onu bizim gənclərdən biri görüb dərhal xəbərdarlıq etdi. Biz şəkildə adresin görünən hissəsini sildik. Bizim cavanlarımıza da yazırlar. Xüsusilə də qızlarımızın fəal olduğu səhifələrdə daha çox təhdid edirlər. Bir qızımıza yazmışdılar ki, "azərilər özünüzü yaxşı aparın, evdə qalın. Çölə çıxsanız sizi öldürəcəyik". Hətta bir erməni "Tvitter"də "nəhayət əlim azəri qanına bulandı" deyə bir post paylaşıb. Bunların hamısını skrinşot edib saxlayırıq. Artıq neçə gündür facebookda, digər sosial şəbəkələrdə şəxsi məlumatlarımızı yoxlayırıq.

- Azərbaycanın Xarici İşlər Nazirliyi xaricdəki azərbaycanlıların qorunması, səfirliklərimizin mühafizəsinin gücləndirilməsi ilə bağlı bütün dövlətlərə müraciət etdi. Hollandiyadakı soydaşlarımızın təhlükəsizliyin qorunması üçün səfirliyimiz və ya polis tərəfindən hansı addımlar atılır?

- Səfirliyimizin özü hər halda burada yerli polis tərəfindən mühafizə edilməlidir. Ancaq bizlər çoxuq. Şəxsi fikrim ondan ibarətdir ki, səfirlik  ancaq bizə sakitliyə, xüsusilə də cavanlarımızı emosiyalara qapılmamaqla bağlı çağırışlar ünvanlaya bilər. Sadəcə biz ehtiyatlı olmalıyıq və bu çağırışları da edirik. Təbii ki, biz ermənilərin cavablarını verməliyik. Lakin bu etirazımızı sivil qaydada etməliyik. Təəssüf ki, Avropa erməninin tərəfindədir. Ermənilər gedib özü-özlərini öldürəcək, qanını isə bizim üstümüzə yıxacaq.

- Avropa, Hollandiya mətbuatının baş verən olaylara münasibəti necədir? Hansı yanaşmalar var?

- Sözün düzü heç biri heç nə yazmır. Sadəcə Hollandiya mətbuatında aksiya ilə bağlı bir məlumat getdi. Neytral bir yazı hazırlanmışdı. Aqressiyanın olduğu vurğulandı. Bildirilir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi olmasına baxmayaraq burada 30 ildir münaqişə mövcuddur. Dağlıq Qarabağda çox sayda erməni yaşayır.

- Yaralılarımızın son durumu ilə bağlı məlumat verməyinizi istərdik...

- Xəstəxanadan artıq çıxıblar. Reanimasiyada olanlar var idi. Lakin bəzilərini vəhşicəsinə döymüşdülər. Lakin indi yaxşıdırlar. Biz bir-birimizi dəstəkləyirik, vəziyyətləri ilə maraqlanırıq. Hətta mənim şəhərimdə bir azərbaycanlı diş həkimimiz var. Zəng edib dedi ki, yaralananlardan kiminsə ağız boşluğu ilə bağlı problemi varsa, müalicə etməyə, yardım göstərməyə hazırdır. Bir nəfərin maşını çox pis əzilib.

- Diaspor təşkilatları olaraq sözügedən istiqamətdə bundan sonra atacağınız addımlar hansılardır?

- Bizim koordinasiya şurası var. Mən də bu qurumda əlaqələndiriciyəm. Bundan əlavə, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin uzun illərdir rəhbəriyəm. Hazırda yaşanan olaylara siyasi qiymətin verilməsi üçün bəyanatlar hazırlayırıq. Bizi bunu zatən həmişə edirdik. Lakin indi daha güclü və mərkəzləşdirilmiş formada addımlar atırıq. Bizə gələn mesajların hamısının skrinşot versiyasını saxlayırıq. Ermənilər səfirliyimizin də facebook səhifəsinə hücum ediblər. Soydaşlarımıza bu səhifə üzərindən ermənilərə yazmaları barədə də çağırışlar edirik. Biz xaricdə yaşayırıq. Etirazlarımızı, fəaliyyətimizi elə bir şəkildə qurmalıyıq ki, sonradan əleyhimizə çevrilməsin.  Bu tək qadın-kişi məsələsi deyil. Bu artıq Azərbaycan məsələsidir. Eşitdiyimiz xəbərlərə görə, artıq burada yaşayan soydaşlarımız da səfirliyimizə müraciət edərək səfərbərliyə hazır olduqlarını bildiriblər. Qadınlar olaraq biz də əlimizdən gələn hər şeyi etməyə hazırıq ki, təki Qarabağımız işğaldan azad edilsin. Mən özüm də qarabağlıyam, ağdamlıyam. İndi biz hamımız qarabağlıyıq.

 

Oxunma sayı 4627