“Harda ədalət varsa, orda həyat, yaşam var” - Müsahibə

19:20 28.02.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Çağdaş ədəbiyyatımızda istedadlı yazarlarımız kifayət qədərdir. Orta nəslin nümayəndələri arasında Zaur Ustac xüsusilə seçilir. Şair həyatda necə səmimi və şirindirsə, onun şeirlərində də o səmimilik, şirinlik özünü göstərir. “Ədəbi düşüncə” rubrikasının bu dəfəki qonağı tanınmış şair-publisist Zaur Ustacdır.

- Zaur bəy, bütün qonaqlara verilən ənənəvi sualı sizə də ünvanlamaq istəyirəm. Müasir ədəbi durumu, mühiti necə dəyərləndirirsiniz?

 -Əvvala qeyd edim ki, həyatımızın bütün sahələri kimi, səhiyyə, təhsil, idarəçilik, ordu necə inkişaf edirsə, yaradıcılıq və onun ayrılmaz tərkib hissəsi olan ədəbiyyat – söz sənəti də eyni templə hərəkətdədir. Burada da intiriqalar, yalançı, şişirdilmiş təriflər yəni “daş” və “qarpız” məsələləri əkiz qardaşlar kimi qoşa addımlayırlar. Bütün bunlar hərəkətin, inkişafın bariz göstəriciləridir. Necə deyərlər: - “Çəkişməsən bərkiməzsən”. Yazılır, nəşr olunur, oxunur. Deməli, şikayətlənməyə elə də ciddi bir əsas yoxdur.

- “Ustac”... Birinci dəfədir, belə bir söz eşidirəm?

-  Həyatımda və yaradıcılığımda həmişə yenilik axtarmışam. Bir şeyi həyata keçirnəndə və yaxud da bir yazı yazanda əvvəlcə onu götür-qoy edirəm, sonra üzə çıxarıram.Və bu oxucu üçün də maraqlı olur.  “Ustac” təxəllüsünü boş yerdən, havadan  götürməmişəm. “Ustac” sözü Ustaclı tayfasına işarədir. Elə bizim nəslimiz də gedib həmin o tayfaya çıxır. O ki, qaldı “Ustac” sözünə, onun hərfi mənası tacı ağıldan olan deməkdir. Məhz bu səbəbdən də “ustac” sözünü özümə təxəllüs götürdüm. Şairin yaradıcılığı da, təxəllüsü də fərqli olmalıdır.

- Yaradıcılığınızda  ən çox hansı motivlərə üstünlük verirsiniz? Zaur öz qələmi və sözü ilə nə demək istəyir?

-  Fərq etməz, yazdığın istər nəzm, isrərsə də nəsr olsun. Əsas odur ki, realıqlara söykənsin. Müəyyən bir vaxt keçəndən sonra gələcək nəsillər bizi oxuyanda bu günkü həyatımız, varlığımız barədə məlumatlana bilsinlər. Çünki bugünkü həyatımız gələcəyin keçmişi, tarixidir. Yaradıcılığa gəldikdə isə o insanın istedadına söykənir.  Belə ki, rəssamlar fırça və boyalardan gözəl rəsmi əsərləri yaradır. Heykəltaraşlar daşdan heykəl düzəltdiyi kimi şair və yazıçılarda sözü canlandırır.  Sözdən saraylar tikir, qalalar ucaldır,  onun ilahi gücünü oxuculara çatdırır. Mən öz qələmimlə, sözümlə bəndələrə çatdırıram ki, ilahi ədalət var. Həmin bu ilahi gücü insanlara aşılamaq istəyirəm. Ədalət olmayan yerdə nə ədəbiyyatdan, nə də insanlıqdan danışmaq olmaq.  Harda ədalət varsa, orda həyat, yaşam  var. Tanrı bu dünyanı biz bəndələrə ədalət üstündə  bərqərar edərək verib.

Şeirimin bir bəndində deyilir:

Həyat dediyinin düsturu budu,

Nə istəyirsən, aldığın odu.

Məqsəd aydın olsun, niyyət də təmiz,

Zəhmətin bəhrəsin dörəcəksiniz.

- Son illər uşaq ədəbiyyatında bir durğunluq var. Sizəcə bu nədən irəli gəlir?     

