Füzulidə şəhid olan əsgər 26 ildən sonra Yevlaxda dəfn edildi- Günün təzadları

18:10 23.01.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yaydı.

Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, məlumatda deyilir:

"Prezident İlham Əliyevin tapşırığına əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) Azərbaycan Respublikasının Baş prokuroruna müraciəti üzrə Bakı Hərbi Məhkəməsinin Qərarına uyğun olaraq, 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistan Respublikasının silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olaraq tanınmadan İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilən şəhidlərə aid meyit qalıqları ekshumasiya olunub.

Həmin məzarlıqda yaxınlarının dəfn olunduğunu ehtimal edən 8 itkin ailəsinin iştirakı ilə Dövlət Komissiyası, Respublika Hərbi Prokurorluğu və Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT-Birliyi tərəfindən 2019-cu ilin iyul ayında həyata keçirilmiş ekshumasiya prosesində 12 naməlum meyit qalığı müəyyən edilərək müvafiq nümunələr götürülüb. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi ekshumasiya prosesinə texniki və ekspert dəstəyi göstərib.

Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT-Birliyinin mütəxəssisləri tərəfindən aparılmış molekulyar-genetik ekspertizanın nəticələrinə əsasən, meyit qalıqlarından və dəfn edilən şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülən nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin iddiaçı Məmmədova Yasəmən Vəlyəddin qızı ilə valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib. Eyni zamanda meyit qalıqlarının ekshumasiyası və molekulyar-genetik ekspertizasının yekunu ilə bağlı nəticələrə dair itkin ailələrinə ətraflı məlumat verilib.

Yasəmən Məmmədovanın atası – Yevlax rayon sakini, Müdafiə Nazirliyinin 702 nömrəli hərbi hissəsində xidmət etmiş, 1971-ci il təvəllüdlü İbrahimov Vəlyəddin Səhrab oğlu 1994-cü il yanvarın 19-da Füzuli rayonu ərazisində gedən döyüşlərdə itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Şəhid Vəlyəddin İbrahimovun nəşi ailə üzvlərinin istəyi ilə Yevlax şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Hərbi rituallara uyğun dəfn mərasimi Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Komissiyası, İmişli və Yevlax rayon icra hakimiyyətlərinin təşkilatçılığı, şəhid ailəsinin, ictimaiyyətin, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında müəyyən edilmiş digər 11 naməlum meyit qalığının eyniləşdirilməsi, həmçinin Ermənistan-Azərbaycan- Dağlıq Qarabağ münaqişəsi zamanı tanınmadan dəfn edilmiş şəxslərə aid meyit qalıqlarının ekshumasiyası işi Dövlət Komissiyası ilə BQXK arasında 2008-ci ildə imzalanmış çərçivə sazişinə uyğun olaraq mərhələli davam etdirilir".

 

Bakıda rüşvət alarkən görüntüsü yayılan polisin öldüyü bilindi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda sosial şəbəkələrdə yol polisinin rüşvət alması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirdi.

Hafta.az-ın verdiyi xəbərə görə, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Axar.az-a deyib ki, faktla bağlı araşdırmalar aparılıb.

“Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs 14.05.2018-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib və həmin ildə də vəfat edib”, - o bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə yol polisinin sürücüdən rüşvət alması ilə bağlı videogörüntü yayılıb.

 

Makron İsrail polisi ilə mübahisə etdi

Fransa prezidenti Emmanuel Makron İsrailin hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mübahisə etdi.

Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Mübahisə Qüdsün "Müqəddəs Anna" bazilikasının girişində qeydə alınıb. Emmanuel Makron polis əməkdaşlarının onunla birgə müqəddəs məkana daxil olmasına etiraz edib.

Fransa prezidenti israilli polis əməkdaşlarını əsrlərlə mövcud olan qaydalara hörmət etməyə çağırıb.

Dünya mediası prezidentlə polis əməkdaşları arasındakı mübahisəyə geniş yer verib.

 

Şəhəri dəniz köpüyü basdı

Sosial şəbəkələrdə ən azı beş insanın ölümünə səbəb olan “Qloriya” tufanının fəsadlarının görüntüləri yayıldı.

Hafta.az-ın Musavat.com-a istinadla yazdığına görə, “Daily Mail” xəbər verir ki, tufandan sonra Kosta-Brava sahilində yerləşən Tossa-de-Mar şəhərciyində qeyri-adi təbiət hadisəsi müşahidə edilib.

Şəhər dolan dəniz köpüyü bəzi yerlərdə insanların hərəkətinə və evlərindən çıxmasına maneə törədib.

 

Telefon ustanın əlində partladı

Türkiyənin Kocaeli şəhərində təmir zamanı mobil telefon partlayaraq yanmağa başladı.

Hafta.az yazır ki, “Haber7”nin məlumatına görə, hadisə mağazanın təhlükəsizlik kameralarına tərəfindən qeydə alınıb.

Məlumata əsasən, Ömər Karabıyık adlı telefon ustasının yanına gələn müştəri mobil telefonunun batareyasını dəyişmək istədiyini bildirib.

Usta rabitə cihazının qapağını açmağa çalışarkən mobil telefon partlayaraq alışıb.

 

Ankarada bir saat ərzində 3 zəlzələ oldu

Türkiyənin paytaxtı Ankarada ard-arda üç zəlzələ oldu. Hafta.az yazır ki, “Report” “Sözcü”yə istinadla xəbər verir ki, 3,8 bal gücündə ilk zəlzələ Bakı vaxtı ilə saat 07.42-də, 4,5 bal gücündə ikinci yeraltı təkanlar saat 07.54-də, 3,2 bal gücündə üçüncü zəlzələ isə saat 08.08-də baş verib.

Ankara valisi bildirib ki, zəlzələ nəticəsində dağıntı və ölüm halları qeydə alınmayıb.

Qeyd edək ki, dünən gecə saatlarında Türkiyənin Manisa şəhərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Son məlumata görə, yerli vaxtla saat 11:34-də Manisa şəhərində daha bir zəlzələ meydana gəlib.  3,9 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Gecə saatlarında baş verən 5,4 bal gücündəki zəlzələdən sonra saat 09:25-ə qədər 212 avterşok olub.

Sarsıntılar Aydın, İzmir, Denizli, Çanakkale, Balıkesir, Eskişehir, Kütahya, Bursa, Yalova, İstanbul və Tekirdağın Marmara Dənizi sahilindəki qəsəbələrində hiss olunub.

 

Oxunma sayı