Faydalı qazıntı yataqlarının istismarçılarına xəbərdarlıq  

18:58 29.04.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bəzi hüquqi və fiziki şəxslərin ölkənin müxtəlif regionlarında yerin təkindən – qum, çınqıl yataqlarından, qarışıq süxurlardan icazəsiz və qanunsuz istifadə etməsi faktları mövcuddur və bu cür fəaliyyətlər heç bir icazə sənədi alınmadan həyata keçirilir. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

H.Əlizadənin sözlərinə görə, bəzi şirkətlər bu işi yol çəkilişi, yaxud hansısa abadlıq və quruculuq işlərinin görülməsi məqsədilə həyata keçirdiklərini açıqlamaqla məsuliyyətdən yayınmaq istəyirlər: “Lakin birmənalı şəkildə bildirmək istəyirik ki, fəaliyyətin sferasından asılı olmayaraq, bu tipli işlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada razılaşdırılmalı və sənədləşdirilməlidir. Yalnız müvafiq icazə verildikdən və yatağın həcminin qiymətləndirilməsi ilə bağlı ekspertiza rəyi alındıqdan sonra ondan istifadə etmək olar. Bunu da nəzərə almaq lazımdır ki, Azərbaycanda yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə olan müvafiq normativlərə Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli müvafiq qərarı ilə yenidən baxılıb və xeyli dərəcədə yüksək tariflər müəyyən edilib”.

Nazirlik rəsmisi əlavə edib ki, həmin qərar verilənə qədər Azərbaycanda yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə olan müvafiq normativlər Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli qərarı ilə tənzimlənirdi: "Yəni əvvəlki qərarla müqayisədə son qərarda istər qum, çınqıl yataqlarından, istərsə də digər qiymətli və yarımqiymətli faydalı qazıntılardan istifadəyə görə tariflər orta hesabla 4-5 dəfə artırılıb. Əvvəl 1 kub qumun qanunsuz götürülməsinə görə dəymiş ziyan 5 manat olduğu üçün 100 kub qumun götürülməsinə görə dəyən ziyan 500 manat hesablanırdı. İndi 100 kub qumun qanunsuz götürülməsinə görə dəyən ziyan (1 kub 20 manat) 2000 manat məbləğində müəyyən edilib. Bəzi süxurlarda isə dəyən ziyan hətta 5 - 5,5 dəfə çox hesablanır. Bu da ciddi hüquqi pozuntulara gətirib çıxarır və bu işi qanunsuz görən şirkətləri ciddi maliyyə sanksiyaları ilə üz-üzə qoyur".

H.Əlizadə qeyd edib ki, əgər qanunsuz hərəkət, icazəsiz istismar xüsusi mühafizə olunan təbiət ərazilərində baş veribsə, bu halda dəyən ziyan 3 qat hesablanır:

“Ona görə də faydalı qazıntı yataqlarının istismarçılarına xəbərdarlıq edirik ki, bu işə başlamazdan əvvəl müvafiq sənədləşməni aparsınlar və yalnız istismar üçün icazə alındıqdan sonra fəaliyyət göstərsinlər".

Qeyd edək ki, Azərbaycan ərazisində yer təkinin öyrənilməsi (axtarış, kəşfiyyat), onun səmərəli istifadəsi, mühafizəsi və görülən işlərin təhlükəsizliyi ilə əlaqədar münasibətlər “Yerin təki haqqında” qanunla tənzimlənir. Qanuna görə, yer təkinin ayrı-ayrı sahələrindən istifadə ölkə təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin etmək məqsədilə məhdudlaşdırıla, yaxud qadağan edilə bilər. Əgər yaşayış məntəqələrinin, şəhərətrafı zonaların, sənaye, nəqliyyat və rabitə obyektlərinin ərazilərində yerin təkindən istifadə insanların həyat və sağlamlığına təhlükə törədərsə, təsərrüfat obyektlərinə və ya ətraf mühitə zərər vurarsa, o, qismən və ya tamamilə qadağan edilə bilər.

Xüsusi mühafizə edilən ərazilərdə isə yerin təkindən bu ərazilərin statusuna və müvafiq qanunvericiliyə uyğun olaraq istifadə edilir. Yerin təki istifadə üçün müəyyən müddətə və ya daimi verilir. Belə ki, yerin təki geoloji öyrənilmə üçün 5 ilədək müddətə, faydalı qazıntıların çıxarılması üçün 25 ilədək müddətə, göstərilən istifadə növləri birləşdirildikdə 30 ilədək müddətə istifadə məqsədilə verilir.

