Göyçayda polis azyaşlını kanalda boğulmaqdan xilas etdi – Günün təzadları

18:05 04.06.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Göyçayda  polislər və həkimlərin fədakarlığı sayəsində körpə uşaq ölümdən xilas edildi.

Hafta.az yazır ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları Etibar Əmirov və Elman Əhmədov şəhər ərazisində xidmət aparan zaman bir azyaşlının su kanalında boğulduğunu görüblər. Etibar Əmirov dərhal həmin azyaşlını sudan çıxarıb, ona ilkin tibbi yardım göstərib. Kiçik yaşlı uşağın həyati təhlükəsi nəzərə alınaraq, polis əməkdaşı vaxt itirmədən öz şəxsi avtomobili ilə onu Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin də müdaxiləsi ilə körpənin həyatı xilas edilib.

Polis əməkdaşları azyaşlının valideynləri ilə profilaktik söhbətlər aparıb, nəzarətsiz buraxmamaları barədə təlimatlandırıblar. Uşağın valideynləri də övladlarının həyatını xilas etdiyi üçün asayiş keşikçisinə öz minnətdarlıqlarını bildiriblər.

 

ABŞ-da qətlə yetirilən qaradərilinin orqanizmində koronavirus aşkarlandı

Amerikada polis tərəfindən həbs olunduqdan sonra vəfat edən qaradərili Corc Floydun  koronavirusa yoluxmuş olduğu haqda informasiyalar meydana çıxdı.

Hafta.az Rusiya mediasına istinadla  xəbər verir ki,  bu barədə "The Sun" Hennepin dairə məhkəmə tibb ekspertləri tərəfindən aparılan yarılma nəticələrinə istinadla məlumat yayıb.

Mütəxəssislər rəsmi hesabatda yazıblar ki, çox güman ki, Floyd simptom olmadan koronavirusa tutulub. 

Həkimlər mərhumun cəsədində kannabinoidlər, amfetamin və fentanil kimi maddələrin olduğunu da  iddia ediblər.

 

İsrailin Knesseti koronavirusa görə işini dayandırdı

İsrailin qanunverici orqanı fəaliyyətini məhdudlaşdırdı.

Hafta.az yazır ki, APA-nın “BBC”-yə istinadla verdiyi xəbərə görə, Knessetin bir üzvünün yeni növ koronavirusa (COVID-19) yoluxması təsdiqləndikdən sonra parlamentarilərə ehtiyac olmadığı təqdirdə işə gəlməmək tapşırılıb, komitələrin iclasları təxirə salınıb.

Qeyd edək ki, Knessetin üzvü Sami Abu Şahade infeksiyaya yoluxub.

 

Metroda qatar tunelin divarına çırpıldı

Rusiya paytaxtında metropolitendə qatar tunelin divarına çırpıldı.

Hafta.az Musavat.com-a istinadla  xəbər verir ki, “MK” qəzeti qəza yerindən görüntüləri yayımlayıb.

Məlumata görə, “Planernoye” elektrodeposunda “Moskva” qatarı divarı dəlib. Toqquşma qatar saatda beş kilometr sürətlə hərəkət edərkən baş verib.

Mənbədən qəzetə bildirilib ki, qəzaya maşinistin “KTR” (rezerv əyləcə nəzarət) düyməsini basmağı unutması səbəb olub.

Hadisə nəticəsində zərər çəkən yoxdur.

 

Bakıda 600 manatlıq velosiped oğurlandı

Paytaxtda velosiped oğrusu tutuldu.

Hafta.az  xəbər verir ki, APA-nın məlumatına görə, mayın 20-də, gecə saatlarında Nərimanov rayonu Ə.Əliyev küçəsində A.Kərimzadənin 600 manat dəyərində velosipedi oğurlanıb.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədibləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1980-cı il təvəllüdlü Orxan Məmmədov saxlanıb.

 

Oxunma sayı 988