Ermənistanda etirazlar - Kəlbəcərə gedən yol bağlandı - Günün təzadları

18:31 18.08.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Qeqarkunik vilayətinin Qeqamasar kəndinin sakinləri səhər saatlarından etiraz aksiyasına çıxıblar. Hafta.az Modern.az-a istinadən xəbər verir ki, Zod qızıl mədənində partlayıcılardan istifadə olunmaqla gerçəkləşən işlərə etiraz ediblər.
Ekoloji sabitliyin pozulduğunu bildirən etirazçılar Vardenis-Kəlbəcər yolunu bağlayıblar. Ekoloji fəal Sevak Xaçatryan mədəndə görülən işlərin bölgədəki su mənbələeini zəhərləyəcəyini dilə gətirib.

 

Soros Paşinyanı danladı

Amerikalı milyarder Corc Soros özünün Ermənistandakı baş nümayəndəsi Larisa Minasyan vasitəsilə Ermənistan Baş naziri Nikol Paşinyana narazılığını çatdırıb.
Bu məlumatı “Ermənistanın səsi” qəzeti yayıb. Məlumata görə, Sorosun narazılığı Paşinyanın Belarus Prezidenti Aleksandr Lukaşenkonu təbrik etməsiylə bağlı olub: “Paşinyan manevr etmək qərarına gəlib. Bununla Qərbin diqqətini cəlb etməyə çalışır. Yəni investisiya vermirsinizsə, mən başqa oyun oynayacağam. Nəticədə cənab Sorosun etirazını alıb”.

 

Qafqaz Universiteti ləğv olunur

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ötən gün verdiyi qərara əsasən, Qafqaz Universiteti ləğv olunur.
Dövlət Xidmətindən hafta.az-a verilən məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Xırdalan şəhəri, Abşeron rayonu, Həsən Əliyev küçəsi, ev 120 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Qafqaz Univesiteti 1995-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Havar Əmir oğlu Məmmədovdur

 

Aleksandr Novak koronavirusa yoluxdu

Rusiyanın Energetika naziri Aleksandr Novak koronavirusa yoluxub. Hafta.az bildirir ki, bu barədə Baş nazir Mixail Mişustin Uzaq Şərqin sosial-iqtisadi inkişafı məsələlər üzrə hökumət komissiyasının iclasında deyib. Bildirilir ki, A.Novak xəstəliyi simptomsuz keçirir.

 

İspaniyanın keçmiş kralı Birləşmiş Ərəb Əmirliklərinə sığındı

İspaniyanın keçmiş kralı Birinci Xuan Karlos avqustun 3-dən etibarən Birləşmiş Ərəb Əmirliklərindədir.
O, bu barədə hazırkı kral Altıncı Felipeyə bildirib. 1975-2014-cü illər ərzində İspaniyanın taxt-tac sahibi olmuş, Franko diktaturasından sonra ölkənin demokratiya yolunu açması ilə tanınan 82 yaşlı Xuan Karlos 2014-cü ilin 18 iyununda taxtını oğlu Felipeyə təhvil vermiş, 2019-cu ilin 2 iyun tarixindən etibarən isə krallıq ailəsindəki bütün rəsmi öhdəliklərinin başa çatdığını elan etmişdi.
2012-ci ildə İspaniya konsorsiumunun qalib gəldiyi Məkkə - Mədinə sürətli dəmir yolu layihəsində komissiya haqqı almaqda ittiham edilən, İspaniya və İsveçrə məhkəmələrində haqqında korrupsiya davaları olan keçmiş kralın dövlətdən aldığı 198 945 avro məbləğində maaşı bu ilin iyun ayından ödənilmirdi.
Korrupsiya və əyintilərlə bağlı ittihamların kral ailəsinin nüfuzuna xələl gətirdiyi üçün Xuan Karlos avqustun 3-dən ölkəni tərk edib.

Oxunma sayı 2288