Gizli ölüm daşıyıcıları və koronavirus - ARAŞDIRMA

13:59 12.04.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünya koronavirusun dəhşətli nəticələrinin əsirinə çevrilib. Son məlumata görə, dünya miqyasında 1,6 milyondan artıq insan yoluxub, 100 minədək adam isə dünyasını dəyişib. BU gün beynəlxalq aləm bu virusun qarşısını almaq üçün səfərbər olunub. Hər gün hansısa ölkədən lazım olan vaksinin icadı haqda ümidverici xəbərlər yayılır, əlbəttə, hələlik konkret nəticə yodur.

Bütün bunlar öz yerində, bəs ən azı son 100 il ərzində koronavirus qədər qorxunc epidemiya və ya xəstəliklər olmayıbmı? Təbii ki, olub, amma onu qloballaşdırmaq lazım olmayıb. Heç olmaya bu araşdırmaya diqqət edərək dünyanın bəlalarını öyrnməyə çalışaq.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına əsasən, hər il dünyada 5,4 milyon nəfəri ilan dişləyir və ortalama hesabla 140 min nəfəri həlak olur. Faciə bununla bitmir, ildə 400 min nəfər ilan sancması nəticəsində şikəst qalır. Qəribədir ki, dünya üzrə ilan sancması hallarının yarısı Hindistanda baş verir. Hindistanda səhiyyə sisteminin vəziyyəti isə acınacaqlı olduğu üçün, təcili tibbi müdaxilədə yubanma yaşanır və əlbəttə, bu da insanların həyatını itirməsi ilə nəticələnir.

Zəhər mənbəyi olan bir canlı da əqrəbdir. ÜST-ün məlumatına görə, hər il dünya üzrə 1,2 milyondan çox insanı əqrəb sancır.

Qeyd edək ki, əqrəblər, dünyanın ümumilikdə 2,3 milyard nəfər əhali yaşayan 7 bölgəsində yaşayırlar. Sözügedən 7 bölgə aşağıdakılardır: 1. Böyük Səhranın qərb hissəsi - Movritaniya, Mərakeş, Əlcəzair, Tunis, Liviya və Misir. 2. Afrikanın sahil qurşağı - Seneqal, Movritaniya, Mali, Burkina Faso, Niger, Nigeriya, Çad, Sudan və Eritreya. 3. Cənubi Afrika. 4. Yaxın və Orta Şərq. 5. Cənubi Hindistan. 6. Meksika və Latın Amerikasənən cənub rayonları. 7. And dağlarının şərq bölgələri.

Yaxşı hal odur ki, ilanların qurbanları kimi əqrəb sancan insanlar arasında da ölüm faizi yüksək olmur – ildə cəmi 3,2 – 3,5 min nəfər. Amma təəssüf ki, əqrəb sancması nəticəsində ölənlərin çoxu uşaqlardır.

Qardaş Türkiyədə ildə 25  min insanı əqrəb sancır ki, onlardan 7-8 nəfəri həlak olur.

Global Shark Attack File-nin və ÜST-ün paylaşdığı hesabatlarda deyilir ki, hər il ən çox insan ölümünə ağcaqanadlar səbəb olur. Daha konkret desək, bu kiçik həşaratlar hər gün 1,5 min insanın həyatına son qoyur ki, bu da il ərzində dünyada 800 min adamın ölməsi deməkdir.

Bu arada qeyd edək ki, yür üzündə ağcaqanadların 3,5 mindən artıq konkret ad verilmiş növü mövcuddur. Bu qədər ağcaqanad növündən ancaq 200-ü insanları dişləyir və təbii ki, onlar fərqli xəstəlikləri daşıyırlar. Təxminən 100 milyon ildir formasını dəyişərək günümüzədək var olan ağcaqanadların ən çox səbəb olduğu əstəlik qızdırmadır. Məlumata görə, hər il 200 milyon insan ağcaqanad sancması nəticəsində qızdırmaya tutulur.

