Həftənin "korona xəstəsi" - Həftə-reytinq

12:30 27.11.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin koronavirus səbəbindən dünyasını dəyişməsi ilə bağlı məlumatlar yayıldı. Lakin. bu xəbər icra başçısının müalicə aldığı tibb müəssisəsi tərəfindən təsdiqini tapmadı. Müəssisədən qeyd ediblər ki, V.Tağıyev hazırda tibb müəssisiəsində müalicəsini davam etdirir: "İcra başçısının vəziyyəti ağırdır. Amma onun dünyasını dəyişməsi ilə bağlı məlumat yalandır".

 

Həftənin "səfəri"

İsrailin baş naziri Benyamin Netanyahu Səudiyyə Ərəbistanına gizli səfər edib. Bu barədə İsrail KİV-ləri bildirib. Səfər zamanı naziri Mossadın rəhbəri Yossi Koen müşayiət edib. B.Netanyahunun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanla görüşdüyü deyilir. İsrail baş nazirinin administrasiyası xəbərə rəsmi münasibət bildirməyib.

 

Həftənin "məhkəmə prosesi"

Parisdə Fransanın sabiq prezidenti Nikolya Sarkozinin məhkəmə prosesi başlayıb. Eks-prezident korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Məhkəmə dinləmələrinin dekabrın 10-dək davam edəcəyi gözlənilir. İttihamların təsdiq olunacağı təqdirdə N.Sarkozi 10 il həbs cəzası və 1 milyon avro məbləğində cərimələnə bilər. Sabiq prezident bütün ittihamları təkzib edir. N.Sarkozinin 2012-ci il prezident seçkiləri ərəfəsində kampaniyasının maliyyələşdirilməsi ilə bağlı daha bir məhkəmə prosesi 2021-ci ilin yazında başlamalıdır.

 

Həftənin "mərhumu"

Dünya futbolunun əfsanəsi Dieqo Maradona dünyasını dəyişib. Bu barədə Argentinanın "Clarin" nəşri məlumat yayıb. 60 yaşlı futbolçunun ürəktutmasından vəfat etdiyi bildirilir.

 

Həftənin "etirafı"

Ermənistanın və onun xalqının beynəlxalq münasibətlərdə obrazı mənfidir. Bunu ölkənin prezidenti Armen Sarkisyan deyib. O bildirib ki, Ermənistan ictimai rəy uğrunda mübarizəni uduzub: “Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır. Beynəlxalq münasibətlərdə də böhran var, çünki ölkəmizin və xalqımızın obrazı mənfidir. Erməni xalqı Dağlıq Qarabağ münaqişəsinin nəticələri ilə əlaqədar mənəvi-psixoloji zərbə alıb”.

Oxunma sayı 4108