Həftənin “karantin pozucusu” - Həftə-reytinq

18:43 15.05.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın tanınmış müğənnilərindən olan Manaf Ağayev ölkədə tətbiq olunan xüsusi karantin rejimini pozdu. Buna ifaçının öz dostlarına şəxsi evində iftar verməsi səbəb olub.

Belə ki, iftar süfrəsində, azı, 12 nəfər iştirak edib ki, bu da Nazirlər Kabineti Yanında Operativ Qərargah tərəfindən açıqlanan karantin qaydalarına ziddir. Qeyd edək ki, Manaf Ağayevin iftara dəvət etdiyi şəxslər arasında müğənni Teymur Əmrah, Vasif Məhərrəmli ilə yanaşı, kikboksçu Eduard Məmmədov kimi tanınmışlar da var. Onların karantin rejimini bu şəkildə pozmaları sosial mediada birmənalı qarşılanmayıb.

Onu da əlavə edək ki, son günlərdə ölkədə koronavirus infeksiyasına yoluxmada artım müşahidə edilir. Bu səbəbdən, rəsmi qurumlar vətəndaşlara çağırış edərək həm sosial məsafə saxlamağı, həm də cəm halda bir yerə toplaşmamağı tələb edir.

Bundan başqa, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayından öncə bəyanat yayaraq, vətəndaşları karantin rejimi ilə əlaqədar olaraq, iftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırmışdı.

 

Həftənin “Elçibəysevəri”

“92-ci ildə Əbülfəz Elçibəy mənə Xalq artisti adı verməsəydi, elə Əməkdar adında da qalacaqdım. Hətta, bu halda da mən ehtiyacın köləsi olmazdım!..”

Bu sözləri xalq artisti Flora Kərimova sosial şəbəkədə yazdı. O, çətinlklə fəxri ad aldığını  xatırladıb:

“1989-cu ildə Bəxtiyar Vahabzadə, Bayram Bayramov, İsmayıl Şıxlı, Süleyman Ələsgərov, (5-ci şəxsin adını xatırlaya bilmədiyim üçün ruhu məni bağışlasın) Vəzirovun kabinetində mənə birbaşa Xalq artisti adının verilməsinə görə davaya çıxdılar. 48 yaşımda mənə zülmlə, zillətlə əməkdar adını "qopartdılar" (sözümə görə üzr istəyirəm). Halbuki, o illərdə ayaqlar çoxdan baş olmuşdu. Mən bugünkü gün bütün estradanın borclu olduğu (Rəşid Behbudov, Mirzə Babeyev) sonuncu və yeganə qadın sənətkarıyam! 92-ci ildə Əbülfəz Elçibəy mənə Xalq artisti adı verməsəydi, elə Əməkdar adında da qalacaqdım. Hətta, bu halda da mən ehtiyacın köləsi olmazdım! Düşünürsüz, o qədər aciz və ağılsız oldum ki, Fəxri Xiyaban iddiasında olanlar kimi, o şöhrətə, imarətlərə gedən yolun qapısını tanımadım? Mən o insanam ki, qapılardan əyilib keçməmişəm. Məddahlığı şənimə ar bilmişəm! Malım-mülküm, bugünkü rifahım ailəmin, övladlarımın rifahıdır. Dilənib, satqınlıq və xəbərçilik edib kimisə gözdən salıb, özümə gündəm qazanmamışam. Bu həyatımı boşuna yaşamadım ki, kimsə məni haqq olan sözümə görə araşdırmadan linç eləsin”.

 

Həftənin “anti-müsavatçısı”

“Cəmil Həsənli Müsavat Partiyasından da üzr istəməlidir!”

Bunu Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı sosial şəbəkə hesabında qeyd etdi.

“Bunların iclaslarına, etdikləri müzakirələrə, ritorikalarına diqqət edin. Mən əlavə şərh etmək istəmirəm. Digərlərinin işi-gücü Müsavata qarşı şər-böhtan danışmaq və yaymaq olduğu üçün, faktiki Müsavata qarşı trolluqla məşğul olduqlarından onlarla işim yoxdur. Bir daha Cəmil Həsənlidən Müsavat Partiyasından üzr istəməsini tələb edirəm!” - deyə, Müsavat Partiyası başqanının müavini əlavə edib.

 

Həftənin “karantin pozan tibb müəssisəsi”

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda karantin rejimi qaydalarını pozaraq keçirilən tədbirlə əlaqədar aparılan araşdırma yekunlaşdı.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məlumat verdi. O bildirib ki, məsələ ilə bağlı institutun direktoruna xəbərdarlıq edilib: “Həkimlər arasında kütləvi tədbirin keçirilməsi barədə məlumat əsasında araşdırma aparıldı. Nəticədə institutun direktoru Həqiqət Qədirovadan izahat alınıb. Ona ciddi xəbərdarlıq edilib. Bir daha belə nöqsanlara yol verilməməsi tapşırılıb”.

 

Həftənin “koronavirusşünası”

"Yoluxma riski hər yerdə var. Artıq evi tərk edən kimi onunla qarşılaşırsan. Bu səbəbdən, koronavirus barədə çox düşünmək lazım deyil. Özünü heç yerə getməməyə məcbur etmək mümkün deyil".

Bu fikirləri İspaniya "Barselona"sının futbolçusu Lionel Messi "Sport.es" nəşrinə açıqlamasında dedi. 33 yaşlı hücumçu qaydalara əməl etməyin və maksimum ehtiyat tədbirlər görməyin gərəkliyini anladıqlarını bildirib. Argentinalı forvard yarışların bərpa olunmasını gözlədiyini söyləyib: "Şəxsən mən yarışların bərpasını səbirsizliklə gözləyirəm. Hər şeyin qəribə alınacağını bilirik. Çünki tribunlarda azarkeşlər olmayacaq. Bizi ailələlərimizdən ayırmalarını istəmirik. Ancaq bunun necə görünəcəyinə baxmaq lazımdır".

Qeyd edək ki, İspaniya La Liqası martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb.

 

Həftənin “tənqid hədəfi”

Türkiyənin İstiqlal marşının yazarı Mehmet Akif Ersoyun evinin gözəllik salonu kimi istifadəyə verilməsi qalmaqala səbəb oldu. 2011-ci ildə Sezen Aksu tərəfindən 350 min lirəyə alınan ev 500 min lirəyə təmir olunub. Daha sonra Safiye Turan adlı biznes-lediyə gözəllik mərkəzi kimi kirayə verilib. Sözügedən hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sezen Aksu bu hərəkətinə görə tərəfindən tənqid olunub.

Oxunma sayı 1184