Həftənin “realisti” - Həftə-reytinq  

18:44 27.12.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Hər şeyin əvvəli və sonu var”. Bunu mediaya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə dedi. O bildirib ki, gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

“Hər şeyin əvvəli və sonu var. Namizədliyimi irəli sürməyəcəm”, – deyə A. Rəhimzadə vurğulayıb.

 

Həftənin “şikayətçi Prezidenti”

Prezident Vladimir Putin ilk dəfə yuxu rejimindən şikayətləndi. Rusiya Prezidenti Moskvada Qırmızı meydanda keçirilən xokkey matçını izləyən zaman fasilədə biznesmen, Sankt Peterburqun “SKA” xokkey klubunun prezidenti Gennadi Timçenko ilə söhbətdə bu barədə danışıb. Gennadi Timçenko çox işlədiyini, buna görə də məşqlərə diqqət eləmək üçün vaxt tapmadığını bildirib. Vladimir Putin isə az yatdığını söyləyib: "Az yatmışam. Dörd-beş saat, bəlkə ondan da az...".

 

Həftənin “bərkgedən Prezidenti”

“Energetika sahəsində Rusiya ilə razılaşmaların olmaması halında Minsk Belorusa nefti Polşa ərazisindən daşıya və “Dostluq” neft kəmərinin iki boru xəttini müsadirə edə bilər”. Kremlin ünvanına bu hədələyici bəyanatla Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış edib. Lukaşenko Rusiya neftinə alternativlər axtardığını və bunu Moskvadan gizlətmədiyini deyib. “Nefti tərsinə çevirərik. Mən bacararam. Ən ucuz marşrut Polşadandır. Qdanskdan gələn boru ilə ya Səudiyyə, ya da Amerika neftini götürməyi təklif edirlər” – Lukaşenko “Exo Moskvı” radiosuna müsahibəsində deyib. Lukaşenko Belarus ərazisində “Dostluq” neft kəmərinin üç boru xəttinin keçdiyini xatırladıb: “İlk mərhələdə bir boru xəttini götürürəm və neftayırma zavodlarına yönəldirəm. İkinci mərhələdə nefti götürürəm və emal edirəm. İşlər normal gedərsə, ikinci boru xəttini tərs çevirirəm”. Qeyd edək ki, Moskva “Dostluq” kəməri ilə Qərbə hər il 70 milyon ton neft daşıyır. İki boru xəttinin müsadirəsi halında Rusiya cəmi 20 milyon ton neft ötürə bilər.

 

Həftənin “sənətkar deputatlığa namizədi”

 “Belə bir siyahıda adımın keçməsini arzulayardım”. Bu sözləri mediaya açıqlamasında Xalq artisti, sevilən xanəndə Mənsum İbrahimov 119 saylı Ağdam kənd seçki dairəsi üzrə namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi haqda yayılan xəbərə münasibət bildirərkən dedi. M.İbrahimov qeyd edib ki, hazırda ölkədə deyil: “İndi Türkiyədəyəm. Cəmiyyətdə fəal bir ictimai xadim, xalqımı sevən biri olaraq, əlbəttə, deputat olmağı istəyərdim. Sabah ölkəyə qayıdacam və bununla bağlı fikrimi bildirəcəyəm”.

 

Həftənin “çövkənçisi”

"Bu gün Bakıda olmağımızın səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin ad günü münasibətilə keçirilən Prezident Kubokudur. Bu yarış yeddinci dəfədir təşkil olunur". Bunu Dünya Etnospor Konfederasiyasının prezidenti Bilal Ərdoğan dedi. Bakıda səfərdə olan konfederasiya rəhbəri Binə Atçılıq Mərkəzində çövkən üzrə Prezident Kubokunun final mərhələsinin gedişində jurnalistlərə açıqlamasında deyib: "Oktyabrda keçirilən görüşdə Etnosport Mədəniyyət Festivalında Qarabağ atlarını nümayiş etdirdik. Federasiyanızın rəsmiləri həmin vaxt məni bu yarışa dəvət etdi. Bundan öncə Gədəbəydə Milli Yaylaq Festivalında da iştirak etmişdik. Bütün Türk dünyasının ənənəvi idman növlərinə dəstək veririk". B. Ərdoğan bildirib ki, türk xalqlarının öz mədəniyyətinə sahib çıxması lazımdır: "Azərbaycanın da Dünya Etnospor Konfederasiyasına üzv olması üçün çalışırıq. 12 ölkə konfederasiyanın üzvüdür. Azərbaycan fevralda Antalyada keçirilən forumumuza dəvət ediləcək. Orada 60-ya yaxın ölkədən nümayəndə iştirak edəcək. Çövkəni Türkiyədə də tanıtmaq istəyirik. Çövkən Anadoluda unudulmuş idman növüdür. Amma biz istəyirik ki, güləş kimi çövkənə də yer verək, öz idmanımız kimi tanıdaq".

 

Həftənin “xeyriyyəçi futbolçusu”

“Arsenal"ın yarımmüdafiəçisi Mesut Ozil özünün bütün dünyada ehtiyac içində olan uşaqların əməliyyat edilməsi üçün xeyriyyəçilik fondlarına ianələrindən danışdı. 31 yaşlı futbolçu bu barədə özünün "İnstagram"dakı səhifəsində bildirib. "Artıq 219 əməliyyat edilib, amma irəlidə edilməli olan daha çox şey var! Mən arvadımla 2019-cu ilin iyununda, toyumuzdan əvvəl elan etdik ki, bütün dünyada əməliyyata ehtiyacı olan daha 1000 uşağın xərcələrini üzərimizə götürəcəyik. Toyun bu layihəyə ianə ayıran hər bir qonağı, azarkeşi və fanatları, xüsusən layihədə iştirak edən beynəlxalq tibbi briqadaları sağ olsun. Bu yalnız başlanğıcdır! Gəlin qarşıdakı 2020-ci ilə baxaq və ehtiyac içində olan yüzlərlə digər uşaqlara birlikdə kömək edək", - deyə Ozil yazıb.

 

Həftənin “kişilikşünası”

ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı əməkdar artist Cavanşir Məmmədov oldu. Əməkdar artist qadın və kişi arasındakı fərqdən söhbət açıb: “Qadın olmaq olar, ancaq xanım olmaq çətindir. Biz kişilər qadınlara nisbətən kobuduq, bəzi şeylərdə qabağa düşürük. Amma əsl xanım olmaq qadın üçün çox çətindir. Biri var, hörmət xatirinə tanımadığın birinə “xanım” deyirsən. Biri də var, əsl xanımla danışanda ehtiyatlı olursan. Qadın güləndə şaqqıldamamalıdır, 32 dişi görünməməlidir. Qadının yerişi, duruşu, ağlamağı, gülməyi xanım kimi olmalıdır. Amma o xanımlıq heç bir kitabda yoxdur ki, qadın götürüb onu oxusun. Və yaxud da deyirlər ki, “Əşi, kişi deyilsən?”. O kişilik kitabı haradadır, verin, mən də aparım oxuyum. O roman var? Yazılıb?”.

 

Həftənin “narkoman reperi”

Daxili İşlər Nazirliyi reper Pərviz Quluzadənin saxlanılmasına aydınlıq gətirdi. Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov jurnalistlərin sorğusuna cavab olaraq bildirib ki,  P.Quluzadə Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlik hərəkətlər edərkən polis əməkdaşları onu intizama dəvət edib. Lakin o, polisin qanuni tələblərinə tabe olmayıb. Bundan sonra o, polis tərəfindən saxlanılaraq barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib.

Binəqədi Rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb.

Oxunma sayı