Həftənin “Səhiyyə Nazirliyinə namizədi” - Həftə-reytinq

20:14 08.05.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Musavat.TV-nin canlı yayımının qonağı olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ADP sədri Sərdar Cəlaloğluna səhiyyə naziri postu həvalə olunmasını təklif etdi.  

Partiya sədri hesab edir ki, əgər hakimiyyət müxalifətlə əməkdaşlıq etmək istəyirsə, kadrlarından da yararlanmalıdır. Onun fikrincə, S.Cəlaloğlu işinin öhdəsindən gələ bilər. Amma ADP sədri mediaya açıqlamasında H.Hacıyevlə razılaşmayıb.  S.Cəlaloğlu bildirib ki, onun tibb sahəsində bacarığı və təcrübəsi yoxdur. Partiya sədrinin sözlərinə görə, xarakterindən irəli gələrək təsərrüfat idarəçiliyi ilə bağlı işləyə bilməz: “Əgər mənə siyasi bir iş təklifi olsa, əlbəttə, gedərəm. Mən hesab edirəm ki, iqtidar-müxalifət əməkdaşlığı vəzifə bölgüsü ilə bağlı olmamalıdır...”

 

Həftənin “deputat çıxışı”

Milli Məclisin cümə günü keçirilən iclasında Şuşadan olan  deputat Əsra Məmmədli sakini olduğu bölgənin ermənilər tərəfindən işğal edilməsi haqda çıxış etdi. O, ata-anasının Şuşa ilə bağlı xatirələrini danışıb. Ə.Məmmədlinin təsirli çıxışı deputatları kovrəldib. Deputatlar Ə.Məmmədlini ayaq üstə alqışlayıblar.

İclasda Şuşanın müdafiəsi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Həftənin “mərsiyyəçisi”

Milli Məclisin sonuncu plenar iclasında deputat Razi Nurullayev bələdiyyələrin fəaliyyətini sərt tənqid etdi, vitse-spker Fəzail İbrahimli isə  onun çıxışını mərsiyyəçiliyə bənzətdi. “1999-cu və 2009-cü illərdə bələdiyyə seçilənlər torpaq qalmayıb, hamısını satılıblar”, - deyən deputat bildirib ki, bu müddət ərzində bələdiyyələrin fəaliyyəti yoxlanmalı və ciddi həbslər olmalıdır. “Bələdiyyələrin nə səlahiyyəti var ki, başıqapazlı qurumdur. Bələdiyyə sədrləri icra başçıları ilə razılaşmaya gedir, onların əlaltısına çevrilir. Bələdiyyələr elan edir ki, bu işləri daxili vəsait hesabına edirik. Daxili vəsait nə deməkdir? Məsələn, Milli Məclisin daxili vəsaiti varmı? Yox! Bu rüşvətdir”-R.Nurullayev bildirdi.

Vitse-spiker, parlament İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deputatın fikirlərinə münasibət bildirdi. “Biz kifayət qədər bələdiyyələrlə bağlı olan qüsur və nöqsanları daim gündəmə gətirmişik. Onların aradan qaldırılması üçün təkliflər vermişik. Bu sahədə müəyyən addımlar atılıb”.

Vitse-spiker deputat Razi Nurullayevi danışarkən diqqətli olmağa çağırıb: “Sizin bu qısa müddətdə çıxışlarınıza qulaq asanda adı sizin adınıza oxşayan bir mərsiyəçi var o yadıma düşür. Sizin adınız Razi, onun adı isə Racidir. Siz hər dəfə danışanda onun mərsiyələri yada düşür. Fikirlərinizdə diqqətli olun!”

 

Həftənin “çoxuşaqlı milyarderi”

Amerikalı iş adamı, "Tesla və SpaceX"in rəhbəri İlon Mask altıncı dəfə ata oldu. Bu barədə "Business Insider" sahibkarın Tvitter səhifəsinə istinadla məlumat verib. Tanınmış sahibkar ana və körpənin yaxşı olduğunu qeyd edib. Nəşrin məlumatına görə, uşağın anası Qrayms təxəllüsü ilə tanınan kanadalı müğənni Kler Buşedir. Bu, onun ilk övladıdır. Maskın isə keçmiş həyat yoldaşlarından beş övladı var. Cütlük 2018-ci ilin yazından bəri birlikdədir.

 

Həftənin “əsəbisi”

“SSRİ-ni II Dünya müharibəsinə hazırlıqda ittiham etmək sayıqlamadır”.

Bunu “Rossiya-1” telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin dedi.

“Kim kimə 1941-ci ilin 22 iyununda ilk olaraq hücum edib? Biz Almaniyaya, yoxsa Almaniya bizə? Bu nə sayıqlamadır?!” – deyə o, əsəbi halda bildirib.

 

Həftənin “yuxusuzu”

ABŞ prezidenti Donald Trampın koronavirusla bağlı olaraq yuxusu qaçdı. Bu barədə o, “ABC News” kanalına verdiyi müsahibədə bəyan edib. “Gecələr gözümə yuxu getmir, çünki həmişə virusa görə dünyalarını dəyişən insanları fikirləşirəm”, - deyə o söyləyib. Bundan başqa, Ağ Ev rəhbəri pandemiya dövründə yaxınlarını itirən amerikalılara müraciət edərək onları sevdiyini söyləyib. ABŞ prezidentinin fikrincə, ölkənin qarşısında hazırda amansız düşmən dayanıb və onlar həmin bəlaya qalib gəlməlidirlər.

Qeyd olunur ki, ABŞ-da COVİD-19 virusuna yaxalananların sayı, artıq 1,2 milyonu keçib. Ölkə həmin problem üzrə bütün neqativ göstəricilərə görə dünyada birinci yeri tutur.

 

Həftənin “Putin mükafatçısı”

Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısı Kim Çen In Böyük Vətən Müharibəsi illərində KXDR-də həlak olmuş və dəfn edilmiş sovet vətəndaşlarının xatirəsinin əbədiləşdirilməsinə verdiyi töhfəyə görə “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” medalı ilə mükafatlandırıldı. Bu barədə Rusiyanın Koreya Xalq Demokratik Respublikasındakı Səfirliyi özünün “facebook”dakı səhifəsində bildirib. "Rusiya Federasiyası Prezidentinin fərmanına uyğun olaraq Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In Koreya Xalq Demokratik Respublikası ərazisində həlak olmuş və dəfn edilmiş sovet döyüşçülərinin xatirəsinin əbədiləşdirilməsinə şəxsi töhfə və memoriallara qayğı ilə bağlı “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illik yubiley medalı ilə mükafatlandırılmışdır", - xəbərdə deyilir.

Oxunma sayı 538