Ağcaqanadlardan sonra insan ölümünə ən çox səbəb olan canlı elə insanlardır. Hesablamalar göstərir ki, müharibələr, terror, qəzalar, adi cinayətlər və sair nəticəsində hər il dünyada yarım milyonadək insan digər insanın qurbanı olur.

Maraqlıdır ki, dünya ölkələrində il ərzində 25 min nəfər it dişləməsi nəticəsində həlak olur. Hansı ki, meşələrin kralı sayılan aslanlar ildə cəmi 100 adamı öldürür.

ÜST və Beynəlxalq Xərçəng Araşdırmaları Mərkəzinin (IARC) birgə yayımladığı hesabatda isə deyilir ki, ağcaqanadlardan sonar ən çox insan öldürən ikinci səbəb xərçəng xəstəliyidir. Hazırda dünyada təxminən 19 milyon xərçəng xəstəsi yaşayır. Gümanlara əsasən, 2020-ci ildə 8 milyon insan məhz xərçəngdən öləcək. Daha konkret desək, ildə hər 8 kişidən və hər 11 qadından birinin xərçəngdən öldüyü deyilir. Bunun da ən böyük hissəsi ağciyər xərçəngidir. Necə ki, bu gün koronavirus ağciyər və nəfəs yollarına yerləşməklə insanları öldürür, xərçəng də eyni əzada yerləşməklə ildə ümumilikdə 2,1 milyon insanın həyatına son qoyur.

Qeyd edək ki, yoğun bağırsaqda yaranan xərçəng ildə 1,8 milyon insanın ölümünə səbəb olur. Xərçəngdən ölənlərin 60 faizi Asiyada, 20,3 faizi Avropada, 14,4 faizi Amerika qitəsində qeydə alınır. Əhalinin hər 100 min nəfərinə düşən ölüm sayına görə ölkələr üzrə bölgü aparsaq, birinci yerdə Danimarka - 100 min nəfərə 338 xəstə, ikinci yerdə Fransa – hər 100 minə 300-dən çox xəstə, sonrakı yerlərdə isə müvafiq olaraq Avstraliya, Belçika, Norveç, ABŞ, İrlandiya, Cənubi Koreya və Niderland durur.

Koronavirusdan heç də az qorxulu nəticələr verməyən bir tibbi problem də ürək-damar xəstəliyidir. Dünya üzrə ümumi ölüm hallarının 32,3 faizini məhz ürək-damar xəstəliyi təşkil edir. Məlumata görə, hər il dünyada 17 milyon nəfər məhz bu əstəlikdən həlak olur. Özü də bu xəstəlik ildən-ilə artır. Güman olunur ki, 2030-cu ildə ürək-damar əstələrinin sayı 23 milyon nəfərə çatacaq. Xəstəliyin 82 faizi orta və aşağı gəlirli inkişaf etməkdə olan ölkələrdə qeydə alınır.

İnsan öldürən amillər yalnız bunlardırmı, xeyr. Hər gün ortalama 15 min insan çəkdiyi siqaretdən yaranan səbəblər üzündən ölür. Nəzərə alaq ki, dünya miqyasında hər gün 15 milyard siqaret satılır və bu ticarətdən dövlət büdcələri və ya ayrı-ayrı şirkətlər toplam 1,5 trilyon dollar qazanır.

Eyni zamanda, ildə 3,3 - 3,5 milyon insan spirtli içkinin mənfi təsirindən həlak olur.

Bu gün qarın ağrısı xəstəliyi çox adi qarşılanır. Məsələn, Azərbaycanda belə hallarda çox vat türkəçarə ilə müalicə üsulunu seçir insanlar. Xəstəliyin səbəbi kimi isə ya yemək-içmək, ya da soyuqdəymə göstərilir. Amma heç kim bilmir ki, qarın ağrısı öldürücü təsirinə görə ilk onluqda yer alır və ildə qarın ağrısının yaratdığı ishaldan ümumilikdə 1,6 milyon insan həlak olur. 

Dünyada uşaq ölümü halları da say etibarı ilə koronavirusdan az deyil. Təsəvvür edin ki, hər il yeni doğulan (ilk 4 həftədə) 1,8 milyon körpə dünyasını dəyişir və bu rəqəm ildən-ilə artmaqdadır.