Faydalı qazıntıların çıxarılması məqsədilə yerin təkindən istifadə müddəti onların işlənilməsinin yerin təkindən səmərəli istifadəni və onun mühafizəsini təmin edən texniki-iqtisadi əsaslandırılmasının nəticəsindən asılı olaraq müəyyən edilir. Yer təki sahələri faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikintisi və istismarı, xüsusi mühafizə edilən obyektlərin yaradılması və digər məqsədlər üçün müəyyən müddətə və ya daimi verilə bilər. Yerin təkindən istifadə müddətləri istifadə hüququnun verildiyi gündən hesablanır.

Bundan başqa, torpaq sahibləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan  tərəfindən müvafiq qaydada onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasını və yeraltı qurğuların tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər.

Yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərə gəlincə, buraya yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi, yer təkinin geoloji öyrənilməsi, səmərəli və kompleks istifadəsi və mühafizəsinin dolğunluğunun təmin edilməsi, faydalı qazıntı ehtiyatlarının qiymətləndirilməsi və ya faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadəyə verilən yer təki sahəsinin xüsusiyyətlərini təyin edəcək qabaqlayıcı geoloji və geoekoloji işlərin aparılması, yer təkinin geoloji öyrənilməsi və ondan kompleks istifadəni təmin etmək məqsədilə hər bir faydalı qazıntı yatağı üzrə kondisiyaların müəyyən edilməsi, faydalı qazıntı ehtiyatlarının, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edilən yer təki sahələrinin dövlət ekspertizasının və dövlət uçotunun aparılması aiddir. Eyni zamanda, bu məsələdə əsas tələblər sırasında faydalı qazıntıların və yanakı komponentlərin yerin təkindən daha dolğun çıxarılmasının təmin edilməsi, faydalı qazıntı yataqlarının işlənilməsi zamanı yerin təkindən çıxarılan və yerin təkində saxlanılan faydalı qazıntıların və yanakı komponentlərin uçotu, faydalı qazıntı yataqlarının su basmasından, şüalanmadan, yanğından və faydalı qazıntıların keyfiyyətini aşağı sala bilən, yataqların sənaye əhəmiyyətini azaldan və ya onların işlənməsini mürəkkəbləşdirən digər amillərdən mühafizə edilməsi kimi məsələlər də yer alıb.

Yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid tələblərə, həmçinin çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində sənaye və məişət tullantılarının yığılmasının qarşısının alınması, habelə yeraltı içməli suların minerallaşmış və ya kondisiyaya uyğun gəlməyən sularla qarışması təhlükəsi olan sahələrdə yeraltı içməli suların rejiminə nəzarət edilməs, ətraf mühitin qorunması, torpaqların rekultivasiyası, dağ qazmalarının konservasiyası və yaxud ləğvi qaydalarına əməl edilməsi, balıqçılıq  su obyektlərində faydalı qazıntıların hasil edilməsi, geoloji kəşfiyyat, partlayış, qazma, dibdərinləşdirmə işlərinin aparılması, yeraltı qurğuların tikintisi layihələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada balıqçılıq təsərrüfatı ekspertizasından məcburi keçirilməsi, bu maddənin tələbləri pozularsa yerin təkindən istifadə üçün verilmiş hüquq qanunvericiliyə müvafiq olaraq aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən dayandırıla və ya ləğv edilə bilər.

Yeri gəlmişkən, bu ilin aprelin 23-də  Prezident İlham Əliyev fərmanı ilə “İstifadəyə verilən yer təki sahələri haqqında geoloji informasiyanın və faydalı qazıntı ehtiyatlarının dövlət geoloji ekspertizasının keçirilməsi Qaydaları”nda da dəyişikliklər edilib. Belə ki, indiyədək dövlət geoloji ekspertizasını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Faydalı qazıntı ehtiyatları üzrə komissiyası aparır və təsdiq edirdi. Fərmana əsasən, bundan sonra dövlət geoloji ekspertizasını Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi aparacaq və təsdiq edəcək.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 103
Sosial rubrikasından digər xəbərlər