“Hakimiyyətsizlik Ağdamın işğalına səbəb oldu” – Müsahibə

10:52 23.07.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Təpədən dırnağa kimi müasir silahla silahlanmış işğalçı erməni  ordusu öz havadarlarının köməyi ilə 23 iyul 1993-cü ildə Ağdam kimi böyük bir şəhəri yerlə yeksan etdilər. Artıq Ağdamın işğalından 27 il ötür. 27 ildir ki, yurd-yuva həsrəti ilə yaşayırıq. Dağılmış Ağdam öz sakinlərinin yolunu gözləyir. Ağdam alınmaz qala idi. Ermənilər nə qədər hücima keçsələr də, Ağdamı ala bilmirdilər. Böyük itkilərlə geri çəkilirdilər. Ağdamın adı gələndə tir-tir əsərdilər. Çünki onun döyüşən igid oğulları vardı. Onlardan biri də Qarabağ Müharibə Veteranı, tanınmış pedaqoq  Elman Bayramovdur.

Elman Bayramov 1958-ci ildə Ağdamda doğulub. Xaçındərbənd kənd orta məktəbində fizika-riyaziyyat fənlərini tədris edirdi. Məlum Qarabağ hadisələri zamanı Elman müəllim də erməni vəhşiliklərinə dözməyib qələmini süngüyə çevirdi. Qarabağ döyüşçüsü keçdiyi döyüş yolunu ürək ağrısı ilə belə xatırlayır:

-Həyatım boyu bir devizim var, kişinin ayağının altında azad torpaq, başının üzərində istiqlaliyyət bayrağı dalğalanmaqdadır. Yəni, biz Qarabağlılar həmişə torpağımızın, Vətən uğrunda çarpışıb, vuruşmuşuq. Elə yanan da,  yaman da biz olduq. O dövrdə hakim dairələr böyük “qardaş” saydığımız ruslara arxayın olub heç bir hazırlıq işləri görmədilər.Ümid özümüzə qalırdı. Belə olan halda təsirli tədbirlər görülməliydi. 1988-ci ildən etibarən ilk  şəhidləri, Ağdam şəhidləri Əli və Bəxtiyarı itirdik. Sərhəd kəndlərində gərginlik get-gedə ağırlaşırdı. Bizm kəndlərdən ov silahlarına kimi yığdılar. Əksinə düşmən tərəfini siahlandırdılar. İlk dövrlərdə kəndimizi qorumaq üçün özünümüdafiə dəstələri yaratdıq. Kəndin ziyalı müəllimləri bu işi öz öhdəsinə götürdü. Alış Daşdıyev, Mehralı Rəhimov, Elman Bayramov,  Allahverdi Qəmbərov, Şirin Şirinov, Rasim Nəsibov,Rasim Rüstəmov, İbad Rüstəmov, Sahib Əhmədov, İldırım Quliyev,  Xosrov Əhmədov, Adil Quliyev, Fazil Orucov və başqaları. Bu müəllimlər demək olar ki, özünümüdafiə dəstələrini yaratdılar və təbliğat, təşviqat işləri apardılar. Ordu yaratmaq üçün tam qüvvə ilə çalışırdılar. Kəndlərdə keşikçi dəstələri yaradılırdı.Əllərində dəhrə, yaba növbə ilə keşik çəkirdilər. Çətin vəziyyətdə idik. Bilmirdik ruslardan qorunaq, yoxsa ermənilərdən, yaxud sapı özümüzdən olan baltalardan. Kəndimizin müdafiəsi öz ümidimizə qaldığından özünümüdafiə xarakterli cəbhə yaradıldı. Demək olardı ki,biz müəllimlər kənd cavanlarını səfərbər olmağa çağırırdıq.

- Bəs dayaq dəstələri nə vaxtdan yaradıldı?

