Gələn aydan balıq ovuna qadağa qoyulacaq

18:33 13.04.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Balıqların kürütökmə dövrünün başlanması ilə əlaqədar may ayının 1-dən sentyabrın 1-dək balıq ovuna moratorium elan olunacaq. Bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Xidmət rəisi təbii su hövzələrində mövcud balıq ehtiyatlarının mühafizəsinın, qorunmasının  vacibliyini günümüzün ən aktual məsələlərindən biri olduğunu qeyd edib.

O, balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qadağan olunan vaxtlarda və qadağan olunmuş vasitələrlə balıq ovlanmasından imtinaya,  qaydalara əməl etməyə çağırıb.

Yeri gəlmişkən, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının araşdırmasına görə, planetimizdə dəniz ehtiyatlarının ümumi vəziyyəti ildən-ilə pisləşir. Hazırda göl, çay, dəniz və okeanlarda 1974-cü illə müqayisədə 3 dəfə artıq balıq tutulur. Mütəxəssislərin fikrincə, balıq ehtiyatlarının bu cür amansız istismarı ona gətirib çıxarır ki, balıq istehsalı hətta zəruri minimal dərəcəyə çatmır, həmçinin sualtı aləmin bioloji tarazlığı pozulur. Təbii ki, BMT ekspertləri bu vəziyyətdən narahatdırlar. Onlar bütün dövlətləri mütəmadi olaraq balıq vətəgələrini nəzarətdə saxlamağa, qiymətli balıq ehtiyatlarının müdafiəsi və qorunması ilə bağlı tədbirlər görməyə çağırırlar.

Ekspertlərin hesablamalarına əsasən, dəniz məhsullarının həddindən artıq istismarı və qeyri-qanuni balıq ovu ildə 23 milyard dollar məbləğində iqtisadi itkilərə gətirib çıxarır. Əldə edilən balığın beşdə biri isə qanunsuz yolla tutulur.

FAO-nun hesabatına görə, dünya üzrə ildə adambaşına düşən balıq istehlakı 20 kiloqramı keçib. Hələ 1960-1970-ci illərdə bir adam ildə 10 kiloqram balıq istehlak edirdi. Dəniz məhsulları sektorunun uğurlu inkişafı balığa çox sürətlə artan tələbatı ödəməyə və resursların yerini doldurmağa kömək edib. Bununla yanaşı, tələbatın artımı həddindən artıq balıq ovuna və brakonyerliyin çoxalmasına gətirib çıxarır. Nəticədə bizim masaları bəzəyən təxminən 11-26 milyon ton balıq, - bu isə dünya üzrə tutulan balıqların 20 faizi deməkdir, - brakonyerlər tərəfindən və ya balıq vətəgələrinin qaydalarının pozulması nəticəsində əldə edilir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ötən il balıq və digər su bioloji resurslarından istifadə qaydalarına müvafiq olaraq, 151 hüquqi və fiziki şəxsə balıq və digər su bioloji resurslarının ovu üçün verilən 1185,8 ton kvotaya qarşı 1176,6 ton və ya 2018-ci illə müqayisədə 27,1 faiz az balıq ovlanıb. Ovlanmış balığın 694 tonu kilkə, 105,7 tonu kütüm, 81,3 tonu siyənək, 69,9 tonu kefal, 59,7 tonu külmə, 40,8 tonu çapaq, 45,4 tonu çəki, 20 tonu dabanbalığı, 10,0 tonu sıf, 8,2 tonu şamayı, 5,0 tonu naxa, 3,4 tonu qarasol, 2,0 tonu xəşəm, 31,2 tonu digər balıq növlərinin payına düşüb.

Ötən ildə balıqçılar kvota üçün 101,6 min manat ödəyib. Kvota üzrə ovlanmış balıq da nəzərə alınmaqla hüquqi və fiziki şəxslər tərəfindən ümumilikdə 2019-cu ildə ilkin məlumata görə 63 084 ton balıq ovlanıb ki, bu da 2018-ci ildəkindən 1,9 faiz çoxdur.

Digər tərəfdən, statistik məlumatlara görə, balıq və digər su bioloji resurslarından istifadə qaydalarına müvafiq olaraq, 2018-ci ildə ölkədə 194 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 1707,1 ton kvotaya qarşı 1614,1 ton və ya 2017-ci illə müqayisədə 67,3 faiz balıq ovlanıb. Ovlanmış balığın 1 072,9 tonu kilkə, 112,4 tonu kütüm, 85,4 tonu kefal, 82,3 tonu siyənək, 69,4 tonu külmə, 54,7 tonu çapaq, 48,2 tonu çəki, 30,7 tonu dabanbalığı, 21,2 tonu sıf, 13,6 tonu şamayı, 5,0 tonu naxa, 3,1 tonu xəşəm, 15,2 tonu digər balıq növlərinin payına düşüb.

