Həftənin “Xalq artisti villası” - Həftə-reytinq

20:56 22.05.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Xəzər TV”nin "Evdəkilərə salam" verilişi bu dəfə Xalq artisti Aygün Səmədzadənin bağ evinə qonaq oldu. Xalq artistinin bağ evi görənləri heyran edir.  Geniş bağ evi aparıcının, həmçinin tamaşaçıların diqqətini çəkib.  Qeyd edək ki, bəstəkar, musiqişünas Aygün Səmədzadə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, NƏFƏS Sənət mərkəzinin direktorudur. 2019-cu ildə Azərbaycan bəstəkarların;n Vətən haqqında mahnılarının "Azərbaycan 100 mahnıda" klavirinin ideya müəllifi və layihə rəhbəridir.

2011-ci il sentyabr ayının 15-də Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, 2018-ci ilin 27 mayında isə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.

 

Həftənin “koronaviruslu respublika rəhbəri”

Çeçenistan prezidenti Ramzan Kadırov koronavirusa yoluxdu. Prezidenti təcili Moskvaya gətiriblər. Qeyd edilib ki, Kadırovda koronavirus şübhəsi yaranıb və o, həkimlərin nəzarətindədir. Tibbi dairələrdən verilən məlumatlara görə, Ramzan Kadırovda artıq ağciyərlərin zədələnməsi müşahidə olunur. 

 

Həftənin “paqonlu Xalq artisti”

Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva Daxili İşlər Nazirliyinin  Daxili Qoşunların Nümunəvi göstərici hərbi orkestrinin rəis müavini - mahnı ansamblının rəisi təyin edildi. Bu barədə mediaya sənətçinin özü açıqlama verib. F.Hacıyeva sənətinə verilən qiymətə görə, minnətdarlığını belə bildirib:

“Bu təyinata görə Daxili Qoşunların rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Sənət insanlarına verilən qiymət bizim üçün olduqca önəmli və dəyərlidir”.

 

Həftənin “sərt qanunpərəsti”

Milli Məclisin plenar iclasında çıxış edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov xalqa qarşı həqarət edənlərin sərt şəkildə cəzalandırılmasını təklif etdi.

“Milli sözünü də biabır edən Milli Şura adlı dərnəyin toplantısında Azərbaycan xalqına qarşı aşağılayıcı fikirlər səsləndirilib”-deyə, S.Novruzov bildirdi. Komitə sədri təklif etdi ki, Azərbaycan xalqına qarşı aşağılayıcı fikirlər cinayət məsuliyyəti yaratmalıdrı.

“Biz xalqın aşağılanmasına imkan verə bilmərik. Hesab edirəm ki, qanunları sərtləşdirməliyik. Onlar özləri bir-birini ifşa etdi. Biri deyir ki, hansısa türk serialının yayımlandığı saatda bu müzakirələr aparmayaq. Yəni Əli Kərimlinin sərsəmləməsinə qulaq asmaq üçün başqa bir vaxt təklif edirlər. Deməli, bir türk serialı Əli Kərimlinin sərsəmləməsindən on qat əhəmiyyətlidir. Biz qanunlarımızı sərtləşdirməliyik. Bu milləti qorumaq hər birimizin borcudur...”

 

Həftənin “iqtisadçı əməkdar artisti”

Əməkdar artist Nüşabə Ələsgərli “XəzərTV”nin “Ona qalsa” verilişində karantin dövründə toyların olmadığı şəraitdə dolanışıq yollarından danışdı:

"Alın tərimizlə gedib toylarda oxuyub, pul qazanmışıq. İnsan gərək ehtiyatını görüb, 3-5 manat kənara qoysun. Əgər əlavə pulun varsa, əl tutmaq gözəl şeydir. Bir də çalışın imkan daxilində onu göstərməyin. Göstərəndə də tendesiya kimi edin ki, camaat da qoşulsun. Heç kəsin artıq pulu yoxdur. Çünki pul artıq olmur. Müəllimə kimi işləyirəm, maaş alıram.

Deyirlər, yayda toy olmayacaq. Bundan sonra müğənnilik etməsəm də hamı necə mən də elə. Bunu əvvəldən düşünmək lazım idi. Mənim axırım necə olacaq: sabah qocalacam, işləməyəcəm, səsim batdı, qəzaya düşdüm, başıma nəsə gəldi. Ona görə də bu günlə yaşamaq lazım deyil. Sabahı düşünüb, nəsə etməlisən".

 

Həftənin “oğru dayı-bacıoğlusu”

Binəqədi rayonu Biləcəri qəsəbəsində paytaxt sakini İsmayıl İsmayılzadəyə məxsus “VAZ 2107” markalı avtomobil naməlum şəxs tərəfindən qaçırıldı. Zərərçəkən ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət edərək nəqliyyat vasitəsinin oğurlandığını bildirib. Bölmə əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinin əvvəllər məhkum olunmuş Sahib Əliyev və onun bacısı oğlu Nicat Musayev tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı müəyyən edilib ki, S.Əliyev avtomobili qaçırandan sonra yaşadığı Abşeron rayonu Məhəmmədi qəsəbəsində sökərək hissələrə ayırıb. Daha sonra o, həmin ehtiyat hissələrinin bəzilərini qohumu N.Musayevin tapdığı müştərilərə satıb. Qaçırılan nəqliyyat vasitəsinin qalan hissələri polislər tərəfindən S.Əliyevin yaşadığı evin həyətindən aşkar olunaraq götürülüb.

Faktla bağlı 6-cı Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Bonəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

 

Həftənin “azərbaycanlı karate hakimi”

Karate üzrə azərbaycanlı beynəlxalq dərəcəli hakim Cahangir Babayev Avropa Hakimlər Komissiyasına üzv seçildi. Bu barədə  Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov məlumat verib. O, qeyd edib ki, federasiyanın Hakimlər Komitəsinin sədri, Əməkdar məşqçi C.Babayevin Avropa qitəsinin 55 ölkəsindən 10 nəfərin yer aldığı komissiyaya üzv seçilməsi əlamətdar hadisədir. İlk dəfədir ki, Azərbaycan nümayəndəsi komissiyada təmsil olunur. Bu, həmçinin olimpiya oyunlarında azərbaycanlı hakimin iştirakı üçün geniş imkanlar yaradacaq.

Oxunma sayı 3894