“Əsirlikdəki bibim elə şeylər danışdı ki, özümdən getdim” – Xocalı soyqırımının şahidi

17:44 24.02.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Tofiq Nağıyev Xocalı soyqırımının canlı şahididir. Üstündən 28 il keçən həmin günlərin üzərinə qayıtmaq istəyirik. Onun üçün çətindir. Amma danışmağa razılaşır. Deyir ki, elə bil dünən olub. Yaraları qaysaqlanmır.

Xocalıda özünümüdafiə batalyonunda döyüşən Tofiq Nağıyevin hafta.az-a verdiyi müsahibəni sizlərə təqdim edirik:

- Soyqırımdan 7-8 il əvvələ qayıdaq. Xocalı balaca bir kənd idi. Necə oldu ki, birdən-birə iri yaşayış məntəqəsinə, sonradan da rayona çevrildi?

-1988-ci ildə mən SSRİ silahlı qüvvələri sıralarında hərbi xidmətə yollandım. O zamanlar SSRİ hələ mövcud idi. 1990-cı ildə geri qayıdanda qoyub getdiyim Xocalını tanımadım. Çox dəyişmişdi. Böyümüşdü. Asfalt yollar çəkilmişdi. Təzə avtobuslar verilmişdi. Özünün avtovağzalı var idi. Beş mərtəbəli binalar tikilmişdi. Özü də elə möhkəm tikmişdilər ki, fevralın 25-i günü ermənilər oranı top atəşinə tutanda bina çökmürdü. Mesxeti türklərinin bir hissəsi gəlib orada məskunlaşmışdılar. Onlar üçün fin evləri salınmışdı. Birdən-birə rayona çevrilmişdi. 7 min əhali yaşayırdı.

-Xocalının mühasirəsini necə xatırlayırsınız? Təxminən nə qədər çəkdi bu mühasirə?

-1991-ci ilin yayından Xocalı demək olar ki, mühasirədə idi. Xankəndi yolu bağlanandan sonra ətraf bölgələrlə əlaqə kəsildi. Ağdama, Əsgərana gediş-gəliş mümkün olmadı. Ancaq vertolyotların ümidinə qaldıq. Çörəyimizi, azuqəmizi də helipokterlər gətirirdi. Özü də yük vertolyotları...  Onlar yükləri gətirib boşaltdıqdan sonra yaşlıları, qocaları çıxarmağa məcbur olurduq. Hiss edirdik ki, təhlükə getdikcə yaxınlaşır. Ermənilər 366-cı alayın köməkliyi ilə nəsə bir şey qarışdıracaq deyə artıq söz-söhbətlər gəzirdi.

-Vertolyotların arası niyə birdən-birə kəsildi?

-Həmişə 2 vertolyot gəlirdi. Biri göydə durub fişəng atırdı. Erməni gəlsə xəbər edirdi. İkincisi, adamları yığırdı, yükü boşaldırdı... Yanvarın 28-də Şuşada bizim mülki vertolyotumuzu vurandan sonra pilotlar qorxmağa başladı. Gəlmək istəmədilər. Özü də əksəriyyəti rus, ya da “xoxol” idi.

-Bəs sonuncu vertolyot nə vaxt gəldi Xocalıya?

-Fevralın 13-də. Yaxşı yadımdadı, dedilər ki, sonuncu vertolyot gələcək. Tez evə gedib atamı götürdüm. Yolun yarısında yoruldu, gedə bilmədi. Axırda atamı kürəyimə alıb çayı keçdim. Gətirib aeroporta yaxın əraziyə çıxardım. Gücümüz qalmamışdı. Bizi gördülər. Gəlib yanımızda dayandı. Atamı güc-bəla ilə mindirdim.

-Niyə?

-Yer yox idi. Yük vertolyotu idi, xeyli adam minmişdi. Bir cavan oğlan vardı, onu çəkib saldım ki, sən hara gedirsən, qoca deyilsən, şikəst deyilsən... Sonra vertolyot yenidən havalandı. Uça bilmədi. Çünki hamı minmək istəyirdi. Vəziyyət çətin idi. Həmin vaxt 5-6 nəfəri mən özüm saldım vertolyotdan. Biz düşünürdük ki, ancaq qadınlar, uşaqlar və qocaları çıxaraq. Cavanlar qalırdılar...

-Bəs ermənilər nə vaxt keçdilər hərəkətə?

-25-i günü  axşam saat 10-nun yarısında. Postda dayanmışdıq. Axşam üstü, hava qaralana yaxın ermənilərin dörd texnikası Xocalının dörd bir tərəfində özünə mövqe qurdu. Ağır silahımız yox idi ki, onları vuraq. Hamımızda avtomat idi. Xocalını 21 nəfərdən ibarət Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevin dəstəsi, aeroportu isə Milli Qəhrəman Əlif Hacıyevin milis bölüyü qoruyurdu. Fevralın 18-də Aqil Quliyev yaralanmışdı. 30-40 nəfərlik bir dəstə ilə Xocalının giriş hissəsində səngər qazıb orada dayanmışdıq. Döyüşmək istəyən çox idi. Amma avtomatımız çatmırdı. 3-4 nəfərə bir silah düşürdü. Nə başınızı ağrıdım, qradlardan, toplardan atmağa başladılar. Bir də baxdıq ki, fin evləri yanmağa başladı. Hay-həşir düşdü. Hamı başını götürüb hara gəldi qaçırdı. Gördük ki, avtomatlarla erməniyə müqavimət göstərə bilməyəcəyik, məcbur qalıb camaatı çıxarmağa başladıq. Yanacaqdoldurma məntəqəsi tərəfdə bir bölük var idi. Adamların çoxu orada toplaşmışdı. Baxdıq ki, yerdə yaralılar, meyidlər... Hamı gözləyirdi ki, Ağdamdan, Şuşadan kömək gələcək.

