Həftənin “koronavirusşünası” - Həftə-reytinq

18:15 12.06.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

"Koronavirus yeni deyil, 40-a yaxın növü var. İlk dəfə 1965-ci ildə respirator xəstəlik keçirmiş insanda aşkarlanıb. Axtarsaq, görərik ki, bu xəstəlik insanların çoxunda var. Bəlkə də əksəriyyətində... Testlər insanların 80 faizində anti-telləri aşkar edir. Moskvada araşdırma aparılıb, bir müəssisənin əməkdaşları yoxlamadan keçiblər, onların 34 faizinin özləri də bilmədən bu xəstəliyə yoluxduqları məlum olub. Onlarda koronavirusun anti-tellərini tapıblar. Deməyim odur ki, xəstəlik yüngül və ağır formada keçə bilər. Bu xəstəlik bəzən hiss edilmir. Bunu qriplə eyniləşdirmək düzgün deyil. Qrip gün ərzində 10 nəfəri, koronavirus isə çox təhlükəli virusdur, 30-40 nəfəri yoluxdurur”.

Bunu Azərbaycanın sabiq Səhiyyə naziri Əli İnsanov dedi.

 

Həftənin “xeyriyyəçi deputatı”

Deputat Fazil Mustafa Milli Məclisin cümə günü keçirilən iclasında növbəti dəfə Naxçıvan getməli olan, eyni zamanda Naxçıvandan Bakıya gəlməli olan vətəndaşların problemini qaldırdı və iclasda iştirak edən maliyyə naziri Samir Şərifova təcili əlavə təyyarələr üçün pul ayrılması barədə müraciət etdi: “Bilet pulu olmayan vətəndaşlar dövlət hesabına biletlə təmin olunmalıdır. Əgər vəsait yoxdursa, şəxsən mən öz maaşımdan 20 nəfərə bilet almağı öz öhdəmə götürürəm. Hesabı göstərin, ora keçirim. Bunlar xarici ölkə vətəndaşı deyillər, 3 aydır evlərindən didərgin düşüblər, ana gedib Naxçıvanda əsgərlikdəki oğluna baş çəkməyə, yol bağlanıb, qalıb orada. Üç aydır xeyirxah insanların gətirdiyi azuqə ilə ayaqda qalır. Naxçıvanlıları bu ağır şəraitdən çıxması üçün bütün zəruri addımlar atılmalıdır”, - deyə deputat bildirib.

 

Həftənin “koronaviruslu 1-ci xanımı”

Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayaya koronavirus diaqnozu qoyuldu. Bu barədə ölkənin Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, Ukraynanın birinci xanımı hazırda ambulator müalicədədir. Məlumata görə, V.Zelenski və uşaqlarında isə koronavirus testi neqativ çıxıb.

 

Həftənin “mərhum xalq artisti”

Cümə axşamı vəfat edən Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olundu. T.Mustafayev doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb. Dəfn mərasimində məhdud sayda insan (Xalq artistinin yaxın ailə üzvləri) iştirak edib. Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.
Xatırladaq ki, Xalq artistinin həyat yoldaşı Təbərrik Mustafayeva ötən il dünyasını dəyişib, oğlu Bakıxan Mustafayev isə 2007-ci ildə idarə etdiyi avtomobildə baş verən yanğın zamanı ölüb.

 

Həftənin “koronavirus şübhəlisi”

Azərbaycanlı aktyor, əməkdar artist Bəhram Bağırzadənin koronavirusa yoluxması və xəstəxanaya yerləşdirməsi haqda informasiyalar yayıldı. Xəbərlərin birində deyilirdi ki, guya sənətkardan götürülmüş koronavirus testinin nəticəsi pozitiv çıxıb, lakin vəziyyəti stabildir.  Lakin az sonra bu xəbər B. Bağırzadənin  dostu  və özü tərəfindən təkzib edildi.

 

Həftənin “otel sakini”

“Mart ayından Qubadayam, karantin bitənədək burada qalacağam. Ağac əkirəm, gülə, çiçəyə qulluq edirəm". Bunu Xalq artisti Leyla Şıxlinskaya karantin günlərindən danışarkən dedi. Aktrisa bildirib ki, hazırda Qubadakı otelində iki nəfərlə birlikdə özünütəcrid şəraitində yaşayır. "Qubada balaca otelim var. Mart ayından orada aşpaz və gözətçimlə qalıram. Övladlarımdan biri ailəsi ilə Moskvada, digər qızım isə Sinqapurdadır. Karantinin sonunadək oteldə qalacağam. Burada ağac əkirəm, gülə, çiçəyə qulluq edirəm. Otelin nə zaman açılacağı ilə bağlı insanlar tez-tez zəng edirlər... Mən də xalqımızın gəlib istirahət etməyini gözləyirəm, amma qanun qanundur, nə etmək olar. Karantini sakit keçirirəm, əsəbləşmirəm, gül-çiçəklə məşğul oluram. Ən əsası gülümsəməyə çalışıram. Əsəb- stresdən uzaq durmaq lazımdır, bütün xəstəliklərin başında o durur. Hər səhər yuxudan duranda Allaha şükür edirəm ki, bu gün də sağam, əlim tutur, ayağım gəzir…"

 

Həftənin “Şöhrət”lisi”

Azərbaycan Respublikasının iqtisadi inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Baş nazirinin müavini, Tarif Şurasının sədri Şahin Abdulla oğlu Mustafayev “Şöhrət” ordeni ilə təltif edildi. Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Şahin Mustafayev 1965-ci ildə Ermənistanın Barana (Noyemberyan) rayonunun Cucevan kəndində anadan olub. Əslən Qazax rayonunun Qaymaqlı kəndindəndir. Azərbaycan Respublikasının İqtisadiyyat naziri (2008-2019), 2008-2013-cü illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri, 2013-2016-cı illərdə isə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilmişdir.

Oxunma sayı 1927