- 1989-cu ilin iyulunda qeyri-rəsmi olsa da Kolanı dayaq dəstəsi yaradıldı. Bu dəstəyə yazılanlar kəndimizi vətənini hər şeydən uca tutan oğullarıydı. Biz adətən kəndimizin keşiyini çəkir, lazım gələndə qonşu kəndlərə köməyə gedirdik. Adətən Cinli, Sırxəvənd və Manikli kəndlərinin köməyinə gedirdik. 1991-ci ilin  sentyabrında artıq Ağdamda, eləcə də respublikada  özünü müdafiə taborunun təşkili müsbət rəy aldı. Artıq  geriyə yol yox idi. Bu labüd idi.  Kolanı oğullarının atdığı addım ümumrespublika xarakterli bir iş idi. Polkovnik Şirin Mirzəyev məhz bizim kəndə özünümüdafiə dəstələrini bir taborda  birləşdirdi. İlk tabor Şirin Mirzəyevin komandanlığı altında Əlimədədli kəndində yaradıldı. Mehralı Rəhimovun, ilyas Quliyevin,  İbad Həsənovun, Allahverdi Qənbərovun,Rasim Nəsibovun, Alış Daşdıyevin başçılıq etdiyi özünümüdafiə dəstələri Ş. Mirzəyevin taborunda Baş Güney Pəyə, Sırxəvənd kəndlərində birləşirdi. 

- Şirin Mirzəyevin taboru hansı əməliyyatlarda olub?

- İlk döyüş 1992-ci il yanvarın 31-də Fərrux kəndinin azad edilməsi ilə başladı. Bu döyüş göstərdi ki, nəinki düşmənlərə cavab verməyə, hətta torpaqlarımızı azad etməyə belə hazırıq. Şirin Mirzəyevin batalyonu böyük bir ərazini müdafiə etdi. Qaraşlar, Bəşirlər, Sırxəvənd, orta Güneypəyə,Baş Güneypəyə, Manikli, bir nümayəndəliyə daxil olan 7 para kolanı kəndi, Paprəvənd, Qarapirim, Boyəhmədli kənləri istiqamətində müdafiə mövqeləri yaradılmışdı. Ikinci böyük döyüş həmin ilin martın 4-də Qazançı kəndinin erməni yaraqlılarından azad edilməsi oldu.Həmin döyüşdə ermənilərin  50-dək silahlı qüvvəsin məhv etdik. 13 nəfər girov götürüldü. Həmin döyüşlərdə Suriyadan qara dərili muzdlular iştirak edirdi. Onlaran ikisinin meyidi qalmışdı. Sənədlərindən görünürdü ki, Suriya ermənisidir. Həmin döyüşdə Azərbaycanın Milli qəhrəmanı Əlabbas İsgəndərov qəhrəmancasına şəhid oldu. Həmin döyüşlərdə kolanı balası,  polis leytenantı Səməndər Əhmədovun da əfsanəvi qəhrəmanlığı danılmazdı. Təkcə kolanı obasından 3 döyüşçü Elmar Edilov, Əlabbas İsgəndərov, Nadir Əliyev Milli Qəhrəman adına layiq görülüblər. Allahverdi Qənbərov, Elnur Gülməmədov, Rasim Edilov, Fərhad Əsgərov Aydın Həsənov, Baxşeyş Hətəmov “ Azərbaycan bayrağı” ordeninə layiq görülüblər.Respublikada elə bir oba yoxdur ki, kolanı eli qədər qəhrəmanları olsun. 1992-ci ilin iyun ayında Şirin Mirzəyevin taboru artıq alaya çevrildi. Qaraşlar, Bəşirlər, Orta Güney Pəyə, Baş Güney Pəyə, Sırxəvənd, Ballı Qaya  kəndləri düşmənlərdən azad edildi. Əmrə əsasən bizim döyüş hissələrimiz Xankəndi istiqamətində Ağdərə dağ yolunu Xaçın çayı körpüsünü nəzarətə götürməli idi.Ağdərə istiqamətində gələn döyüşçülər bizimlə birləşməli idi. 

