Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz - Dövlət başçısı

22:18 15.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz.

Hafta.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqində deyib.

Dövlət başçısı bildirib:

"Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Torpaqların itirilməsi bir daha demək istəyirəm ki, o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər. O vaxt o bölgədə fəaliyyət göstərən Azərbaycan Xalq Cəbhəsinin batalyonları və onların komandirlərinin bir neçəsi xəyanət etmişlər. Baxmayaraq ki, onların tərkibində cəsur və Vətənə bağlı insanlar döyüşürdülər, öz canlarını qurban vermişlər. Ancaq o vaxt Azərbaycan Xalq Cəbhəsinin başında dayananlar nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək üçün torpaqları satdılar və beləliklə, o vaxtkı hakimiyyəti yıxa bildilər. O vaxt bizim torpaqlarımızın itirilməsi bilavasitə Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar fəaliyyəti ilə bağlıdır. Ona görə Ermənistan hər zaman bu imkanlardan faydalanıb. İndi də özləri gizlətmirlər ki, o vaxt Azərbaycanda xaos, anarxiya idi, onlar bundan istifadə edib torpaqlarımızı zəbt etdilər. O vaxt Azərbaycan Xalq Cəbhəsi Gəncəni bombalayırdı, Azərbaycan əsgərlərini əsir götürmüşdü. Orada torpaq əldən gedirdi, burada isə onlar hakimiyyət uğrunda mübarizə aparırdılar və əfsuslar olsun ki, öz çirkin əməllərinə nail oldular. Hakimiyyətə gəldilər, daha çox torpaq verdilər, sonra da biabırcasına qaçıb gizləndilər, fərarilik etdilər. Bütün bunlar bizim tariximizdir".

Oxunma sayı 1613
Siyasət rubrikasından digər xəbərlər