- Doğru deyirsiniz. Demək olar ki, bu mövzuda yazan yoxdur. Onları maraqlandıran mövzular əsasında yazmaq lazımıdır. Həm də o bu günün tələbatına, tədris  proqramına  uyğun gəlməlidir. Belə ki,bu mövzular məktəbdə şaqların keçdiyi fənlər arasına əlaqə yaratmalıdır. Elə bu səbəbdən də mən yaradıclığımda uşaq şeirlərinə daha çox üstünlük verdim. Məsələn, “Gülünün şeirləri” kitabımda “Əlifbamız”dakı bütün həriflərə aid şeirlər var, eləcə də rəqəmlərə aid tapmacalar. Bu əlavə tədris vəsaiti elə tərtib olunub ki, məktəbdə həriflərin keçirilmə ardıcıllığl ilə üst-üstə düşür.  “Gülünün şeirləri” kitabındakı şeir və tapmacalar  2019-cu ildə məktəbə hazırlıq qrupları üçün Təhsil Nazirliyinin “Məktəbə  hazırlaşırıq” adlı metodiki vəsaitə daxil edilmişdir.  2020-ci ildə də bir çox tapmaca və şeirlərim yenidən sözügedən nazirliyinin tərtib etdiyi həmin o metodik vəsaitə salınıb. Ona görə də uşaqların formalaşmasına xidmət edən faydalı şeir və yazılar yazmaq lazımdır. Hələ ki, bu yetərincə deyil. Uşaq ədəbiyyarına daha çox üstünlük vermək lazımdır. 

- Sizin yaradıcılığınızda  belə bir şeir formasına da rast gəlinir. Məsələn “Ustacılar”. Bu barədə nə deyə bilərsiniz?

-Son vaxtlar şeirin yeni forması olan“ustacı” – lar barədə daha çox söz-söhbət olur. Bu barədə çox yazıb, çox soruşurlar. Ancaq, mənim fikrimcə burada qeyri-adi heç nə yoxdur. Sadəcə adi bir nəzm formasıdır. Məncə, bəlkə buna hələ heç yenilik, yeni forma da demək olmaz.

-Bəs, bu  “Ustacı” – lar necə yarandı?

-Məncə, bu birdən-birə, necə deyərlər, havadan, göydəndüşmə yaranmayıb. Çünki, neçə vaxtdır, məsələn,

“İnci qərənfil”, “Düşünürəm”, “Dünya bir pəncərədir”, nəhayət “Payızdı bu güzdü bu” kimi şeirlərdə artıq nəsə bir fərqlilik hiss olunurdu və təbii proses nəticəsində  “Ustacı” – lar yarandı. Məsələn  “Ustacı” şeirimdəki kimi:

 Zaman, zaman dediyin, ömürdür, axıb gedir.
Aman, aman dediyin, nöqsandır, gəlib, gedir.
Uyar, uyar dediyin, uymur, dolanıb, gedir.
Rahat yaşa özünçün , heç nə dəyişən deyil!

Buradan göründüyü kimi “Ustacı”da birinci əsas tələb ilk sözdən son sözə qədər bir ibrətamiz fikri anlatmaq, təbliğ etmək, tərbiyəvi əhəmiyyətli ideya, düşüncənin olması şərtdir. Bundan əlavə hər bir qafiyəli, nəzm nümunəsi kimi “Ustacı” – nın da özünəməxsus texniki xüsusiyyətləri vardır.   “Ustacı” – lar iki bənddən ibarət olur. Birinci bənd dörd misradan, ikinci bənd isə beş misradan ibarətdir. Qafiyələnmə aşağıdakı kimidir: a a a b, c c c b b. Hər misra on dörd hecadan ibarət olur. Bütün bunlardan əlavə gizli, yəni açıq görsənməyən texniki sirr sayılacaq, bütün “Ustacı” – lar üçün xarakterik olan səciyyəvi xüsusiyyətləri var.

- Gələcək planlarınız, layihələriniz  barədə nə deyə bilərsiniz?

-Ötən ildən qalan layihələrimiz davam edir. “Güllünün şeirləri”, “Əliş və Anna” yeni nəşrə hazırlanır. “Cadulanmış ev” adlı roman üzərində işləyirəm. Payıza qədər onu oxucuların ixtiyarına verməyi planlaşdırıram.

Oxunma sayı 279