Şirin Mirzəyev uzaqgörənliklə deyərdi ki, biz “meşoğ”a giririk. Əməliyyat planına görə biz bir-bir oranı azad edib saxlamalı idik. Lakin 3 gün keçməsinə baxmayaraq Ağdərə istiqamətində olan döyüşçülərimiz gəlmədi. İyunun 14-də biz ermənilərin 3 istiqamətdə hücumuna məruz qaldıq. Uğursuzluğa düçar olsaq da, düşmənə qarşı ölüm-dirim döyüşünə atıldıq. Itkilər verdik. Eləcə də düşməni ağır itkilərə məruz qoyduq və mühasirəni yararaq geri çəkildik. Indi də, elə o zaman da fikirləşəndə belə qənaətə gəlirəm ki, Şirin Mirzəyevin alayı qəsdən uğursuz əməliyyata cəlb olunub. Şirin Mirzəyev 1992-ci il iyun ayının 18-də saat 21 radələrində qəhrəmancasına həlak olub. Həmin döyüşdə ermənilərin bir vertalyotunu, bir tankı, 2 piyadaların döyüş maşını, xeyli canlı qüvvəsini məhv etdik. 1992-ci ilin iyulunda Allahverdi Qənbərov Tabur komandiri təyin edildi. Onun komandanlığı ilə Canyataq, Gülyataq kəndlərini azad etdik. Həmin döyüşdə Nüsrət Quliyev bizə bələdçilik edirdi. Onun qorxmazlığı,qoçaqlığı, qəhrəmanlığı məndə qürur hissi yaradırdı. Adil Quliyevin, Alış Daşdıyevin, Şafa Edilovun dəstəsinin qəhrəmanlığı gözümün önündə indi də çanlanır. Bəzən düşünürəm belə bir qəhrəmanları olan məmləkət işğal oluna bilərmi? Yelmar Edilovun qəhrəmanlığını kitablara yazsan cildlərə sığmaz. Əgər Yelmar Edilovun tağımı olmasaydı bütöv Ağdam və Ağcəbədinin kəndləri işğal altında olacaq idi. Onun qəhrəmanlığı bir dastandır.

- Bəs bu cür qəhrəmanı olan Ağdam niyə işğala məruz qaldı?

- Ağdam fərsizlikdən, kəramətsizlikdən, döyüşkənsizlikdən işğal olunmadı. Ağdam 6 min şəhid vermiş rayondur. Ağdamın 16 Milli Qəhrəmanı var. 1993-cü ilin fevralından etibarən könüllü döyüşçülərin düşünülmüş planla buraxılması, Şirin Mirzəyevin  batalyonunu Əlimədədli kəndindən çıxarıb Saybalı ərazisinə aparılması, yerliözünü müdafiə taborunun yerinə gənc təcrübəsiz daxili qoşunların gətirilməsi, Gəncə qiyamı Ağdamın işğalının əsas səbəblərdən biridir.Dövlətin, ordunun gücünü Bakıya yönəldən xainlər Ağdamı kimsəsiz qoydular. Ağdam işğal olunmalı deyildi. Ağdamı  Sürət Hüseynovun 109 saylı batalyonu qəsdən ermənilərə təhvil verdi. Mən bunu cəsarətlə deyirəm.  Biz müharibənin 1-ci mərhələsini uduzmuşuq. İnanıram ki, müharibənin ikinci mərhələsi gələcək. Biz Ağdamın qalib gələn əsgərləri olacağıq. İstər aprel, istərsə də iyul döyüşləri bir daha onu göstərir ki, Azərbaycan xalqı və ordusu döyüş əzmindədir. Və  bu döyüş əzmilə istənilən anda, istənilən zamanda Ali Baş Komandanın əmri kifayət edər ki, Qarabağı qısa bir zamanda azad edək. Keçmiş bir döyüşçü kimi  millətimiz, vətənimiz üçün bu gün də döyüşə hazıram.

Oxunma sayı 5589