Onu da deyək ki, Azərbaycanın bioloji müxtəlifliyində dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi mühüm rol oynayır. Xəzər dənizi müxtəlif külli miqdarda endemik bitki və heyvan növlərinə malikdir. Xəzər dənizində 100-də çox balıq növü və yarımnövü yaşayır. Onlardan ancaq 40 növ və yarımnövünün vətəqə əhəmiyyəti var. Xəzərin balıq faunasının əksər nümayəndləri dəniz və çay kateqoriyalarına, qalanları isə keçici və yarımkeçicilərə aiddir.

Nərəkimilər- Xəzər dənizinin endemik balıq növlərindən biridir. Hazırda dünyada ən böyük nərə sürüləri Xəzər dənizində olub, dünya nərə ehtiyatının 70-80 faizinı təşkil edir. Burada nərəkimilərin 6 növü - bölgə,uzunburun, nərə, qaya balığı, rus nərəsi, çökə balığı yaşayır.

Xəzər dənizində nərəkimi balıqların sayının qorunması mqsədilə 2011-ci ildə kommersiya ovuna moratorium qoyulub. Hazırda bu balıqların sayının bərpası məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində 3 nərə balıqartırma zavodu fəaliyyət göstərir. İl ərzində 7-9 milyon nərəkimi balıq körpələri artırılaraq təbii su hövzəsinə buraxılır.

Xəzərin digər qiymətli məhsulu isə qızılbalıqlardır.  Xəzər dənizində 2 növ qızılbalıq yaşayır- xəzər qızılbalığı və ağ qızılbalıq. Xəzər qızılbalığı keçici balıqdır, əsasən Kür çayında kürü tökür. Balıq körpələri əsasən 1.5-2 il ərzində şirinsulu çaylarda yaşayır və sonra isə dənizə keçirlər. 1950-ci ilə qədər hər il 0.5 min ton balıq ovlanırdı. Kür və araz çayları üzərində bəndlər tikildikdən sonra balıqlar əlverişli oksigen, qida və temperatur rejimi olan təbii kürüləmə yerlərinə keçə bilmirlər. Odur ki bu çaylarda qızılbalığın ehtiyatı kəskin azalıb. Bu balığın ehtiyatını bərpa etmək məqsədilə Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində 3 qızılbalıqartırma zavodu fəaliyyət göstərir. Bu zavodlar hər il təxminən 200 min ədəd qızılbalıq körpələri yetişdirərək  təbii su hövzələrinə buraxır. Nəticədə qızılbalığın nəslinin kəsilməsi təhlükəsi aradan qalxıb.

Çəkikimilər Xəzər dənizində geniş yayılmış və növlərin çoxluğuna görə Xəzərin balıq faunasının əsasını təşkil edən şirinsu mənşəli balıqlardır. Xəzər dənizində  çəki, külmə, çapaq növləri geniş yayılıb. 1970-ci illərdan başlayaraq Xəzərdə daha 3 növ çəkikimi balıqlar iqlimləşdirilib. (ağ amur, əlvan və ağ alın). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində çəkikimi balıqların artrılması üzrə 3 balıqartırma zavodu  və 1 Məntəqə fəaliyyət göstərir. İl ərzində 400 milyondan çox çəkikimi balıq körpələri artırılaraq təbii su hövzəsinə buraxılır.

Yeri gəlmişkən, Azərbaycanda balıq və digər su bioresursları dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər. Bu məsələ “Balıqçılıq” haqqında qanunda öz əksini tapıb. Sənəddə göstərilib ki, dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları Azərbaycan Respublikasına mənsubdur. Bələdiyyə mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları bələdiyyə mülkiyyətindədir.

Balıqçılıq sahəsində dövlət siyasətinin əsas prinsiplərinə gəlincə, bu məsələ balıq və digər su bioresurslarının istifadəsi və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsinin hövzəçilik prinsipi əsasında idarə edilməsi, balıq və digər su bioresurslarının və onların məskunlaşdığı mühitin mühafizəsi, balıq və digər su bioresurslarından istifadənin tənzimlənməsi, balıqçılıq sahəsində idarəetmə funksiyaları ilə balıq və digər su bioresurslarının istifadəsi funksiyalarının ayrılması, balıq və digər su bioresurslarından istifadənin qanunla müəyyən edilən hallar istisna olmaqla, ödənişli olması, balıq və digər su bioresurslarının ov həcmi müəyyən edilərkən ekoloji, sosial, iqtisadi amillərin, o cümlədən balıq məhsulunun istehsalı və satışı haqqında məlumatların nəzərə alınması, qiymətli balıq və digər su bioresursları növlərinin üstün mühafizə rejiminin müəyyən edilməsi, onların ovunun məhdudlaşdırılması və ya qadağan edilməsi, akvakulturanın davamlı inkişafı məqsədi ilə ekoloji, iqtisadi və sosial maraqların elmi cəhətdən əsaslandırılmış uyğunluğunun təmin edilməsi, akvakultura təsərrüfatının layihələndirilməsi və tikintisində balıqçılıq su obyektləri sahələrinin qonşu ərazilərin təbii və sosial-iqtisadi xüsusiyyətləri ilə uzlaşdırılması və akvakultura təsərrüfatının yarada biləcəyi zərərli təsirlərin istisna edilməsi kimi məqamları özündə ehtiva edir.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 814
Sosial rubrikasından digər xəbərlər