Həftənin "şaxta babası" - Həftə-reytinq

22:25 26.12.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Belçikada qocalar evində koronavirusa yoluxan 18 nəfər dünyasını dəyişib.

Qərb KİV orqanları Şaxta baba kostyumu geyinmiş şəxsin dekabrın əvvəlində Mol qəsəbəsindəki qocalar evini ziyarət etməsindən sonra 121 yaşlı bir sakinin və 36 işçinin virusa yoluxduğunu yazıb.

Mol qəsəbəsi rəsmiləri ziyarətdən sonra xəstələnənlərdən 18-nin öldüyünü və virusun dəqiq mənbəyini təyin etmək üçün laboratoriya araşdırmalarının davam etdiyini qeyd edib.

"İnfeksiyaların mənbəyini müəyyənləşdirmək üçün aparılan işlərin nəticələri hələ sona çatmayıb. Hazırda mənbənin kim olduğunu bilmək mümkün deyil. Hələ ki, bütün diqqət Şaxta babaya yönəlib",- deyə Molun bələdiyyə sədri Wim Caeyers bildirib.

 

Həftənin "sürprizi"

Səudiyyə Ərəbistanında ilk dəfə Yeni il ərəfəsində bayram bəzəkləri mağazada satışa çıxarılıb. Paytaxt Ər-Riyad sakinləri bu bəzəkləri almaq üçün mağazaya axın ediblər. Santa Klaus, bəzədilmiş yolka və digər Yeni il atributlarını mağazada görən Krallığın vətəndaşları öz heyrətlərini gizlətməyib. Belə ki, ötən illər bu bəzək əşyalarının açıq satışda olması sadəcə mümkün deyildi. Onların alıcıları isə, əsasən, Livan və Suriyadan olan köçkünlərdir.

Ekspertlər bundan əvvəlki islahatlarla birlikdə, Yeni il bəzəklərinin satışa çıxarılmasını da Krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın həyata keçirdiyi "müasir İslam" tendensiyasının təzahürü olduğu qənaətindədir. Məhz onun təklifi əsasında 2016-cı ildə bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə proqram hazırlanıb və həyata keçirilir. Bu ilin fevralında Səudiyyə Ərəbistanında İslama zidd hesab edilən Valentin Günü münasibətilə mağazalarda qızılgül satışına və onun restoranlarda qeyd edilməsinə də icazə verilib.

 

Həftənin "əfvi"

ABŞ Prezidenti Donald Tramp Rusiya istintaqı çərçivəsində mühakimə olunan şəxslər də daxil olmaqla 26 nəfər barəsində yenidən əfv fərmanı imzalayıb.

Bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Trampın bağışladığı şəxslər siyahısında 2016-cı il seçkilərində təşviqat müşaviri vəzifəsini icra edən Pol Manafort və Rocer Stoun da var.

Bundan əlavə, Tramp kürəkəni Cared Kuşnerin atası Çarlz Kuşneri də əfv edib. Çarlz Kuşner 2005-ci ildə seçki kampaniyasına qanunsuz ianələr, vergidən yayınma və şahidləri saxtalaşdırmaqda günahlandırılaraq həbs edilmiş 2006-cı ilin avqustunda isə azadlığa buraxılmışdı.

 

Həftənin "proqnozu"

"Microsoft"un qurucusu Bill Qeyts 2021-ci il üçün qiymətləndirmə aparıb. Qeyts "təsirli peyvəndlər, koronavirus testləri və iqlim dəyişikliyi ilə mübarizə"nin 2021-ci ilin daha yaxşı bir il olması üçün əhəmiyyətli olduğunu bilidirib.

Belə ki, "Microsoft"un qurucusu 2020-ci ili dünyaya çox şey öyrətdiyini söyləyib: "2020-ci ildə qarşılaşdığımız çətinliklər, daha parlaq bir qlobal gələcəyi dəstəkləyəcək yenilikləri və iş birliklərini ortaya qoydu", - deyə ifadə edib. Həmçinin də o, peyvəndlər barəsində, "Həm "Pfizer-Biontech", həm də "Moderna" peyvəndlərinin təhlükəsiz və simptomatik Covid-19-un qarşısını almaqda çox təsirli olduğu təsbit edilib" şərhini də qeyd edib. 

Oxunma sayı 397