-Bəs camaatın ilk dəstəsi nə zaman Ağdama yetişə bildi?

-Səhərə yaxın. Meşə ilə gedib arx  və izlərlə Ağdama çıxmışdılar. Xocalının ayağında bir təpə var, oradakı təpəni aşıb getmişdilər. Sonradan erməni həmin yerə gətirib bir “BMP-2” qoydu. Önünə gələni biçməyə başladı.

-Bəs siz neçə nəfər idiniz?

-Biz camaatla gəlirdik. Birdən qrat atdılar. Çaxnaşma, çığırtı qopdu. Gözümüzü açdıq ki, 8 nəfər qalmışıq. Elə onlarla yola düzəldik. Təpələrin arası, arxların izi ilə gedirdik ki, erməni görməsin. Gündüzlər getmirdik. Gecələr irəliləyirdik. Ancaq üzü Ağdama tərəf... Dəstəmizdə bir nəfər var idi. Bələdçiliyi o edirdi. Sürülərin, qoyun-quzuların cığır izləri ilə bizi aparırdı. Birdən qarşıdan səs eşitdik. Bizim dildə səslənirdilər. “Gəlin, gəlin, qorxmayın” – dedilər. Ləhcələrindən tutduq ki, bunlar ermənidi. Artıq 4 nəfər qalmışdıq. O biri dörd nəfəri itirdik yolda... Deyəsən birini ermənilər vurmuşdu. Qalanı da başqa bölüyə qoşulub camaatla çıxmaq istəyirdilər. Birini qoyub o birinə getməyim, biz həmin istiqamətə yox, təpəyə dik dırmaşmağa başladıq. Ayın 26-ı saat 4-5 arası olardı. Ermənilər bir də səsləndilər ki, gəlin qızıllarınızı, pullarınızı verin sizi buraxaq. Artıq bizim onların erməni olduğunu anladığımızı başa düşmüşdülər. Arxamızca gəldilər.  Cəmi iki avtomatımız qalmışdı. O birilərinin güllələri qurtardığına görə silahları tullamışdılar. Əsəblərindən... Yük idi... Bələdçimiz dedi ki, arxamızca 4 erməni gəlir. Üçünü o vurdu, birini mən. Yolumuza davam elədik.

-Bəs sonra nə oldu?

-Hava işıqlaşanda meşədə və arxlarda, kolların arasında gizləndik. Düz axşama qədər... Gecə bir də yol başladıq. Qarşımıza meyidlər çıxdı. Bildik ki, qabaqda ermənilər post qurub. Sürünə -sürünə iki erməni postunun arasından keçdik. Nəfəslərimizi də tutmuşduq. Oradan uzaqlaşandan sonra gəlib iki təpənin arasına çıxdıq. Gördük ki, 4-5 ermənidi. Topla Ağdamı vururlar. Nəşəli idilər. Deyib-gülüb sağlıq deyir, sonra mərmi qoyub üzü Ağdama atırdılar. Camaatın hansı yollarla getdiyini bilirdilər. Həmin istiqamətə də atırdılar. Bunları öldürmək istədik. Sonra fikrimizdən daşındıq.

-Niyə? Qorxdunuz?

-Can şirin şeydi, öz yerində... Amma gülləmiz az idi. Göz-gözü görmürdü. İki avtomatda cəmi 4-5 güllə qalmışdı. Tək-tək atsaq da öldürmək imkanımız az idi. Onların yanından uzaqlaşıb yolumuza davam etdik. Taxıllıq var idi. Onun qırağındakı iri arxın içi ilə yol gedib 4 gündən sonra Ağdama çatdıq. Bir evin qapısını döydük...

-Bəs bu 4 gün ərzində nə yeyib-içdiniz?

-Aclıq yada düşürdü ki... Ağac qabığı, qar... Nə bilim (duruxur). Evin qapısını döydük. Dedik ki, Xocalıdanıq. Bizi qucaqladılar. Boynumuza sarıldılar. Ev yiyəsinə dedik ki, heç kimi qaldırmayın, bizə yemək verin, acıq. Kasıbın olanından gətirib qarşımıza tökdülər. Bir də gördüm əllərimiz keyiyib, çörəyi bölə bilmirik. Ev yiyəsi də bizə fikir verirmiş, gətirib qarşımıza araq qoydu. Dedi ki, başqa cür başa düşməyin, bunu için əlinizin –ayağınızın donu açılsın. İçə bilmədik. Boğazımızdan keçmədi...

-Sonra nə oldu?

-Sabahı gün Ağdama gəldik. Məscidin ətrafında böyük izdiham vardı. Meyidlər də orada idi. Mənim “ölüb” xəbərim də gəlmişdi. Anamgilə xəbər verdilər. Anam məni görəndə gözlərinə inanmadı. Sağ qayıtmışdım. Ayağıma döşəndi. Zorla qaldırdım. Xəbər verəni də qınamıram, yanımıza minamyot düşdükcə dəstələr parçalanırdı. Hərə bir tərəfə qaçırdı. Elə bilib ki, ölmüşəm. Atam Ağcabədidə idi. Ayın 13-dən yola salmışdım. Qohumlarımgildə qalırdı. Sağ qayıtmağıma çox sevinmişdilər. Sonra qardaşımla bacımı tapdım. Bibimgil əsirlikdən qayıdanda elə şeylər danışdılar ki, özümdən getdim. Qadınları çılpaq soyundurub qızıllarını alırmış ermənilər. Damaqlarındakı qızıl dişləri sökürlərmiş...