Həftənin "peyvəndi" - Həftə-reytinq

13:36 09.01.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da "Pfizer" peyvəndi vurulan həkim iki həftədən sonra ölüb.  Həyat yoldaşı bildirir ki, 56 yaşlı əri Qreqori Maykl 18 dekabrda peyvənd edilib və 16 gün sonra həyatını itirib: "Məncə, onun ölümü 100 faiz peyvəndlə əlaqəli idi. Bunun başqa bir açıqlaması yoxdur". O deyib ki, Mayklın aktiv həyat tərzi olub, siqaret çəkməyib, yalnız arada spirtli içki qəbul edib. Bundan əlavə, peyvənddən əvvəl müayinədən keçən Mayklda heç bir xəstəlik aşkar olunmayıb. Peyvənd olunduqdan üç gün sonra həkim qollarında və ayaqlarında qırmızı ləkələr müşahidə edib, bu da dərialtı qanaxma olduğunu göstərir. Müayinə zamanı onda kəskin trombosit çatışmazlığı tapılıb. Həkimlər ona idiopatik trombositopenik purpura diaqnozu qoyublar. Onlar həmkarlarının həyatını xilas etməyə çalışsalar da, yanvarın 3-də kişi əməliyyatdan əvvəl beyin qanamasından ölüb.

 

Həftənin "xəstəsi"

Beynəlxalq Futbol Federasiyasının (FİFA) sabiq prezidenti Yozef Blatter səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib. 84 yaşlı Y.Blatterin vəziyyəti ağır qiymətləndirilsə də, onun həyatı üçün təhlükə yoxdur. Sabiq prezidentin xəstəxanaya yerləşdirilməsinin konkret səbəbi bildirilmir. Y.Blatterin qızının sözlərinə görə, onun vəziyyəti gün-gündən yaxşılaşır, lakin onun istirahətə ehtiyacı var. Qeyd edək ki, Yozef Blatter 1998-ci ildən 2015-ci ilədək FİFA-nın prezidenti olub. İsveçrəli sabiq prezident korrupsiya işi üzrə 8 il futbol fəaliyyətindən kənarlaşdırılmışdı, lakin 2016-cı ildə FİFA-nın apellyasiya komitəsi bu müddəti 6 ilə qədər azaltmışdı.

 

Həftənin "valyutası"

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 40 min dolları keçib. Bitkoinin dəyəri 8,5 faiz bahalaşaraq 40 min dollara çatıb. Beləliklə, bitkoinin qiyməti 40 min dolları keçməklə bir daha tarixi rekordu yeniləyib. Qeyd edək ki, kriptovalyutalar son bir neçə ildə populyarlıq qazanmağa başlayıb.

 

Həftənin "ən varlısı"

"SpaceX" və "Tesla" texnologiya nəhənglərinin sahibi Elon Mask dünyanın ən varlı insanına çevrilib. O, varlı insanların reytinqində Ceff Bezosu da keçib. Elektromobil bazarındakı qiymət artımı hazırda 4,8% təşkil edir və bu, "Tesla" sahibinin milyarderlərin reytinqindəki mövqeyinin ilk pilləyə qalxmasına imkan verib. Tender hazırda da davam edir. Məlumata görə, onun sərvəti 188,5 milyard dollar qiymətləndirilir, Bezosun sərvəti isə ondan 1,5 milyard dollar azdır. "Amazon" sahibi 2017-ci ilin oktyabr ayından bəri reytinqə başçılıq edirdi. E.Maskın sərvətinin son bir ildə 150 milyard dollar artdığı deyilir.

 

Həftənin "cütlüyü"

Bir müddət əvvəl Berk Oktay həyat yoldaşı Merve Şarapçıoğlu ilə qalmaqallı şəkildə həyat yollarını ayırıb. Onların boşanmasına baxmayaraq aralarındakı gərginlik hələ də də davam edir. Merve Berklə yaşadığı zaman bir yerdə alınan bütün bahalı əşyaları, o cümlədən toyda ona taxılan qızılları satıb. Məhkəmə prosesində isə Berk Mervenin ailəsinin ona toyda hədiyyə etdiyi bahalı qol saatını geri tələb edib. Sözügedən əşya "Rolex" markasına məxsus olub, qiyməti isə 60 min lirə (təxminən, 14 min manatdır.

 

Həftənin "kasıbı"

Müğənni Demet Akal yeni açıqlaması ilə diqqət çəkib. Müğənninin şəxsi bank hesablarında da pulu qalmayıb. İfaçının prodüseri Acun İlıcalının "Exxen" rəqəmsal platformasını tənqid etməsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Hər kəs Demetin ünvanına "Varlıdır deyə, başqa varlıları qəbul edə bilmir" şərhini yazıb. Akalın isə bunu cavabında izləyicisinə "Bankda belə pulum yoxdur, artıq varlı deyiləm", – deyə bildirib.

 

Həftənin "məhbusu"

London Məhkəməsi "Wikileaks"in qurucusu Culian Assanjın girov müqabilində azadlığa buraxılması ilə bağlı müraciəti rədd edib. Məhkəmə imtina qərarı vermə səbəbini Assanjın əvvəllər girov müqabilində azadlığa buraxılma şərtlərini pozması ilə əsaslandırıb. O, məhkəmə tərəfindən ekstradisiya ilə bağlı ABŞ apellyasiya müraciətinə baxılana qədər həbsxanada qalacaq. Bu prosesin isə aylar çəkəcəyi ehtimal olunur.

Xatırladaq ki, daha əvvəl London Mərkəzi Cinayət Məhkəməsi C. Assanjın ABŞ-a ekstradisiya olunması ilə bağlı müraciəti də rədd etmişdi. 11 aprel 2019-cu ilin səhəri ABŞ-ın istəyi ilə London polisi tərəfindən saxlanılıb. Ekstradisiya məhkəməsi 2 may 2019-cu ildə başlayan Assanja qarşı daha sonra ABŞ tərəfindən casusluq və gizli məlumatların açıqlanması qanunlarının 17 maddəsi ilə əlaqədar yeni ittihamlar irəli sürülüb. ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə Assanjı 175 ilə qədər həbs cəzası gözləyir.

Oxunma sayı 242