İnsanların ruhi gərginliklə, yaxud da başqa səbəbdən intihar etməsi də ölüm halları arasında üsusi çəkiyə malikdir. Məlumatlara əsasən, dünyada intihar edərək ölənlərin sayı cinayət nəticəsində qətlə yetirilənlərin sayından iki dəfə çoxdur. Konkret olaraq, İngiltərədə intihar edənlərin sayı dünya normasından 16 dəfə yüksəkdir. Onların da çoxu 20-40 yaş arasında olan kişilərdir. ABŞ-da hər il 40 min adam intihar edir.

İldə yarım milyon insan digər insanlar tərəfindən cinayət yolu ilə öldürüldüyü halda, hər il müharibə və silahlı toqquşmalarda 90 min, terror aktları nəticəsində 26 min insan ölür. Ən çox cinayət halları isə Mərkəzi Amerikada qeydə alınıb. Bu bölgədə hər 100 min nəfərdən 62 nəfəri cinayətə qurban gedir.

Narkotik qəbulu onillərdir bəşəriyyətin “ağ ölümü” adlandırılsa da, nəinki bunun qarşısı alına bilinmir, əksinə, narkotik aludəçilərinin sayı gündən-günə artmaqdadır. BMT-nin hesabatına görə, dünyada narkotik istifadəçilərinin sayı 280 milyondan çoxdur və hər il 220 min nəfər narkotik qəbulundan həlak olur. Ölənlərin dörddən biri – 50 mini ABŞ-ın payına düşür. 

Bəs müasir dünyamızın bəlası sayılan şəkərli diabet xəstələrinin vəziyyəti koronavirusdan daha az təhlükəlidirmi? Bu gün dünyada 450 milyondan çox şəkər xəstəsi var. Hansı ki, bu rəqəmin 2045-ci ildə 629 milyona yüksələcəyi ehtimal edilir. Diabetin sürətlə artdığını nəzərə alan Beynəlxalq Diabet Federasiyası (IDF) və ÜST tərəfindən 1991-ci ildə 14 noyabr tarixini Beynəlxalq Diabet Günü elan edib. Bu gün Avropada 60 milyon şəkər xəstəsi yaşadığı halda, 25 il ərzində bu rəqəmin 70 milyona yaxınlaşacağı düşünülür. Afrikada, xüsusilə də Mərkəzi və Şimali Afrikada 80 milyon, Şimali Amerika və Karib dənizi ölkələrində 60 milyon diabet xəstəsi qeydə alınıb. Hər 6 saniyədə 1 nəfər şəkər xəstəliyi səbəbindən yaşamını itirməkdədir. Ümumiyyətlə, ildə 5 milyon insan diabetdən ölür, amma heç vaxt bu əstəlik koronavirus qədər təşviş yaratmayıb.

Böyrək xəstəlikləri də indiki məlum pandemiyadan az can almır. Hər il dünya üzrə
2,6 milyon insan böyrəkdən qaynaqlanan xəstəliklər üzündən dünyasını dəyişir. Bu gün təəssüf ki, dünyada hər 10 nəfərdən biri böyrək xəstəsidir. Bu da beynəlxalq miqyasda 750 milyondan artıq böyrək xəstəsinin olması deməkdir.
Adi avtomobil qəzaları nəticəsində, hər il dünyada 15 milyonadək insan həlak olur. Amma qəribədir ki, hər gün azından 25 min insanın aclıqdan öldüyü dünya heç vaxt onillər boyunca mövcud olan, insan ölümləri ilə nəticələnən bu faciələri görməyib. Birini adi xəstəlik, birini oş olmayan vərdiş, digərini adi qəza adlandırıb. Amma mənbəyi barədə çoxlu şayiələr yaradan, amma kimsənin səbəbin nə olduğunu demədiyi koronavirusla bağlı bütün ölkələr eyni məqsəd ətrafında birləşib. Evdə qalaq, yaşayaq, gözləyək və görək bu pandemiyanın sonu necə olacaq…

 

Oxunma sayı 875
Gündəm rubrikasından digər xəbərlər